Müstəqil və suveren Azərbaycanın qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bütün xalqımız tərəfindən həmişə böyük ehtiram və məhəbbətlə yad edilir. Heydər Əliyevə olan bu dərin ehtiram isə hər şeydən əvvəl onun öz xalqına və dövlətinə sədaqətlə xidmət etməsi ilə bağlı olmuşdur.
Heydər Əliyev hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi və bu komitəyə rəhbərlik etdiyi dövrdə milli maraqları hər şeydən üstün tutmuş, Azərbaycanın müstəqil bir dövlət kimi fəaliyyət göstərməsini arzu etmişdir. Ulu Öndər 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə seçildikdən sonra məhz ötən əsrin 70-80-ci illərində sovet imperiyasının sərt rejiminə baxmayaraq, ölkəmizi müstəqilliyə hazırlamışdır. Bu dövrədək Azərbaycan zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, ittifaq respublikaları arasında axırıncı yerlərdən birini tuturdu.
Ölkəmiz SSRİ kimi nəhəng bir dövləti ən qiymətli təbii sərvət sayılan neftlə təmin etdiyi halda, ittifaq fondunda ədalətsiz pay bölgüsü səbəbindən həmişə dotasiya ilə yaşayan digər respublikalardan əhalinin yaşayış səviyyəsinə görə geridə qalırdı. Ümummilli Liderimizin respublikamızda rəhbərliyə gəlməsi Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açmış və ölkəmiz qısa zamanda ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: "Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin".
Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində apardığı hərtərəfli və əhatəli işlər, ciddi tələbkarlığı və yüksək işgüzarlığı sayəsində ölkəmizin iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu. Bu dövrdə respublikamızda "Bakı soyuducular", "Bakıelektroterm", "Yeni Bakı neftayırma" və digər nəhəng zavodlar və fabriklər tikilib istifadəyə verildi. Sənayenin inkişafı, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikilməsi geniş vüsət aldı. Regionlarda üzüm, meyvə və tərəvəz emalı zavodları, çay və tütün emalı fabrikləri, habelə ət kombinatları, süd və yun emalı zavodları, quşçuluq fabrikləri və heyvandarlıq komplekslərinin tikilib istifadəyə verilməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, respublikamızda yüngül və yeyinti sənayesinin inkişafına da güclü təkan verdi. Üzüm istehsalı 2 milyon tonu ötərək respublikamız ittifaq miqyasında birinci yeri tutdu, ilk dəfə olaraq 1 milyon tondan çox pambıq istehsalına nail olundu. Azərbaycan qısa müddət ərzində iqtisadiyyatın bütün sahələrində geridə qalmış bir respublikadan ittifaq səviyyəsində öncül yerə yüksəldi. Xüsusilə kənd təsərrüfatında məhsuldarlığın artırılması, kənd təsərrüfatı maşınqayırma sənayesinin inkişafı, heyvandarlıq və bitkiçilik məhsulları istehsalının sənayeləşmə səviyyəsinin yüksəlməsi sayəsində çox uğurlu nəticələr əldə olunaraq respublikamız geridə qalan kənd təsərrüfatı ölkəsindən aqrar-sənaye kompleksinə malik bir diyara çevrildi. Həmin dövrdə çoxlu sayda məktəb, xəstəxana tikildi, müasir infrastruktur və kommunikasiya xətləri yaradılaraq əhatə dairələri genişləndi.
Təbii ki, müstəqil dövlətin yaradılması üçün müstəqil iqtisadiyyatın qurulması kifayət deyildi. Bunun üçün milli şüuru oyatmaq lazım idi. Ötən əsrin 70-ci illərindən başlanan milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə zəmin yaratdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, iqtisadiyyatın və milli-mədəni həyatımızın yüksək inkişafını gələcəkdə də davam etdirmək, müasir çağırışlara uyğun idarəetmə qabiliyyətli, savadı və bacarığı olan gənc kadrların yetişdirilməsi ön plana çəkildi. Bu məqsədlə hər il yüzlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin ən nüfuzlu universitet və ali məktəblərində təhsil almaq imkanı qazandılar. Planlı qaydada həyata keçirilən bu möhtəşəm tədbirlər sayəsində əldə edilən nailiyyətlər sonralar respublikamızın müstəqil dövlət kimi fəaliyyət göstərməsinə möhkəm zəmin yaratdı. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi nəticəsində qazanılan uğurlar hörmətli Prezident
İlham Əliyevin "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: "1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır".
