30 İyul 2026 08:42
246
SİYASƏT
A- A+
Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir


Aralıq dənizi ilə Atlantik okeanının qovuşduğu strateji coğrafiyada yerləşən Mərakeş minilliklər boyunca müxtəlif sivilizasiyaların kəsişmə nöqtəsi olmuş zəngin bir mədəniyyət beşiyidir. Uzun əsrlər barbar kökləri üzərində formalaşan, daha sonra ərəb, Əndəlüs və Afrika təsirləri ilə cilalanan bu diyar yalnız özünəməxsus memarlığı, qədim medinaları - qədim tarixi şəhər mərkəzləri və təkrarolunmaz folkoru ilə deyil, həm də kontraslarla dolu təbiəti ilə insanı valeh edir. 

Atlas dağlarının əzəmətli zirvələrindən səhranın sonsuz qum təpələrinə qədər uzanan bu coğrafiyanın ən füsunkar incisi isə onun zümrüd rəngli sahil sularıdır. Okeanın çılğın dalğaları ilə dənizin sakit, mülayim ab-havasının qovuşduğu min kilometrlərlə uzanıb gedən sahil xətti həm zəngin dəniz ekosisteminə, həm də təbiətin min bir çalarında parıldayan əsrarəngiz çimərliklər və qayalıqlarla göz oxşayır. Bu sahillər əsrlərdir ki, dənizçilərin, səyyahların və tədqiqatçıların ilham mənbəyinə çevrilmişdir.

Bu gün müasir Mərakeş iqtisadi tərəqqi və dinc yanaşı yaşamaq yolunda qətiyyətlə irəliləyir. Tale bu xalqın üzünə gülmüş və ona strateji bir məkan bəxş etmişdir. Mərakeş Krallığının xarici siyasəti həm geostrateji mövqeyi (Afrika, ərəb dünyası və Avropanın kəsişməsində yerləşməsi), həm də milli təhlükəsizlik prioritetləri ilə formalaşan çoxşaxəli və praqmatik bir xəttə malikdir. Kral VI Məhəmmədin hakimiyyəti dövründə Mərakeş özünün xarici siyasət kursunda daha fəal, müstəqil və şaxələndirilmiş diplomatik strategiyaya keçid etmişdir.  

Xüsusi vurğulamaq lazımdır ki, ərazi bütövlüyü və Qərbi Səhra məsələsi Mərakeş xarici siyasət xəttinin mütləq və dəyişməz prioritetidir. Təsadüfi deyil ki, Krallığın bütün xarici əlaqələri bu məsələyə münasibət prizmasından qiymətləndirilir. Rəsmi Rabat 2007-ci ildən bəri Qərbi Səhra münaqişəsinin həlli üçün Mərakeş suverenliyi çərçivəsində geniş muxtariyyət təklif edir. ABŞ (2020-ci ildə), İspaniya, Fransa, İsrail və bir çox ərəb-Afrika dövləti Mərakeşin Qərbi Səhra üzərindəki suverenliyini və ya onun muxtariyyət planını rəsmən dəstəkləyib. 

Mərakeş son illərdə xarici siyasətinin ağırlıq mərkəzini Böyük Səhradan cənubdakı ölkələrə tərəf yönəldib. "Cənub-Cənub əməkdaşlığı" konsepsiyası çərçivəsində Mərakeş bankları, telekommunikasiya və gübrə şirkətləri Afrika qitəsinin aparıcı investorlarına çevrilib. Mərakeş-Nigeriya Trans-Afrika Qaz Kəməri layihəsi regionun enerji xəritəsini dəyişdirməyə yönəlmiş ən iddialı geoiqtisadi təşəbbüslərdən birinə çevrilib. 

