Yayın qızmar günlərində dağ kəndlərinə istirahətə gedənlər son illər daha da çoxalıb. Çünki indi kəndlərimiz o kəndlər deyil. Rahat yollar, istirahət etməli güşələr adama "gəl, gəl" deyir.
Əslində bu gün adına kənd turizmi dediyimiz bu istirahət Azərbaycanda hər zaman mövcud olub. Kənd turizmi saf təbiətə, qədim tarixə, fəal istirahətə açılan qapıdır. Hələ sovet dövründən əvvəl də şəhər sakinləri yay aylarında dağlara - yaylaqlara qalxar, kimi qohum-əqrəba yanında qonaq qismində, kimi kənd evlərini kirayə edərək yayı yola verərdilər. Hətta alaçıq qurub iki-üç günlüyə dincələnlər də olurdu. Çox vaxt aran bölgəsindən olan bəzi iri təsərrüfat sahibləri mal-qarasını da özüylə yaylağa qaldırardı.
Ölkəmiz ötən əsrin 90-cı illərində öz tarixi müstəqilliyinə nail olduqdan sonra, xüsusilə 2000-ci illərdən başlayaraq dağ və dağətəyi rayonlarda, suyu və havası əlverişli kənd yerlərində istirahət edənlərin sayı ilbəil artmağa başladı. Hazırda Nabran və ətraf qəsəbələrdə, Gədəbəy, Daşkəsən, Göygöl, İsmayıllı, Qəbələ, Lənkəran, Masallı, Astara, Quba, Xaçmaz, Qax, Balakən, Qusar və digər rayonların kəndlərində yerli sakinlər evlərindəki otaqları və həyətyanı sahələrdəki köhnə tikililəri əsaslı təmir edərək turistlərə kirayə verirlər. Kənd turizmi aran rayonları istisna olmaqla, ölkəmizin demək olar ki, bütün bölgələrində geniş yayılıb. Bu sahəyə qoşulan kənd sakinlərinin sayı ilbəil artır. Artıq yay fəslində bu yerlərdə boş ev tapmaq müşkül məsələdir.
Belə baxanda bu "artım" həm də bölgələrin inkişafına töhfə verir. Zəngin təbiəti, qədim tarixi və mədəni irsi ilə kənd turizminin dünyada olduğu kimi, ölkəmizdə də geniş potensialı var. Təbiətə yaxınlıq, tarixi və mədəni zənginlik, eləcə də səmimi evsahibliyi turistlərə həm dincəlmək, həm öyrənmək, həm də unudulmaz təəssüratlar qazanmaq imkanı verir. Hər rayonun özünəməxsus üstünlükləri kənd turizmini daha cəlbedici edir. Məsələn, Kiçik Qafqaz dağının döşündə, Gəncədən cəmi 23 kilometrlik məsafədə yerləşən Hacıkənd gəncəlilər və ətraf rayonların əhalisi üçün əlverişli istirahət yeridir. Yayın bu qızmar günlərində orada bir dənə də olsun boş ev tapmaq mümkün olmur.
Eləcə də Gədəbəy rayonu. Bu rayon və onun kəndləri, buz bulaqlı meşələri Qərb bölgəsinin, ən çox da Şəmkir, Samux, Tovuz, Ağstafa rayonlarının camaatının üz tutduqları istirahət məkanlarındandır. Bir məqamı da qeyd edək ki, son illər Gədəbəy şəhəri, eləcə də onun qəsəbə və kəndlərinin yolları xeyli abadlaşıb. Əsaslı təmir edilən və asfalt döşənən yollar, yolayrıclarını istiqamətləndirən xətlər, gedəcəyin kəndə "bələdçilik edən" göstəricilər, ərafındakı yaşıllıqlar rahatlıq yaradır.
Gədəbəy təkcə yaşıllıq və əsrarəngiz təbiəti ilə deyil, qədim tarixi abidələri ilə də diqqətçəkəndir. Şənbə-bazar günləri buraya Şəmkirdən, Samuxdan Tovuzdan, lap elə Gəncənin özündən, hətta Goranboydan və Yevlaxdan birgünlüyə də olsa gəlib havasını dəyişmək, can yorğunluğunu Gədəbəy meşələrində qoyub-getmək istəyənlər çoxluq təşkil edirlər. Bir maraqlı məqam da var. Gədəbəydə istirahət mərkəzlərində və kəndlərdə istirahət edənlərin ən çox "əlindən tutan" odur ki, əziyyət çəkib dükana-bazara getmirlər. Təzə bal, qaymaq, xama, qatıq, süd, quzu əti, çolpa, kənd yumurtası, göy-göyərti, meyvə və digər ərzaq məhsulları qapının ağzında alıcısını gözləyir. Kənd camaatı həyətyanı sahəsində yetişdirdiyi məhsulları harasa dükan-bazara aparmır. Ucuz və sərfəli qiymətə istirahətə gələnlərə satıb ailə qayğıları və təsərrüfatı ilə məşğul olurlar. Bu, həm alıcı-turist, həm də satıcı-kəndli üçün çox sərfəlidir.
