Mədəni irsimiz millətin kimliyinin tarixi yaddaşının və gələcək nəsillərə ötürüləcək dəyərlərin əsasını təşkil edir. Mədəni irs yalnız tarixi abidələr toplusu deyil, həm də xalqın yaddaşında iz buraxan gələcək nəsillərə ötürülən kimliyimizdir.
Azərbaycan xalqının çox qədim və zəngin keçmişini öyrənmək üçün tarixi abidələrin böyük əhəmiyyəti var. Bu abidələr vasitəsilə əcdadlarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini öyrənmək mümkündür. Hər il respublikamızın müxtəlif guşələrində arxeoloji ekspedisiyalar nəticəsində tarixi keçmişimizin unudulmuş, torpaq altında gizlənmiş abidələri aşkar edilir.
Tarixi abidələrin qədimliyinə və müxtəlifliyinə görə respublikamızda Qazax rayonu xüsusi yer tutur və abidə zənginliyi baxımından Qazax ərazisi müqayisə-edilməzdir. Rayonun ərazisində qazıntı işləri aparmış arxeoloqlarımızın fikrincə, burada tapılan bəzi abidələrin əhəmiyyəti olduqca vacibdir. Bu abidələr fonunda bütün bəşəriyyətin təkamül prosesini aydın görmək olar.
Qazaxda min illərin tarixini yaşadan qədim yaşayış yerləri, abidələr vardır. Burada olan mağaralar, möhtəşəm qalalar, türbələr, məbədlər və s. kimi abidələr Qazaxın tarixi zənginliyindən xəbər verir. Həmin tarixi abidələri qorumaq, onları gələcək nəsillərə çatdırmaq məqsədilə 1989-cu il fevralın 22-də Azərbaycan Nazirlər Sovetinin 99 № li qərarı ilə "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmış, qoruğa 3613 hektar (ha) ərazi ayrılmışdır.
Qoruq zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan "Avey" məbədinin adı ilə adlandırılıb. "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdində "Yuxarı Əskipara", "Damcılı" və "Göyəzən" filialları da fəaliyyət göstərir.
Qazaxın ən gözəl, səfalı kəndərindən biri olan Yuxarı Əskipara kəndi dağətəyi ərazidədir. Keçmiş adı Əskiparadır. Ondan yaranan yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Azərbaycan dilindəki "əski" (köhnə, qədim) və "para" (yer, kənd, hissə) sözlərindən ibarət olub "köhnə, qədim kənd" mənasındadır.
Qoruğun "Yuxarı Əskipara" filialı 2783 hektar ərazisi olmaqla bütöv kəndi əhatə edir. Çox təssüf ki, qoruğun "Yuxarı Əskipara" filialının ərazisinə daxil olan çox sayda tarixi abidəmiz erməni vandalizminin qurbanına çevrilib. Qazax rayonunun Yuxarı Əskipara (08.06.1992) və Aşağı Əskipara (14.06.1992) kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Kəndlərdə yerləşən abidələrin əksəriyyəti hələ işğal vaxtı kəndlər yandırılarkən məhv olunmuşdur. Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərində dövlət qeydiyyatına götürülmüş 14, qeydiyyata alınmamış onlarca abidəmiz var idi.
1949-1950-ci illərdə aparılan tədqiqatlar nəticəsində və 1970-ci illlərdə davam etdirilən arxeoloji qazıntılar zamanı Yuxarı Əskipara kəndində V-Vl əsrlərə aid qədim şəhərcik , V-VII əsrlərə aid Alban məbədi və XII əsrə aid yeraltı su kəməri və körpülər, XVI əsrə aid Şəhərgah qalası, Xalxal şəhərinin bir hissəsi, qədim hamamlar, dəyirman və sair qədim tikililər var idi. Kənddə aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Yuxarı Əskiparada olan evlərin çoxu qədim yaşayış məskənləri və tikililər üzərində inşa edilmişdir. Burada aşkar edilən qədim şəhərdən Albanlara məxsus əlifba və bəzəklər olan qəbir daşları tapılmışdır.Çox təəssüflər olsun ki, bu ərazilərdə uydurma tarixlərini yazmaq üçün ermənilər qədim daşları daşıyıb apararaq mənimsəyiblər.
Yuxarı Əskipara kəndi Azərbaycanın qədim tarixini və zəngin mədəni irsini özündə yaşadan mühüm yaşayış məntəqələrindən biridir. Kənd ərazisində yerləşən çoxsaylı abidə ona "tarixi abidələr diyarı" deməyə əsas verir. Ən mühüm abidələrdən biri V-VIII əsrlərə aid Qafqaz Albaniyasına məxsus məbəddir. Qırmızı tuf daşdan tikilmiş bu möhtəşəm tikilinin Alban hökmdarlarının iqamətgahı olduğu ehtimal edilir. Lakin sovet dövründə bu və digər Alban abidələri kifayət qədər araşdırılmamış, bəziləri dəyişdirilmişdir.
Kənddə XVII əsrə aid Əskipara qalası (Dördkünc qala) da yerləşir. Coğaz çayı sahilində tikilmiş bu üçmərtəbəli qala müdafiə məqsədli gözətçi məntəqəsi olmuşdur və Orta əsr memarlığının qiymətli nümunəsidir. Yuxarı Əskiparada yeraltı yol, yeraltı su kəməri, həmçinin körpülər (Qatır, Kazım, Qulucanlı və s.) mövcuddur. Bundan əlavə, isti mineral bulaqlar üzərində tikilmiş hamamlar və VI-IX əsrlərə aid Qalakənd məbəd kompleksi də kəndin tarixi əhəmiyyətini artırır.
Bütün bu abidələr Yuxarı Əskiparanın Azərbaycanın ən zəngin tarixi məkanlarından biri olduğunun və bu ərazinin yalnız bir kənd deyil, eyni zamanda Azərbaycanın qədim tarixini, mədəniyyətini və memarlıq ənənələrini özündə yaşadan nadir bir irs məkanı olduğunun sübutudur.
Sevindirici haldır ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında şərti sərhəddə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə birgə komissiyanın növbəti iclası keçirildi və nəticədə hər iki tərəf arasında sərhəd ərazilərinin ilkin delimitasiyası üzrə razılığa gəlindi. Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verildi. Bununla da Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrım, Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı kəndlərindən çıxardı.
Nəhayət ki, 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yanaşı, bu kəndlərdə olan tarixi abidələr də öz azadlığına qovuşdu. Uzun müddət ərzində vandalizmə məruz qalan abidələrin taleyindən xəbərsiz olmağımız bu abidələrin qorunması və təbliğatında bizləri çox böyük çətinliklərlə üz-üzə qoymuşdur.
Çox yaxın günlərdə Qazaxın üç anklav kəndinin- Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərinin də işğaldan tam azad olunması gözlənilir. Tezliklə əsirlikdən azad olunan torpaqlarımıza qayıdacaq və öz tarixi keçmişimiz olan abidələrimizə qovuşacağıq.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdəki tarixi abidələrin işğalçılar tərəfindən dağıdılması, buradakı mədəni irsimizin mənimsənilməsi, Alban abidələrinin ermənilər tərəfindən özününküləşdirilməsi faktlarını araşdırırıq. Abidələrimizi yenidən əvvəlki görünüşünə qaytarmaq, onların bərpası və konservasiyası məsələləri, həmçinin yerli və beynəlxalq arenada təbliği, yetişməkdə olan gənc nəsli bu məsələlərlə məlumatlandırmaq əsas vəzifələrimizdəndir.
Növrəstə BİNNƏTOVA,
"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun "Yuxarı Əskipara" filialının müdiri