Mərakeş Avropa İttifaqı üçün Şimali Afrikada ən mühüm tərəfdaşdır. O, həm də ABŞ-nin NATO-dan kənar əsas müttəfiqlərindən biridir. 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə Mərakeş İsrail ilə diplomatik əlaqələrini bərpa edib. Bunun qarşılığında ABŞ Mərakeşin Qərbi Səhra üzərindəki suverenliyini tanıyıb. Hazırda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər kimi ərəb monarxiyaları ilə ənənəvi olaraq çox yaxın siyasi, maliyyə və təhlükəsizlik əlaqələri saxlanılır. Mərakeş Braziliya, Hindistan və digər inkişaf etməkdə olan ölkələrlə ticarətin həcmini davamlı olaraq artırır. Çinin "Bir Kəmər, bir yol" təşəbbüsünə inteqrasiya olunaraq investisiyalar cəlb edir. Həmçinin Rusiya ilə kənd təsərrüfatı və balıqçılıq sahələrində ticarət əlaqələrini inkişaf etdirir.  

Mərakeş iqtisadiyyatının 2025-2026-cı illərdə infrastrukturun inkişafı, rekord səviyyəli turizm və bərpaolunan kənd təsərrüfatı sektoru tərəfindən dəstəklənərək illik 4,6 faiz ilə 5,0 faiz arasında sabit şəkildə böyüməsi proqnozlaşdırılır. Ölkənin mədəni və tarixi irsi, Atlantik və Aralıq dənizi sahilləri və Böyük Səhraya yaxınlığı iqlim və ekskursiya turizmini əsas gəlir mənbələrindən birinə çevirir. 2026-cı ilin yanvar-iyun aylarında Mərakeşə 9,4 milyon turist gəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artım deməkdir.

Ölkədə aqrar sahədə bir sıra irəliləyişlər müşahidə olunur. 2026-cı ildə yağan qış yağışları əvvəlki illərin quraq dövrlərindən sonra məhsuldarlığın bərpa olunmasını təmin edib. Bəzi kənd təsərrüfatı məhsullarında artım qeydə alınıb. Hazırda xarici ticarətin şaxələndirilməsi, o cümlədən dövlətin aqrar-sənaye sektorundakı mövqeyinin möhkəmləndirilməsi davam edir. Sahil düzənliklərinin münbit torpaqları sitrus meyvələri, zeytun və dənli bitkilərin becərilməsinə imkan verir. 

2026-cı ildə Mərakeşin rəsmi qızıl ehtiyatı təxminən 22,1 ton olmuşdur. Bu göstərici ilə Mərakeş qızıl ehtiyatlarının həcminə görə dünyada 67-ci sıradadır. Cari ilin ortalarına olan rəsmi məlumata görə, Mərakeşin valyuta ehtiyatları 48-54,6 milyard dollar civarında qeydə alınaraq tarixi zirvəyə çatmışdır.

Mərakeş fosfat ehtiyatlarına görə dünyada (70 faizdən çox)  lider ölkədir və gübrə istehsalı üçün fəal şəkildə ixrac olunur. Ölkə ərazisi yeraltı sərvətlərlə, həmçinin əlvan və nadir metallarla (kobalt, manqan, mis, sink və qurğuşun) zəngindir. Mərakeşin aparıcı sənaye sahəsi dağ-mədən sənayesidir. 

Mərakeş Krallığı Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. 1992-ci il avqustun 28-də iki ölkə arasında diplomatik əlaqələr qurulub. O dövrdən başlayaraq davamlı surətdə inkişaf edən siyasi münasibətlər 2025-2026-cı illərdə keyfiyyətcə yeni, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. İki ölkə arasında əlaqələr 2024-cü ildən başlanan vizasız rejim, hərbi sazişlər və qarşılıqlı yüksəksəviyyəli səfərlər fonunda ciddi dinamika qazanıb.  

Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin qurulduğu dövrdən etibarən siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə əməkdaşlığı tənzimləyən 100-dən çox sənəd imzalanmışdır. Bu sənədlər sırasına ikiqat vergitutmanın aradan qaldırılması, təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə, dəmir yolları və dənizçilik sahəsində əməkdaşlıq, eləcə də ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişlər daxildir. 

Siyasi dialoq iki ölkənin dövlət başçılarının qarşılıqlı hörmətə və bir-birinin suverenliyi ilə ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyə əsaslanır. İkitərəfli əlaqələr xüsusilə siyasi sahədə uğurla inkişaf edir. Bu əlaqələr Azərbaycan Prezidenti İlham Əliyevin və Mərakeş Kralı VI Məhəmmədin əməkdaşlığa dair aydın strateji baxışlarına, qarşılıqlı hörmətə, etimada və bir-birinin suverenliyinə və ərazi bütövlüyünə prinsipial dəstəyə əsaslanır. 

