Xaricdə təhsil almaq istəyən tələbələr üçün universitet seçimi yalnız qəbul şərtləri və təhsil haqqının müqayisəsi ilə məhdudlaşmır. Universitetin hüquqi statusu və akkreditasiyası, seçilən ixtisas üzrə təhsil proqramı, təhsilalma forması, tədris dili və əldə ediləcək kvalifikasiyanın gələcəkdə tanınması diqqət yetirilməli əsas məsələlərdəndir.
Universitet seçərkən, ilk növbədə, ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə tanınıb-tanınmadığı və müvafiq qaydada akkreditasiya olunub-olunmadığı araşdırılmalıdır. Eyni zamanda, seçilən ixtisas üzrə proqramın statusu, təhsil müddəti, tədris dili və təhsilalma forması barədə məlumatlar universitetin rəsmi mənbələrindən yoxlanılmalıdır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi də xaricdə təhsil almaq istəyən vətəndaşlara universitet və tədris proqramının aid olduğu ölkədə akkreditasiya vəziyyətinə, təhsilalma formasına və digər mühüm tələblərə diqqət yetirməyi tövsiyə edir. Bu baxımdan yalnız universitetin adına və reytinqinə əsaslanaraq qərar vermək düzgün yanaşma hesab edilmir.
Xarici diplomun tanınması niyə vacibdir?
Xaricdə təhsil planlaşdıran tələbələr üçün əsas məsələlərdən biri məzun olduqdan sonra əldə edilən kvalifikasiyanın Azərbaycanda tanınmasıdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir.
Bu səbəbdən tələbələr universitet seçməzdən əvvəl yalnız qəbul imkanlarını deyil, seçdikləri təhsil proqramının gələcəkdə tanınması ilə bağlı tələbləri də araşdırmalıdırlar. Xüsusilə təhsilin hansı formada və hansı şərtlərlə həyata keçirildiyi əvvəlcədən dəqiqləşdirilməlidir.
Universitet və ixtisas seçimi birlikdə qiymətləndirilməlidir
Düzgün universitet seçimi tələbənin akademik göstəriciləri, maraqları və gələcək karyera məqsədləri ilə uyğunlaşdırılmalıdır. Təhsil haqqı, yaşayış xərcləri, proqramın məzmunu, praktiki imkanlar, tədris dili və məzun olduqdan sonra karyera perspektivləri də seçim zamanı nəzərə alınmalıdır.
Beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən “Marmara Group”un mütəxəssisləri də universitet seçimində bu meyarların birlikdə qiymətləndirilməsinin vacibliyini bildirirlər. Şirkətin məlumatına görə, 2011-ci ildən fəaliyyət göstərən “Marmara Group” 10 mindən çox tələbənin xaricdə təhsil prosesinə dəstək göstərib.
Xaricdə təhsil uzunmüddətli akademik və peşəkar qərar olduğundan universitet seçimi yalnız qəbul prosesinin uğurla başa çatdırılması kimi qiymətləndirilməməlidir. Rəsmi mənbələrdən əldə edilən məlumatların müqayisə edilməsi və universitetin hüquqi statusu, akkreditasiyası, ixtisas proqramı və təhsilalma formasının əvvəlcədən araşdırılması tələbəyə daha düzgün seçim etməyə və gələcəkdə yarana biləcək riskləri azaltmağa imkan verir.
Xaricdə təhsil və universitet seçimi ilə bağlı ətraflı məlumat üçün “Marmara Group”un rəsmi saytına müraciət etmək mümkündür.