21 Avqust 2026 09:40
335
Mədəniyyət
A- A+
29 illik ömrün əbədi nəğməsi - Müşfiq poeziyası

29 illik ömrün əbədi nəğməsi - Müşfiq poeziyası


1930-cu illərin qanlı Stalin repressiyası Azərbaycanın intellektual elitasını, milli təfəkkürün ən parlaq simalarını bir-birinin ardınca məhv etməkdə idi. Bu dəhşətli təmizləmə dalğası təkcə siyasi rəqibləri deyil, həm də azad düşüncənin, poeziyanın və sənətin saf səsini hədəfə almışdı. 

O dövrün qaranlıq mühitində qəlblərə işıq saçan, Azərbaycan ədəbiyyatına yeni bir nəfəs, lirik bir fırtına gətirən gənc şair Mikayıl Müşfiqin taleyi isə bu faciənin ən ağrılı-acılı səhifəsinə çevrildi. Hələ yaradıcılığının, gəncliyinin və arzularının ən uca zirvəsində ikən sovet rejimi tərəfindən hədəf seçilən 29 yaşlı şair, millətin ruhunu boğmaq istəyən totalitar sistemin ən amansız qurbanlarından biri oldu. Onun nakam ömrü Azərbaycan ziyalısının çəkdiyi iztirabların və sarsılmaz ruhun əbədi bir abidəsinə çevrildi.


Müşfiqin yaradıcılıq zirvəsi


 Mikayıl Müşfiq yaradıcılığı - Azərbaycan dilinin ən zərif, ən musiqili və ən poetik ifadə formasıdır. Onun şeirləri zamanın fövqündə dayanaraq sovet rejiminin yaratdığı ideoloji buxovları qırmağı bacarmış, oxucunun qəlbinə birbaşa yol tapmışdı. Şairin yaradıcılığının əsas qayəsini və ruhunu insan amili, təbiət gözəlliyi və tükənməz bir gənclik enerjisi təşkil edir. Onun ilk qələm təcrübələrindən etibarən bədii təfəkküründəki fərqlilik, lirik duyğuların səmimiliyi dərhal diqqət çəkirdi. "Küləklər", "Günün səsləri", "Şeirlər" kimi poetik toplularında verilən əsərlərində, sadəcə, qafiyə düzmür, sözlərə rəsm çəkir, musiqi bəstələyirdi. Onun poeziyası o qədər axıcı və ritmik idi ki, sanki hər bir misra öz-özlüyündə bir mahnı variantı idi. Müşfiq sərbəst şeirin və heca vəzninin ən gözəl nümunələrini yaratmışdı. Azərbaycan poetik formalarını zənginləşdirmiş, ona yeni nəfəs və sərbəstlik vermişdi.

Şairin yaradıcılığında milli yaddaşın, xalq mədəniyyətinin qorunması məsələsi hər zaman xüsusi yer tuturdu. Bunun ən parlaq sübutu onun məşhur "Oxu, tar!" poeması idi. Şairin "Şahqulu", "Səhər", "Çoban" və digər poemaları Azərbaycan ədəbiyyatında epik, lirik janrın ən mükəmməl nümunələridir. Müşfiq insan psixologiyasını, daxili sarsıntıları və sevgini elə ustalıqla təsvir edirdi ki, onun qəhrəmanları oxucu üçün doğma və canlı personajlara çevrilirdilər. 

Mikayıl Müşfiqin "Ana" şeiri (1927) Azərbaycan poeziyasında ana mövzusuna həsr olunmuş ən təsirli və kədərli şedevrlərdən biri hesab olunur. Əsərin bu qədər dərin, ürəyə toxunan və səmimi olmasının arxasında şairin şəxsi həyatının böyük bir faciəsi dayanır:


Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.


Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin cilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.


Şairin məhəbbət lirikası isə tamam bir başqa aləmdir. "Yenə o bağ olaydı", "Sevgililər", "Sənə qurban" kimi şeirlər bu gün də sevənlərin dilindən düşmür, Azərbaycan musiqisinin şah əsərlərinə söz baxımından can verir.

Mikayıl Müşfiqin "Həyat sevgisi" şeiri Azərbaycan poeziyasının ən lirik, emosional və nikbin nümunələrindən biridir. Şair bu əsərində dünyanın gözəlliyini, təbiətin möcüzələrini və yaşamağın şirinliyini sonsuz bir heyranlıqla vəsf edir:


Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?


Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?


Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?


 "Şahdağ", "Sabiqə", "Qaya" kimi poemalarında şair Azərbaycanın tarixi keçmişini, onun coğrafi gözəlliyini və insan xarakterinin dərinliklərini ustalıqla təsvir edirdi. Mütəxəssislərin fikrincə, onun şeirləri klassik Şərq poetik formaları ilə müasir ritmin, sərbəst vəznin mükəmməl sintezi idi. O, sanki sözlərlə şəkil çəkir, misralarla musiqi bəstələyirdi.

Ümumiyyətlə, 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində Müşfiq yaradıcılığının qızıl dövrünü yaşayırdı. İlk şeiri ("Bu gün") 1926-cı ildə işıq üzü görən şairin cəmi 5 il ərzində (1930-1935) 10-a yaxın kitabı nəşr olunub. M.Müşfiq böyük məharətlə A.Puşkin, M.Lermontov və Ömər Xəyyamın əsərlərini Azərbaycan dilinə çevirib.


