İşi, əməli, elmi fəaliyyəti ilə adını yaddaşlara yazmağı bacaranların keçdiyi ömür yolu sonradan xoş xatirələrə çevrilir. Belələri haqqında söz düşəndə "gəldi, yaşadı, getdi", - demirlər. "O, bu ömrü əsl insan kimi yaşamağı bacardı", - söyləyirlər.
Həyatını insanların hüququnun qorunmasına, ədalətin bərqərar olmasına həsr ermiş, uzun müddət prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərmiş Xanoğlan Şıxəliyevin ömrü kimi... Xanoğlan Şıxəliyev cəmi 66 il yaşasa da, adını onu tanıyanların, el-obasının, Azərbaycan hüquq ictimaiyyətinin yaddaşına əbədi yazdırmağı bacaran, sağlığında "elin adamı", "Allah adamı", "Vətənin övladı" kimi dəyərləndirilən, bu dünyadan köçdükdən sonra hörmət və rəhmətlə anılan nadir insanlardandır.
Bu günlərdə Xətai rayonunda, Yeni Azərbaycan Partiyasının inzibati binasında mərhum Xanoğlan Şıxəliyevin keçdiyi mənalı ömür yolundan və fəaliyyətindən bəhs edən "Qısa ömrün xatirələri" adlı kitabın təqdimatı keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərhumun yaxın dostu, uzun illər onunla prokurorluq orqanlarında birgə çalışan Zahid Vəliyev Xanoğlan Şıxəliyevin işlədiyi müddətdə dövlətə sədaqətlə xidmət etdiyindən, prinsipiallığından, tutduğu vətəndaş mövqeyindən, yaxşı dost, işini sevən ədalətli prokuror olmasından, digər insani keyfiyyətlərindən danışdı.
Zahid Vəliyev çıxışında mərhumun yaradıcı təfəkkürə malik insan olduğunu da vurğulayaraq qeyd etdi ki, Xanoğlan Şıxəliyevin müəllifi olduğu "Heydər Əliyevin çörəyi" adlı kitab indi də prokurorluq işçilərinin stolüstü kitabıdır.
Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Vüqar İsgəndərov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, din xadimi Hacı Surxay Məmmədli, mərhumun qohumu Hacı Mirmehdizadə, Əməkdar müəllim Nizami Şıxəliyev, mərhumun oğlu Müşfiq Şıxəliyev çıxış edərək, Xanoğlan Şıxəliyevin keçdiyi zəngin həyat yolu haqqında xatirələrini bölüşüb, tədbir iştirakçılarına maraqlı məlumatlar verdilər.
Xatırladaq ki, kitabın müəllifi mərhumun qızı Nuranə Şıxəliyevadır. Oxuculara təqdim olunan "Qısa ömrün xatirələri" kitabında respublikamızda tanınmış, sayılıb seçilən içtimai-siyasi xadimlərin, qələm sahiblərinin Xanoğlan Şıxəliyevin keçdiyi şərəfli və məzmunlu həyat yolu haqqında ürək sözlərini oxuduqca, xalqı, dövləti üçün çalışan sədaqətli bir insanın sevənlərinin qəlbində əbədi yaşadığına əminlik yaranır. Eyni zamanda "əsl dost, ləyaqətli və şərəfli insan necə olmalıdır" sualına asanlıqla cavab tapmaq olur.
Elşən QƏNİYEV,
İlham BABAYEV, (foto)
"Azərbaycan"