Heydər Əliyevin həyata keçirdiyi heyrətamiz quruculuq işləri, onun yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması həmin vaxt ittifaqa rəhbərlik edənlərin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin həlli məsələləri ilə dərindən məşğul olaraq həmin sahələrin inkişafını təmin edirdi. Heydər Əliyev artıq SSRİ-nin bütün bölgələrində bacarıqlı və işgüzar bir rəhbər kimi tanınaraq yüksək nüfuz sahibi idi. O, tez-tez inkişaf etmiş ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da, həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllinə kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Onun liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə SSRİ rəhbərliyində, xüsusilə Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq Heydər Əliyev vəzifəsindən istefa verməyə məcbur oldu.
Bundan 15 gün sonra SSRİ rəhbərliyinin Heydər Əliyevdən çəkindikləri üçün dəstək verə bilmədikləri bir anti-Azərbaycan prosesi - ermənilərin çoxdan çalışdıqları məkrli separatizm siyasəti baş qaldırdı və Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarıldı. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Respublikamızda erməni separatizmi Moskvanın əli ilə genişlənməyə başladı və Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyi və xalqı naminə fəaliyyətini hakimiyyətdə olmadığı dövrlərdə də davam etdirərək ən çətin anlarda xalqının yanında oldu. Belə ki, xalqımızın böyük oğlu həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zaman hakimiyyətdə olan sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham edən bəyanatla Moskvada - Azərbaycan nümayəndəliyində çıxış etdi. Bu kəskin bəyanatdan sonra o, Moskvada yaşamağın mənasız olduğunu bilərək 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra isə doğma yurdu olan Naxçıvana qayıtdı və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi.
Ümummilli Lider Heydər Əliyevin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində gördüyü işlər müstəqil dövlətimizin qurulmasına yönəlmiş strategiyanın tərkib hissəsi idi. Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması sayəsində sosial-iqtisadi inkişafa nail olunması ilə nəticələnmiş, həm də muxtar respublikanı işğal təhlükəsindən qorumuşdur. 1990-cı ilin noyabr ayında dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi. Heydər Əliyevin bu qətiyyəti 1991-ci ilin oktyabrında bütövlükdə Azərbaycanın öz müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə isə nəinki Azərbaycanın, həm də Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır. 1990-1993-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğun islahatlar aparılaraq yeni iqtisadi model formalaşdırıldı. Muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilir, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, quruculuq işləri aparılır, bölgənin erməni silahlı qüvvələrindən təhlükəsizliyi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilirdi. Azərbaycanda hakimiyyətdə olan və Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsinin rəhbərləri 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədilər. Çünki Heydər Əliyev naxçıvanlılara, sözün əsl mənasında, arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı, böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra - 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı yüksək səviyyədə təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycana səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırmaqla ölkədə müstəqilliyin əldən getməsinə real təhlükə yaratmışdı. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə respublikamıza rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri, oktyabrın 3-də isə Azərbaycan Prezidenti seçildi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı, yeni Konstitusiya qəbul olundu. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən müəyyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı Ulu Öndərin rəhbərliyi ilə vaxtında və yüksək peşəkarlıqla alındı və ölkədə hərtərəfli inkişafa zəmin yaradan daxili sabitlik təmin olundu. Bununla yanaşı, ölkəmizin xarici siyasətinin formalaşması istiqamətində də işlər sürətləndirildi və Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu.
Azərbaycanın gələcəyini neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində görən Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı xarici investorların cəlb edilməsini zəruri hesab etdi. Odur ki, dünyanın tanınmış neft şirkətləri ilə danışıqlara başlandı. Lakin Azərbaycanın müstəqil siyasət yeritməsini və inkişafını istəməyən bəzi dövlətlər bunun əleyhinə çıxır, hətta ölkəmizi hədələməkdən belə çəkinmirdilər. Bütün bunlara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də 8 ölkənin 13 şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bundan sonra Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən çox mühüm və böyük əhəmiyyət kəsb edən addımlar idi. Hazırda respublikamız müxtəlif istiqamətlər üzrə 3 neft boru kəməri və 4 qaz boru kəməri vasitəsilə dünyanın bir çox ölkəsinə neft və qaz ixrac etməklə onların enerji təhlükəsizliyinin təmin edilməsində böyük paya malikdir. Bu uğurların əldə edilməsində isə "Əsrin müqaviləsi"nin müstəsna rolu vardır.
Ulu Öndər Heydər Əliyevin həyatının 30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl respublikaya çevirdi, Azərbaycanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə isə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Bununla da Heydər Əliyev dövlətinə və xalqına xidmət edən ölkə rəhbəri nümunəsini formalaşdırdı. Bu münasibətlə Ulu Öndər demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib".
Ümummilli Liderimiz Heydər Əliyevin bu müdrik kəlamları onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev, sözün əsl mənasında, dahi şəxsiyyətdir və məhz buna görə qədirbilən xalqımız Ulu Öndəri özünün Ümummilli Lideri elan etmişdir.