2025-ci ilin mayında şahzadə Ləlla Həsnənin Bakıya səfəri mühüm hadisə oldu, bu səfər zamanı mədəni və təhsil əməkdaşlığı məsələləri müzakirə edildi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüş keçirildi. Tərəflər həmçinin beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində parlamentlərarası dialoqu fəal şəkildə davam etdirirlər. 

2025-ci il yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan və Mərakeş arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında sazişi təsdiqlədi. Bu saziş iki ölkənin hökuməti arasında 2024-cü il oktyabrın 30-da imzalanıb və müdafiə sahəsində əlaqələrin gücləndirilməsi üçün təməl yaradıb. 

İki ölkənin parlamentləri arasında əlaqələr yüksək səviyyədə inkişaf mərhələsinə qədəm qoyub. 2026-cı il iyunun 22-də Milli Məclisin Sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Nümayəndələr Palatası Sədrinin müavini Mohamed Qayat ilə görüşüb. Hazırda hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qrupları münasibətlərin inkişafında körpü rolunu oynayır. Cari ildə iki ölkə parlamentləri arasında imzalanmış Anlaşma Memorandumu da əlaqələri daha da dərinləşdirmək üçün əlverişli imkanlar yaradır. 

Bu il yanvarın 28-də Bakıda Azərbaycan və Mərakeş xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, turizm, təhsil, idman və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və gələcək əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. 

İkitərəfli iqtisadi gündəliyin əsas idarəedici qurumu Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasıdır. İqtisadi əməkdaşlığın ən perspektivli istiqamətləri energetika (ənənəvi və bərpaolunan enerji daxil olmaqla), ticarət və investisiyalar, nəqliyyat və logistika, həmçinin kənd təsərrüfatı, turizm və mədəni-humanitar sahələrdir. Komissiyanın qərarlarına uyğun olaraq, son illər ərzində neft-kimya sənayesi məhsullarının ticarəti və bərpaolunan enerji texnologiyaları sahəsində əməkdaşlıq fəaliyyətləri davam etdirilir.

Azərbaycan Mərakeşi Şimali və Qərbi Afrikaya çıxış üçün mühüm tərəfdaş hesab edir. Mərakeş isə Azərbaycanı Xəzər və Mərkəzi Asiya regionuna giriş qapısı kimi dəyərləndirir. Son zamanlar nəqliyyat və logistika sahəsində Birgə Komissiya çərçivəsində müvafiq sənədlər imzalanıb. Azərbaycan Orta dəhlizi (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) fəal inkişaf etdirir, bu xətt üzrə daşımaların həcmi hər il artır. Mərakeşin müasir limanları (ilk növbədə Tancar-Med) ilə qlobal logistika zəncirlərində mühüm halqa ola bilər, burada Azərbaycan Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır.

AZPROMO və Mərakeşin AMDIE Agentliyi, eləcə də KOBİA arasında qurulan əlaqələr iki ölkənin kiçik və orta sahibkarları arasında birbaşa ticarət əməliyyatlarını asanlaşdırır. İki ölkə arasında ticarət və biznes missiyalarının gediş-gəlişini sürətləndirən qarşılıqlı viza azadlığı müqaviləsi ticari əlaqələrin şaxələndirilməsinə birbaşa təkan verib. 2026-cı ilin əvvəlindən iki ölkə "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" yeni saziş layihəsi üzərində işləri intensivləşdirib. Ticari əməliyyatları asanlaşdırmaq üçün ikiqat vergitutmanın aradan qaldırılmasına dair konvensiyanın tətbiqi mexanizmləri gücləndirilib. 

Azərbaycan və Mərakeş arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq institusional tərəfdaşlıq və təcrübə mübadiləsi səviyyəsindədir. Hər iki ölkə bərpaolunan enerji keçidi üzrə öz regionlarının liderləri hesab olunur və bu istiqamətdə hüquqi baza formalaşdırılıb. Hazırda tərəflər arasında Azərbaycan Respublikası Energetika Nazirliyi vasitəsilə energetika sahəsində rəsmi saziş fəaliyyət göstərir. Bu sənəd bərpaolunan enerji sahəsində layihələrin icrası üçün hüquqi zəmin yaradır. 

