XX əsrin sonlarında da ermənilər plan üzrə faciələr törətməyə başladılar. Erməni daşnaklarının əsrlər əvvəl qurduqları plan üzrə hərəkətə keçdilər. Və Qarabağda münaqişə ocağını yenidən alovlandırdılar.
1980-ci illərin sonları idi... Tarix təsadüfən seçilməmişdi. O zaman Azərbaycanın da, Ermənistanın da tərkibində olduqları Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) adlı imperiya çökməkdə idi. Artıq tənəzzülə sürüklənən, ancaq hələ də gücünü saxlayan Sovet İttifaqı tərəfindən himayə olunan təcavüzkar Ermənistan 1988-ci ildə Azərbaycana qarşı torpaq iddiası irəli sürdü.
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsində yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar, legitim olmayan iclasda vilayətin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul olundu. Ermənilər Xankəndidə keçirdikləri mitinqdə Azərbaycana qarşı iddiaları səsləndirirdilər. Onların bu özbaşınalıqları SSRİ rəhbərliyi tərəfindən sükutla qarşılanırdı.
Erməni fitnəkarlığına bələd olan Qarabağ əhalisi bu haqsızlıqlara, ədalətsizliyə son qoyulması tələbi ilə ayağa qalxdı. Fevralın 22-də ermənilərin əsassız ərazi iddialarına və separatçı çıxışlarına etiraz edən gənclər Ağdamdan Xankəndiyə əliyalın yürüş etdilər. Silahsız olan yürüşçülərə Əskəran ərazisində ermənilər atəş açdılar. Əli Hacıyev və Bəxtiyar Quliyev qətlə yetirildilər. Həmin iki gənc Ermənistanın Azərbaycana qarşı yenidən başlatdığı münaqişənin ilk şəhidləri oldular.
Erməni məkri ilə alovlanan münaqişə getdikcə böyüyərək Qarabağın bir çox yaşayış məntəqələrini bürüdü. Ancaq təcavüzkar ermənilərin zülmlərinə, işgəncələrinə məruz qalan yalnız Qarabağda yaşayan azərbaycanlılar deyildi. İşğalçı ermənilər Azərbaycanın qədim ərazilərində yaratdıqları ölkədə - İrəvanda da həmin vaxtlar etnik təmizləmə aparırdılar. Azğınlaşmış ermənilər öz əzəli yurdlarında, dədə-baba torpaqlarında yaşayan azərbaycanlılara hücum edir, onlara dəhşətli əzablar verir, qətlə yetirir, ya da ömürlük şikəst edirdilər. SSRİ rəhbərliyi bu cinayətlərə də göz yumdu. Nəticədə 1988-1989-cu illərdə Ermənistandan 250 min nəfərdən çox azərbaycanlı deportasiya olundu. 1991-ci ildən sonra Ermənistan ərazisində bir nəfər də azərbaycanlı qalmadı.
1988-ci ildən Qarabağın dağlıq hissəsində azərbaycanlıların qətlə yetirilməsi, öz tarixi-etnik ərazilərindən qovulması ən dəhşətli şəkildə davam etdirildi. Bu cinayətlərə son qoyulması, Ermənistanın Azərbaycana qarşı torpaq iddialarından əl çəkməsi Azərbaycanın müstəqilliyi tələbləri ilə paytaxt Bakıda mitinqlər keçirilməyə başlandı.
Azərbaycanlıların haqq səsini kəsmək, gözlərinin odunu alaraq xof yaratmaq məqsədilə 1990-cı ilin yanvarında SSRİ rəhbərliyi Azərbaycana qoşun yeritdi. Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə respublikamızın paytaxtında dəhşətli qətliam törədildi. Lakin azərbaycanlıların ürəyinə çalın-çarpaz dağ çəksə də, Sovet İttifaqı rəhbərliyi məqsədinə nail ola bilmədi. Azərbaycanda azadlıq eşqini söndürə bilmədilər.
İşğalçı, vandal ermənilər yenidən Azərbaycanın ərazilərini qəsb etmək üçün yalnız Qarabağı deyil, Şərqi Zəngəzuru da müharibə ocağına çevirdilər. Respublikamızın hər yerindən igid oğullar, qızlar döyüşə getdilər.
Birinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman övladlarının düşmənə qarşı apardığı mübarizələr, göstərdikləri rəşadət dastanlara sığmaz. Ancaq vəziyyət olduqca ağır idi. Yenicə müstəqilliyinə nail olmuş Azərbaycanda milli ordu formalaşmamışdı. Hərbi texnika, silah-sursat çatışmırdı. Ermənistan isə ona havadarlıq edən güclü dövlətlər tərəfindən tam təmin olunurdu. Yalnız o dövrün müasir hərbi texnikası və silahlarının deyil, həm də muzdlu döyüşçülərin sayəsində Ermənistan Birinci Qarabağ müharibəsində Azərbaycanın iyirmi faiz ərazisini işğal etdi. Azərbaycanlıların yaşadıqları Meşəli, Kərkicahan, Quşçular, Qaradağlı, Xocalı və digər yaşayış məntəqələrində erməni silahlıları tərəfindən kütləvi qətllər, soyqırımı törədildi.
Qəsbkar Ermənistanın silahlı qüvvələri otuz ilə yaxın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal altında saxladı. Bir milyon soydaşımız məcburi köçkün kimi yaşamaq məcburiyyətində qaldı.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Ali Baş Komandanın əmri ilə qəhrəman oğullar yurdumuzun müdafiəsinə qalxdılar. Sıralarında vətənpərvərlərin döyüşdüyü Azərbaycan Ordusu müharibənin birinci günü 6 yaşayış məntəqəsini erməni işğalçılarından azad etdi. İlk günün uğurlu əməliyyatları göstərdi ki, rəşadətli Azərbaycan Ordusu qısa müddət ərzində erməni qəsbkarlarını diz çökdürəcək, otuz ilə yaxın işğalda qalmış ərazilərimizi azadlığa qovuşduracaq.
Gözlənildiyi, ümid edildiyi kimi oldu. 44 gün davam edən İkinci Qarabağ müharibəsinin hər günü qələbə xəbərləri ilə tarixə yazıldı. Müharibə qəhrəman Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Məğlubiyyətini qəbul edən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzaladı. Ancaq üzərinə götürdüyü öhdəliklərə axıra qədər əməl etməkdən boyun qaçırdı. İşğalçı ölkənin Qarabağda davam etdirməyə çalışdığı özbaşınalıqlara, terror əməllərinə 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə son qoyuldu. Qarabağda Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçılar məğlub olaraq ağ bayraq qaldırdılar. Azərbaycan suverenliyini tam bərpa etdi. Bu gün Vətənimizin hər yerində üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Bu mənzərəni seyr edən hər bir azərbaycanlının qürurdan ürəyi dağa dönür. Bu hissləri yaşayaq, Vətən var olsun deyə minlərlə can qurban oldu...
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"