Burada çay qırağında alaçıq qurub istirahət edənlərin, çör-çöp yığıb samovar tüstülədənlərin, bulaq başında süfrə açanların istirahətləri bir yana, yayın bu qızmar çağında ələdüşməz dağ havası və mənzərəsi xüsusən də azyaşlılar üçün ən maraqlı, ən yaddaqalan xatirələrdəndir.
Son iki-üç ildir ki, Qarabağ və Şərqi Zəngəzur kənd turizmi üçün ən əlverişli məkanlardan birinə çevrilib. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur təkcə tarixi və siyasi əhəmiyyətinə görə yox, həm də turizm potensialına görə diqqət çəkir. Füzuli rayonunda yerləşən kurqanlar, Azıx mağarası və digər arxeoloji abidələr təkcə Azərbaycan deyil, dünya miqyasında nadir tarixi irs nümunələridir. Azıx mağarası, dünyanın ən qədim insan yaşayış məkanlarından biri hesab edilir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində 350-400 min il əvvələ aid insan qalıqları aşkarlanıb. Bölgədə arxeoparkların yaradılması, tədqiqatların davam etdirilməsi və turizm marşrutlarının açılması Qarabağın daş dövrü irsinin geniş tanıdılmasına xidmət edəcək.
Xocavənd rayonunun Tuğ kəndi, tarixi memarlığı, təbiəti və şərabçılıq ənənələri ilə kənd turizmi üçün ideal məkandır. Tuğda aqroturizm, ekoturizm və mədəni turizmin paralel inkişafı mümkündür. Burada keçmiş şərab istehsalı ənənələrinin bərpası, festivalların təşkili və tarixi memarlığın qorunması kimi layihələr həyata keçirilə bilər. Şuşa şəhəri və ətraf ərazilər, xüsusilə Turşsu və Dəmirsu kimi müalicəvi suların olduğu bölgələr sanatoriya və sağlamlıq turizminin yenidən inkişafı üçün əlverişli şərait yaradır. Bu mineral sular vaxtilə mədə-bağırsaq və revmatik xəstəliklərin müalicəsində təsirli olub, sovet dövründə minlərlə insanın müalicə aldığı yerlər idi. İndi onlar əvvəlki kimi xalqa xidmət edəcək.
Suqovuşan, Hadrut, Talış, Kəlbəcər və Laçın kimi ərazilərdə kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu bölgələrdə həm dağ, həm meşə, həm də düzənlik relyeflərinin bir araya gəlməsi təbiətlə təmas istəyən turistlər üçün ideal şərait yaradır. Şuşaya çəkilən yeni dəmir yolu və nəqliyyat infrastrukturunun yenilənməsi isə turizm axınını daha da artıracaq.
Hazırda bu rayonlarda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Tarixi, mədəni və dini abidələrin bərpası ilə yanaşı, kənd təsərrüfatı sahələrinin canlandırılması da kənd turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Bölgəyə həm yerli, həm də xarici turistlərin marağını artırmaq üçün kompleks turizm infrastrukturları yaradılır.
Turizm üzrə ekspertlərdən aldığımız açıqlamalardan məlum olur ki, kənd turizmini özündə ehtiva edən kəndlər "Turistik kənd" konsepsiyasına uyğun olaraq gələcəkdə daxili və xarici turistlər üçün yeni marşrutların əsas hissəsinə çevriləcək. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. Məsələn, Astaranın Sım kəndində turizm potensialı qiymətləndirilib və kənd regionu turizm marşrutuna daxil edilib. Son iki ildə yalnız bu kəndə hər ay təxminən 2 min turistin gəlməsi infrastrukturu inkişaf etdirməyin nə qədər vacib olduğunu göstərir. Bu cür layihələrin icrası nəticəsində kəndlərdə yeni iş yerləri açılır və əhalinin kənddən şəhərə axını nisbətən azalır.
Layihəyə daxil olan kəndlərdə həm infrastrukturun təkmilləşdirilməsi, həm də təbii və mədəni irsin qorunması istiqamətində işlər davam edir. Yeni konsepsiya başa çatdıqdan sonra bu kəndlərin hər biri Azərbaycanın turizm xəritəsində fərqli formada təqdim olunacaq.
Görünən odur ki, ölkəmizdə də kənd turizmi təkcə regionların sosial-iqtisadi inkişafı baxımından deyil, həm də ölkənin ümumi turizm strategiyasının bir hissəsi kimi xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı ucqar kəndlərin boşalmasının qarşısını almaq, əhalinin rifahını artırmaq, iş yerləri yaratmaq baxımından xeyli imkanlara malikdir.
Rəhman SALMANLI,
"Azərbaycan"