Qara buludlar arxasında güllələnən misralar 


Mikayıl Müşfiqin həbsə qədərki ömür yolu bədii fəhmlə gənclik enerjisinin unikal bir vəhdəti idi. Bu gənc daxilində sönməz poeziya alovu ilə qısa zamanda bütün Azərbaycanın sevimlisinə çevrilirdi. Şair yeniliyi, tərəqqini tərənnüm edirdi. Lakin onun sovet quruculuğundan bəhs edən şeirlərində belə, rejim ideoloqlarının qəbul edə bilmədiyi dərin bir millilik, insani səmimiyyət və sənət azadlığı vardı. Lakin bu parlaq yaradıcılıq və xalq sevgisi daxili düşmənlərin, qısqanc qələm yoldaşlarının gözünü qamaşdırırdı. 1930-cu illərin ortalarından etibarən Müşfiqin həbsinə aparan zəmin gizli və sistemli şəkildə hazırlanmağa başladı.

Sovet rejiminin repressiya maşını hərəkətə keçməzdən əvvəl xüsusi xidmət orqanları ziyalıların daxilində parçalanma yaradır, yazıçıları bir-birinin əleyhinə qaldırırdı. Müşfiqin hər addımı izlənirdi. Onun əleyhinə başlanan kütləvi hücumlar və rəsmi çıxışlar çoxalırdı. Azərbaycan Yazıçılar İttifaqının plenumları və dövrün mətbuat orqanları şairin edam kürsüsünə çevrilmişdi. Bu insanlar sənətkarı amansızcasına ittiham edir, onu "ədəbiyyatımıza sızmış burjua millətçisi", "sovet gəncliyinin beynini zəhərləyən ziyanverici" və "əks-inqilabçı mühitlə sıx bağlı olan ünsür" adlandırırdılar. Mətbuat səhifələrində çıxan məqalələrdə Müşfiqin poetik nümunələri təhrif edilir, onun poeziyasında sovet gerçəkliyinə qarşı gizli nifrət axtarılırdı. Şair özünü müdafiə, səmimiyyətini sübut etməyə çalışsa da, əleyhinə qurulan bu repressiya teatrında onun səsi qəsdən boğulurdu. Bu böhtan kampaniyası sadəcə bir tənqid deyildi, 1937-ci il iyunun 3-də gerçələşəcək fiziki həbs qərarının cəmiyyət tərəfindən qəbul edilməsi üçün atılan son və ən qanlı addım idi.

Bir fakt xüsusi qeyd olunmalıdır ki, M.Müşfiqin faciəsi 1937-ci ilin qara buludları Bakının üzərini almamışdan xeyli əvvəl qısqanc qələm yoldaşlarının və rejim nökərlərinin "donos"ları ilə başlamışdı. Gənc şairin poetik istedadı, xalqın müsiqi aləti olan tara həsr etdiyi "Oxu, tar!" şeiri və Hüseyn Cavid, Əhməd Cavad kimi milli məfkurəli ziyalılarla olan sıx dostluğu sovet xüsusi xidmət orqanlarının (NKVD) diqqət mərkəzində idi. O, sistemli şəkildə "millətçi" və "əks-inqilabçı" ittihamları ilə mətbuatda qaralanmağa başladı. 

Nəhayət, çalışdıqları oldu - 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə Müşfiqin qapısı  döyüldü. Bu, onun azadlıqdakı son gecəsi idi. Evində aparılan axtarış zamanı şairin illərlə gözünün nurunu tökdüyü əlyazmaları, kitabları və şəxsi əşyaları müsadirə  olundu. Həbsxananın soyuq və qaranlıq otaqlarında Müşfiqə qarşı ağılasığmaz fiziki və mənəvi işgəncələr tətbiq edildi. Məqsəd bəlli idi: gənc sənətkarı uydurma bəyanatlara qol çəkməyə və əksinqilabçı təşkilatın üzvü olduğunu etiraf etməyə məcbur etmək. Lakin Müşfiq ağır sınaqlardan keçsə də, öz mənliyini və sənətinin şərəfini qorumağı bacardı. 

1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası cəmi 20 dəqiqə çəkən qondarma bir məhkəmə iclası ilə şairin barəsində ən ağır hökm - güllələnmə qərarını çıxardı. Hökm növbəti gün - yanvarın 6-da Bakıda icra olundu. Azərbaycan poeziyasının sevilən sənətkarı cəmi 29 yaşında məhv edildi. Cəsədi isə gizlicə naməlum bir yerdə basdırıldı. Yalnız Stalinin ölümündən sonra 1956-cı ildə Mikayıl Müşfiqə rəsmən bəraət verildi. 

Rejim onu fiziki olaraq məhv etsə də, xalqın qəlbindəki Müşfiq sevgisini və onun ölməz misralarını yaddaşlardan silə bilmədi. Şairin yaradıcılığı qısa bir ömrə sığışdırılmış bütöv bir ədəbi eranın təzahürü oldu. Odur ki, ölümündən onilliklər keçsə də, misraları yaşayır, gəncləşir, hər bir yeni nəslin qəlbində yenidən doğulur.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

19:23
21 Avqust

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib  

19:21
21 Avqust

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

19:19
21 Avqust

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

19:16
21 Avqust

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

19:13
21 Avqust

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır 

18:58
21 Avqust

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

18:44
21 Avqust

Azərbaycan-Özbəkistan müttəfiqliyi davamlı tərəqqinin ən etibarlı təminatçısıdır

18:39
21 Avqust

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

18:36
21 Avqust

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir

18:20
21 Avqust

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

18:17
21 Avqust

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək?

18:15
21 Avqust

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

18:13
21 Avqust

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq 

18:11
21 Avqust

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar

17:40
21 Avqust

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır

17:38
21 Avqust

Dayaz Dunaydan motosiklet və iki alman əsgərinin qalıqları tapılıb

17:27
21 Avqust

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir

17:23
21 Avqust

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

17:17
21 Avqust

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

17:15
21 Avqust

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

17:13
21 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!