2024-cü il avqustun 28-dən etibarən adi pasport sahibləri üçün tətbiq edilən 90 günlük vizasız rejim iki ölkə arasında turizm və biznes gediş-gəlişini kəskin şəkildə artırıb. Bu vaxtdan etibarən azərbaycanlıların Mərakeşə turist axınında 90 faizdən çox artım qeydə alınıb.  2025-ci ilin fevral ayından etibarən Mərakeş Milli Turizm Ofisi və Türk Hava Yollarının dəstəyi ilə Azərbaycanın aparıcı turagentlikləri vasitəsilə Mərakeşə turlar və tanıtım səfərləri əhəmiyyətli dərəcədə intensivləşib. 2025-2026-cı illərdə turizm şirkətlərinin marağı artmış, 40-dan çox Mərakeş turizm qurumu Azərbaycana turpaketlər təqdim etməyə başlamışdır. Vizasız rejim 2025-2026-cı illərdə qarşılıqlı turist axınının yüksəlməsinə təkan verib. Azərbaycan zəngin mədəni və təbii irsi, müasir kurortları (o cümlədən xizək və Xəzər kurortları), müalicə turizmi imkanları ilə tanış olmağı təklif edir. Mərakeş isə tarixi şəhərləri, Atlantik və Aralıq dənizi çimərlikləri, səhra macəraları və yüksək xidmət səviyyəsi ilə məşhurdur.

Sonda qeyd edək ki, Avrasiya iqtisadi əlaqələrində körpü rolu oynayan Azərbaycan böyük gələcəyə malik Afrika qitəsinə ciddi maraq göstərir. Bu sahədə Afrikada körpü rolunu oynayan, nüfuz və söz sahiblərindən biri olan dost Mərakeşlə əməkdaşlığın şaxələndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd turizmi - əlçatan, rahat və səmərəli istirahət

10:27
30 İyul

Qələmi ilə millətə xidmət edən ziyalı

10:20
30 İyul

Tovuz fareli

10:13
30 İyul

Ənənə davam edir

10:06
30 İyul

İndiyədək Şəmkirdə 35,5 min tondan çox kartof yığılıb

09:59
30 İyul

Lənkəranda beynəlxalq təcrübəyə əsaslanan təlim proqramına başlanılıb

09:52
30 İyul

Naxçıvanda fiber-optik şəbəkə qurulur

09:45
30 İyul

Vətəni qorumaq şərəfli peşədir

09:38
30 İyul

6 ayda ölkə üzrə 25,4 milyard kubmetr qaz hasil edilib

09:31
30 İyul

Müstəqil Azərbaycan dördüncü, amma bərpa olunmuş suveren ərazisində birinci siyahıyaalmaya hazırlaşır

09:24
30 İyul

Memarların şeyxi - Əcəmi Naxçıvani

09:17
30 İyul

Zəngin irsdən texnoloji gələcəyə

09:10
30 İyul

Qlobal güc balansını artıq texnologiya müəyyən edir

09:03
30 İyul

"Xeyriyyəçi" maskası altında törədilən transmilli cinayətlər

08:56
30 İyul

Ermənilərin çirkli kapitalı ilə muzdlu lobbiçilik fəaliyyəti davam edir

08:49
30 İyul

Mərakeş-Azərbaycan tərəfdaşlığı Afrika ölkələri üçün nümunədir

08:42
30 İyul

"Əvvəllər qəbul olunan inkişaf planlarına yeni geosiyasi reallıqlar nəzərə alınmaqla düzəlişlər edilir"

08:35
30 İyul

Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

08:28
30 İyul

"GabalaFest" çərçivəsində ilk beynəlxalq incəsənət sərgisi açılıb

08:21
30 İyul

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

08:14
30 İyul

Qlobal siyasi nizamda etibarlı tərəfdaşlıq modeli

08:07
30 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!