Dahilərin böyüklüyü ondadır ki, onlar xalqlarının gələcək inkişaf yollarını da görürlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Ulu Öndər 2003-cü il oktyabrın 1-də doğma xalqına ünvanladığı müraciətində deyib: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu tarixi müraciətindən indiyə kimi olan müddətdə respublikamızın həyatında baş verən hadisələr onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində beş dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycanı gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə inamlı qələbəsi Ulu Öndərin varis seçiminin nə qədər düzgün olduğunu növbəti dəfə təsdiq etdi və hörmətli Prezidentimizin rəhbərliyi ilə son 21 il ərzində ölkəmizdə aparılan ictimai-siyasi, beynəlxalq, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirildi.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun lider ölkəsinə çevrilib. 21 ildə ölkəmizə 300 milyard dollardan çox sərmayə qoyulmuş, sahibkarlığın inkişafına dövlət büdcəsindən 3 milyard manata yaxın güzəştli şərtlərlə kreditlər verilmişdir. Bunun sayəsində Azərbaycanın iqtisadiyyatı və valyuta ehtiyatları, habelə orta əməkhaqqı, pensiya və müavinətlər dəfələrlə artmış, işsizliyin və yoxsulluğun səviyyəsi isə minimuma enmişdir. Bu da respublikamızın gələcəkdə uzun müddət davamlı və dayanıqlı inkişafının etibarlı təminatı deməkdir.
Bütün bu uğurlar isə cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi sayəsində əldə edilmişdir. Belə ki, ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin - müdafiə və kosmos sənayesinin formalaşması, dünyanın iri neft və qaz kəmərlərinin tikilib istifadəyə verilməsi, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə rəqabət qabiliyyətli məhsullar istehsalına başlaması iqtisadi inkişafın mühüm tərkib hissəsidir. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş genişmiqyaslı tədbirlər görür.
Azərbaycan Prezidentinin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla innovativ inkişafı təşkil edir. Bu məqsədlə qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirilir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmizə böyük turist axını başlamış və milyonlarla turist respublikamızın səfalı guşələrində istirahət etməyə üstünlük verirlər. Aqrar sahədə həyata keçirilən bu və digər tədbirlər nəticəsində kənd təsərrüfatı istehsalı 2 dəfədən çox artmışdır.
Bütövlükdə ötən 21 ildə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmişdir. Bu illərdə əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın edərək diz çökməyə məcbur etməklə qazandığı parlaq qələbə dayanır. Bu qələbə ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi qızıl hərflərlə Azərbaycan tarixində yeni bir səhifə açdı. Eyni zamanda qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini və xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə və onu dünyanın ən gözəl diyarına çevirməyə qadirdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində 30 ildən çox işğala son qoyulması və Heydər Əliyevin ata vəsiyyətinin şərəflə yerinə yetirilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran birnömrəli vəzifənin uğurla həyata keçirilməsini təmin etdi. Bu qələbə həm də Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaldaraq başqa xalqlar arasında fəxrlə dayanmasına şərait yaratdı.
2023-cü ilin sentyabr ayında isə birgünlük antiterror əməliyyatı ildırım sürəti ilə həyata keçirilərək Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən tamamilə təmizləndi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi əbədi olaraq tam bərpa edildi.
Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərini gündən-günə sürətlə qloballaşan dünyanın ən müasir çağırışlarına uyğun olaraq yenidən qurmaq, bu ərazilərə Böyük qayıdışı qısa müddət ərzində təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən tezliklə gələcək və Azərbaycan bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcəkdir.
Məmnuniyyətlə onu da qeyd etmək istəyirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi kimi çox önəmli bir vəzifə heç bir kənar qüvvənin iştirakı olmadan yalnız öz gücümüzə uğurla yerinə yetirildi.
Qürurverici haldır ki, ölkəmiz sürətlə inkişaf edərək özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi layiqli yer tutmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan uzun müddətdir ki, çox mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edir. Belə tədbirlərdən biri də bu ilin noyabr ayının 11-dən 23-nə kimi davam edən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) oldu.
Bütün bunlar və müstəqilliyimizin son dövrlərində əldə etdiyimiz digər uğurlar onu deməyə əsas verir ki, Ümummilli Liderin xalqa "Mən Ona özüm qədər inanıram" çağırışı bugünkü reallıqda özünü yüksək dərəcədə doğruldur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 21 ildə qazanılan davamlı uğurlar Ulu Öndərin "Nə qədər ki, Azərbaycan var, mən də varam" fikrini də böyük inamla təsdiq edir.
Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasına və onun inkişafına verdiyi misilsiz töhfələri xalqımız heç vaxt unutmayacaq, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq və onun bizə miras qoyduğu dövlət quruculuğu siyasəti gələcək nəsillərə örnək olmaqla daim öyrəniləcəkdir.
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor