12 Avqust 2026 08:40
166
SİYASƏT
A- A+
Vaşinqton Sammitinin tarixi əhəmiyyəti

Vaşinqton Sammitinin tarixi əhəmiyyəti


Regionda qarşıdurmadan əməkdaşlığa keçidin siyasi zəmini yaranıb


ABŞ, Azərbaycan və Ermənistanın Ağ Evdə keçirilmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı Birgə Bəyanatı ötən bir il ərzində əldə olunmuş nəticələrin sadə xronologiyası kimi deyil, Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi reallığın təsdiqi kimi qiymətləndirmək lazımdır. Burada söhbət yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından getmir. Bəyanatda nəqliyyat, enerji, ticarət, kommunikasiya, investisiya və təhlükəsizlik məsələlərinin eyni siyasi çərçivədə təqdim olunması göstərir ki, artıq söhbət münaqişənin nəticələrinin aradan qaldırılmasından sonrakı mərhələnin formalaşdırılmasından gedir.

Milli Məclisin deputatı Elçin MİRZƏBƏYLİ qəzetimizə açıqlamasında deyib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş sammitə də məhz bu kontekstdən yanaşmaq lazımdır: "Vaşinqtonda əldə olunan siyasi nəticənin arxasında uzun illər ərzində formalaşmış mürəkkəb bir proses dayanır. Azərbaycan 2020-ci il Vətən müharibəsindən sonra yalnız hərbi üstünlük əldə etməklə kifayətlənməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyəti ondan ibarət oldu ki, hərbi-siyasi nəticələr sonrakı mərhələdə diplomatik, hüquqi və geosiyasi reallığa çevrildi. Dövlətimizin başçısının liderliyini də məhz bu prizmadan qiymətləndirmək lazımdır. Liderliyin ən mühüm göstəricisi əldə edilmiş nəticənin strateji perspektivini görmək və həmin nəticəni ölkənin milli maraqlarına uyğun yeni siyasi arxitekturaya çevirməkdir. 2020-ci ildən sonra Azərbaycanın qarşısında iki yol var idi: ya əldə edilmiş hərbi-siyasi nəticə ilə kifayətlənmək, ya da həmin nəticəni davamlı sülhə, regional əməkdaşlığa və yeni iqtisadi imkanlara transformasiya etmək. Azərbaycan ikinci yolu seçdi. Vaşinqtonda bir il əvvəl qəbul edilmiş sənədin ildönümü ilə bağlı yayılan Bəyanatın məzmunu da məhz bu strategiyanın nəticələrini göstərir".

Deputat qeyd edib ki, Azərbaycanın sülh gündəliyi heç vaxt yalnız Ermənistanla münasibətlərin normallaşdırılması ilə məhdudlaşmayıb. Rəsmi Bakının yanaşmasında sülh daha geniş anlayışdır. Söhbət Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasından, münaqişənin siyasi və institusional irsinin aradan qaldırılmasından, kommunikasiyaların açılmasından və regionun qarşılıqlı iqtisadi maraqlar əsasında yeni münasibətlər sisteminə keçməsindən gedir. Bəyanatda bunun bir neçə mühüm təsdiqini görürük. Bəyanatda kommunikasiyaların açılması ilə bağlı məsələlər xüsusi diqqət çəkir. TRIPP-ın artıq yalnız siyasi ideya olaraq qalmaması, Ermənistan ərazisində mühəndis-tədqiqat işlərinin aparılması, Azərbaycanın öz ərazisində Ermənistan istiqamətində avtomobil və dəmir yolu infrastrukturunun əsas hissəsini tamamlaması göstərir ki, siyasi razılaşmalar tədricən fiziki infrastruktura çevrilir. "Bu məsələdə Azərbaycanın mövqeyinin prinsipial tərəfi ondan ibarətdir ki, Bakı kommunikasiyaların açılmasını heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zidd mexanizm kimi təqdim etməyib. Əksinə, Azərbaycanın mövqeyi ondan ibarət olub ki, regional kommunikasiyalar məhz suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipləri əsasında fəaliyyət göstərməlidir. İndi isə üç ölkənin Birgə Bəyanatında Azərbaycan və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəyin bir daha təsdiqlənməsi bu baxımdan mühüm siyasi məna daşıyır. Yəni kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın prinsipial yanaşması sənəddə əksini tapan fundamental prinsiplərlə uzlaşır. Bəyanatın Azərbaycanın Ermənistan istiqamətində atdığı praktiki addımlara xüsusi yer ayırması da düşünürəm ki, təsadüfi deyil. Azərbaycanın bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması, bir il ərzində öz ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınması, İrəvanın 20 min ton neft məhsulu ilə təmin edilməsi göstərir ki, Azərbaycanın sülh siyasəti yalnız siyasi ritorikadan ibarət deyil. Burada çox mühüm bir prinsip var: sülh yalnız siyasi sənədlə əldə edilmir, onun davamlı olması üçün iqtisadi məzmunu olmalıdır. Dövlətlər arasında ticarət, nəqliyyat, enerji və kommunikasiya əlaqələri genişləndikcə qarşılıqlı maraqlar artır. Azərbaycanın regional əməkdaşlıq modelinin məntiqi də bundan ibarətdir", - deyə deputat əlavə edib.

