Xalqımızın əbədiyaşar isimlərindən, Azərbaycan tarixinə adını görkəmli maarif xadimi, müəllim, yazıçı, bir sıra lüğətlərin, dərsliklərin müəllifi kimi yazmış Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1866-cı ilin aprelində Şamaxı şəhərində tacir ailəsində dünyaya göz açıb. Firudin Köçərlinin yazdıqlarına görə tanınmış Şamaxı şairlərindən Ağa Məsih Şirvani Sultanməcidin ulu babası olub. Ədibin bəzi məqalələrini "Məsihzadə" imzası ilə yazması da bu varisliyə dəlalət edir.
Sultan məcidin atası Hacı Murtuzəli tacir idi, Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük maraq göstərib. Kiçik yaşlarından yazıb-oxumağa həvəsi olan Sultanməcidin ilk müəllimi də atası olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub. Bir müddət məhəllə məktəbində təhsil alan Sultanməcid üç il də S.Ə.Şirvaninin üsuli-cədid məktəbində oxuyub. O, burada Azərbaycan, fars və rus dillərini öyrənib. Şirvaninin məktəbində rus dilini öyrəndikdən sonra o, təhsilini Şamaxıdakı rus məktəbində davam etdirib.
Rus dilini mükəmməl öyrənən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olub. Bu institut 50 ilə yaxın müddətdə vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. Onu da qeyd edək ki, tələbələr burada olduqca ağır bir şəraitdə təhsil alıb, dünyəvi elmlərlə yanaşı, ilahiyyat dərslərini də öyrəniblər. Padişahpərəst maarif məmurları tələbələri Allahın və çarın "sadiq bəndələri" kimi tərbiyələndirmək üçün bütün vasitələrdən istifadə ediblər. Lakin onların təzyiqlərinə baxmayaraq, dünyəvi elmlər öz işini görüb, hətta tələbələrin arasında rus inqilabçı demokratlarının əsərlərini və yasaq edilmiş digər ədəbiyyatı oxuyanlar da olub. Ədib xatirələrində gizli ədəbiyyat oxuyan tələbələr içərisində onun da olduğunu qeyd edib.
S.Qənizadənin bir yazıçı, maarif xadimi kimi yetişməsində təhsil aldığı Aleksandrovski İnstitutunun mühüm rolu olub.
Çar maarif nazirinin 1887-ci ildə verdiyi sərəncama görə, o vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən S.Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə müəllim təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının təməlini qoyublar. Bununla da Azərbaycan maarifi tarixində yeni dövr başlayıb.
Sultanməcid Qənizadə ədəbi yaradıcılığa da Bakıda müəllimlik etdiyi 1890-cı illərdə başlamışdır. Onun xalq nağılları əsasında uşaqlar üçün yazdığı "Tülkü və Çaq-çaqbəy" mənzum hekayəsi, "Məktubati-xarı" "Gəlinlər həmayili" və rus yazıçısı A.F.Poqosskinin eyniadlı hekayəsindən qismən təbdil etdiyi "Allah divanı" əsərləri həmin illərdə yaranmışdır. Ədibin 1891-ci ildə "Qönçə xanım" adlı bir pyes yazdığı haqda məlumatlar olsa da, bu pyes indiyə qədər tapılmamışdır.
Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirən də Sultanməcid Qənizadə olub. O, 1894-cü ildə L.Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edərək may ayında Bakıda tamaşaya qoyub.
XX əsrin əvvəlində Sultanməcid Qənizadə bir-birinin ardınca "Lüğəti-rus və müsəlman", "İstilahi-Azərbaycan" və Əlisgəndər Cəfərzadə ilə birlikdə fars dilində yazdığı "Kəlidi-ədəbiyyat" elmi-pedaqoji əsərlərini yazaraq nəşr etdirib.
Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultanməcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında da çalışıb.
Bu illərdə o, Azərbaycan mətbuatında müntəzəm çıxışlar etmişdi. Onun sonralar kitab kimi nəşr olunan "Allah xofu", "Qurban bayramı" kimi orijinal əsərləri, "Nabəkar qonşu" hekayəsi "Dəbistan" jurnalında çap olunmuşdur. "Axşam səbri xeyir olur", "Xor-xor", "Dursunəli və ballıbadı", "Lüğəti-rus və türki"əsərləri də həmin illərin məhsuludur.
1908-ci ildə Sultanməcid Qənizadə Qori seminariyasından Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayon müfəttişi vəzifəsinə köçürülərək 1917-ci ilə kimi bu vəzifədə çalışıb.
Sultanməcid Qənizadə eyni zamanda dövrünün tanınmış mədəniyyət xadimi idi. Onun Azərbaycan teatrının inkişafı sahəsində də böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Hüseyn Ərəblinski ilk dəfə məhz S.Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasında (1898) Mehtər Kərim rolunu oynamışdır.
Sultanməcid Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Parlamentində milli və dini dəyərləri təbliğ edən millət vəkili kimi ən çox diqqəti "islam-türk" birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir. 1917-1920-ci illərdə mövcud olan "İttihad" partiyasının liderlərindən bir kimi Qənizadə hesab edirdi ki, islam bayrağının ucalmasında türk qövmləri müstəsna rol oynamışdır. Bu mənada Qənizadə türklüyün müdafiəsində dayanmışdır. O, parlamentdəki bir çox çıxışında bəyan edirdi ki, "İslam birliyi"nin aparıcı rolu türklüyə məxsusdur.
Onun parlamentdəki çıxışları daim türklük və islamlıq əleyhinə çıxış edən daşnaklara və bolşeviklərə qarşı yönəlmişdir. 1918-ci ildə Azərbaycana gəlmiş Qafqaz-İslam ordusuna və onun komandanı Nuru paşaya dəfələrlə böyük sevgi və hörmətini ifadə edən S.Qənizadə Qafqaz-İslam ordusu Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra parlamentdə türk əsgərlərinə qarşı hədyan yağdıran bolşeviklərə və onların əlaltılarına ən sərt cavab verənlərdən biri olmuşdur.
Sultanməcid Qənizadə sovet hakimiyyəti illərində bütün fəaliyyətini milli maarifin inkişafına həsr etmişdir.
O, publisist fəaliyyətini də davam etdirmiş, "Maarif, "Qırmızı günəş" jurnallarında müxtəlif yazıları çap olunmuşdur. Zəngin elmi, pedaqoji yaradıcılıq fəaliyyəti olan maarif xadimi Azərbaycan Maarif Komissarlığının kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarında məşğələlər keçməklə yanaşı, müxtəlif rəhbər vəzifələrdə də çalışmışdır.
1934-cü ildən Yazıçılar İttifaqının üzvü olan ədib gənc yazıçıların yaradıcılıq dərnəklərinə başçılıq etmişdir.
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yanında lüğət komissiyasının üzvü olan Sultanməcid Qənizadədən 1937-ci ilin reperesiyası da yan keçməmişdir. 1937-ci ildə həbs edilən qocaman maarif xadimi sürgün olunmaqla güllələnməkdən xilas ola bilmişdir. Azərbaycan maarifinin qurucularından olan, görkəmli elm, ədəbiyyat, maarif xadimi Sultanməcid Qənizadə 1942-ci ildə 76 yaşında vəfat etmişdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"