E.Mirzəbəyli bildirib ki, TRIPP məsələsinə də yalnız Azərbaycan-Ermənistan bağlantısı kimi yanaşmaq düzgün deyil. Bu layihənin Orta dəhlizlə əlaqələndirilməsi Cənubi Qafqazın daha geniş Avrasiya nəqliyyat sisteminə inteqrasiyası baxımından əhəmiyyətlidir. Azərbaycan son illərdə öz ərazisində formalaşdırdığı nəqliyyat və enerji infrastrukturu ilə artıq regional bağlantı sisteminin mühüm mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, enerji dəhlizləri və Orta dəhliz istiqamətində həyata keçirilən layihələr bunun əsas elementləridir. Bu baxımdan, Ermənistanın regional kommunikasiyalara qoşulması Azərbaycanın uzun müddətdir irəli sürdüyü "kommunikasiyaların açılması" siyasətinin daha geniş nəticəyə çevrilməsi deməkdir. Yəni söhbət artıq yalnız iki ölkənin münasibətlərindən deyil, bütövlükdə, regionun iqtisadi xəritəsinin dəyişməsindən gedir.

ABŞ-nin prosesdəki rolundan danışan deputat vurğulayıb ki, Prezident Donald Trampın təşəbbüsü və Ağ Evdə yaradılmış siyasi platforma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yeni dinamika verib: "Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də sülh gündəliyinin ABŞ-nin siyasi iştirakı ilə yüksək səviyyədə rəsmiləşdirilməsi oldu. Amma burada səbəb və nəticə münasibətlərini qarışdırmaq olmaz. Vaşinqton prosesi təsadüfi siyasi məkanda yaranmayıb. O, Azərbaycanın illər ərzində formalaşdırdığı yeni reallığın üzərində qurulub. Bu reallığın əsasını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Ermənistanla münasibətlərin yeni şərtlər əsasında qurulması və regionda kommunikasiyaların açılması təşkil edir. Ona görə də ABŞ-ni prosesin mühüm beynəlxalq tərəfdaşı və siyasi katalizatoru, Azərbaycanı isə yeni regional reallığın formalaşmasında həlledici siyasi iradə nümayiş etdirən əsas aktor kimi qiymətləndirmək lazımdır. Azərbaycan-Ermənistan münasibətlərində bu gün əldə olunan nəticələri yalnız vasitəçilik fəaliyyəti ilə izah etmək prosesin əsas səbəblərini nəzərdən qaçırmaq olardı. Vasitəçilik yalnız mövcud siyasi reallıq üzərində nəticə verə bilər. Azərbaycanın yaratdığı reallıq olmasaydı, Vaşinqton prosesinin bugünkü məzmunu da mümkün olmazdı".

E.Mirzəbəyli qeyd edib ki, bəyanatın iqtisadi və texnoloji istiqamətləri də ayrıca diqqət çəkir. Trans-Xəzər Sahibkarlıq Fonduna 201 milyon dollar vəsait ayrılması, enerji təhlükəsizliyi, telekommunikasiya, süni intellekt, yarımkeçiricilər və mühüm mineral ehtiyatlar sahəsində əməkdaşlığın genişləndirilməsi göstərir ki, ABŞ Cənubi Qafqaza artıq yalnız münaqişənin həlli müstəvisindən yanaşmır. Cənubi Qafqaz Avropa ilə Asiya arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin mühüm halqalarından birinə çevrilir. Azərbaycanın burada üstünlüyü isə təkcə coğrafi mövqeyi ilə deyil, son illərdə həmin coğrafi üstünlüyü real infrastruktura çevirməsi ilə bağlıdır. Bu, Prezident İlham Əliyevin regional siyasətinin mühüm nəticələrindən biridir.

Deputat bildirib ki, bütün bunlarla yanaşı, mövcud dinamikanı yekun nəticə kimi qiymətləndirmək olmaz. Sülh prosesində ən mürəkkəb mərhələ siyasi razılaşmaların davamlı və geridönməz reallığa çevrilməsidir. Amma bir il ərzində baş verən proseslərə bütöv şəkildə nəzər saldıqda, ciddi dəyişikliklərin baş verdiyini görürük. Münaqişə üçün yaradılmış institusional mexanizmlər aradan qaldırılır, kommunikasiyalar açılır, ticarət genişlənir, enerji və internet bağlantıları qurulur, yeni nəqliyyat layihələri həyata keçirilir və regionun qlobal iqtisadi sistemə inteqrasiyası sürətlənir. "8 avqust 2025-ci il sammitinin tarixi əhəmiyyəti yalnız Azərbaycan-Ermənistan sülh prosesində mühüm mərhələ olması ilə məhdudlaşmır. Bu sammit Cənubi Qafqazda münaqişə məntiqindən əməkdaşlıq məntiqinə keçidin siyasi əsaslarının formalaşdırıldığı mühüm dönüş nöqtəsidir. Bu dönüşün əsasını isə Azərbaycanın əldə etdiyi tarixi qələbə, Prezident İlham Əliyevin siyasi iradəsi və strateji uzaqgörənliyi təşkil edir. İndi əsas məsələ əldə olunmuş nəticələri qorumaq və onların yaratdığı imkanları maksimum dərəcədə reallaşdırmaqdır. Çünki sülhün əsl nəticəsi yalnız silahların susması deyil, bir vaxtlar qarşıdurma xətti olan məkanın tədricən nəqliyyat, ticarət, enerji və əməkdaşlığın xəttinə çevrilməsidir. Vaşinqton Sammitindən bir il sonra müşahidə etdiyimiz prosesin əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir", - deyə o qeyd edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qüdrətli dövlətin vətəndaşı olmaq qürurvericidir

09:40
12 Avqust

Azərbaycan gəncləri dövlət qayğısı ilə əhatə olunub

09:30
12 Avqust

"Şahdəniz Kompressiya" bir addım da irəlilədi

09:20
12 Avqust

Kapital qoyuluşunun dinamikası yüksəlir

09:10
12 Avqust

Zəhmət bəhrəsiz qalmır

09:00
12 Avqust

SOCAR: sınanmış tərəfdaş, etibarlı investor

08:50
12 Avqust

Vaşinqton Sammitinin tarixi əhəmiyyəti

08:40
12 Avqust

Azərbaycanın etibarlı tərəfdaşlıq və sülh modeli

08:30
12 Avqust

Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrü Birgə Bəyanat regionun münaqişədən inkişaf və sabitlik mərhələsinə keçdiyini təsdiqləyir

08:20
12 Avqust

Azərbaycan və Ermənistan liderlərinin telefon danışığı sülh gündəliyinin uğurudur

08:10
12 Avqust

Uzaq Vaşinqtondan yaxın münasibət

08:00
12 Avqust

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!