Baş verdiyi vaxtdan uzun zaman keçməsinə baxmayaraq, minlərlə günahsız insanın ömrünə faciəli surətdə son qoymuş 1937-ci ilin Stalin repressiyasının yaraları qaysaq bağlamaq bilmir. Keçmiş ittifaqın ərazisində yaşayan, heç bir günahı olmayan istedadlı elm, sənət, incəsənət adamları, şair və yazıçılar, bir sözlə, xalqın seçilmişləri saxta ittihamlarla şərlənərək ya güllələnir, ya ağır cəzaya məhkum edilərək gedər-gəlməzlərə - soyuq Sibir çöllərinə, Qazaxıstan səhralarına sürgün edilirdilər.
1937-ci ilin repressiayası keçmiş imperiyanın bir respublikası kimi ölkəmizdən də yan keçməmişdir. Xalqımızın aydınları da repressiyanın qurbanı olmuşlar. Repressiyaya məruz qalan insanların yaş həddi, elmi dərəcəsi, sənətkarlığı, xalq və dövlət üçün gərəkliliyi nəzərə alınmırdı. Demək olar ki, həbs olunanların hamısının cinayət işlərinə eyni damğa vurulurdu - "xalq düşməni".
1937-ci ilin tuthatutlarına məruz qalanlardan biri də dövrünün məşhur memarı, mühəndisi olan istedadı ilə parlayan Qəhrəman İsrafıl oğlu Məmmədovdur. O, həmişə siyasətdən uzaq gəzib-dolaşmış, işindən başqa heç kim və heç nə ilə maraqlanmamışdı. Buna baxmayaraq, hamı kimi onu da saxta ittihamla şərləyərək gedər-gəlməzə göndərmişlər.
Qəhrəman Məmmədov çoxlarına nümunə olacaq bir ömür yaşayıb. O, 1897-ci ildə Bakıda dünyaya göz açıb. 1906-cı ildə rus-türk məktəbində təhsil almağa başlayıb. Hələ kiçik yaşlarından kitablara böyük maraq göstərib. 1908-ci ildə rus-türk məktəbində təhsilini başa vurub. Elə həmin il Bakı şəhər məktəbinə üz tutub. 1914-cü ilə kimi burada oxuyub, biliklərə dərindən yiyələnib. Ürəyində qaynayıb-daşan arzularla 1914-cü ildə yüksək göstəricilərlə Bakı Texniki Məktəbinə qəbul olub. 1918-ci ildə məktəbi başa vuraraq memarlıq-tikinti ixtisası üzrə texnik rütbəsi alıb.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması hamı kimi onu da sevindirir. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1919-1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edir. Bu mühüm qərarın icra olunması üçün 7 milyon manat vəsait ayrılır. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən olunur.
Bu xəbəri eşidən Qəhrəman Məmmədov 1919-cu il noyabrın 15-də tələsik maarif nazirinə məktub yazır. Məktubunda Berlində memarlıq ixtisası üzrə dövlət hesabına ali təhsil almaq istədiyini bildirir. Bir müddətdən sonra nazirlikdən onun məktubuna müsbət cavab gəlir. 1919-cu il dekabrın 31-də Almaniyada təhsilini bitirdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təyin etdiyi yerdə 4 il işləyəcəyi və oxuyacağı dövlətin ərazisində heç bir siyasi partiyanın işinə qoşulmayacağı barədə dil kağızları verir. Bir həftədən sonra - 1920-ci il yanvarın 13-də Qəhrəman Məmmədova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsilini başa vurmaq üçün xaricə göndərilməsi haqqında 519 nömrəli vəsiqə təqdim olunur. Beləcə, onun xahişi yeni qurulmuş hökumət tərəfindən istədiyi kimi yerinə yetirilir. Buna ürəkdən sevinən Qəhrəman Məmmədov xaricdə təhsilini başa vurduqdan sonra xalqına, dövlətinə layiqli bir vətəndaş olacağını qət edir.
Həmin günlər xarici ölkələrdə təhsil almağa göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, üzdə olan xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu vağzalından təntənəli şəkildə yola salınır. Tələbələri xarici ölkələrə aparan qatar fevralın 11-də Parisə çatır. Xaricdə təhsil almağa gedən gəncləri Fransada həmin günlər Paris Sülh Konfransında iştirak edən, dövrünün tanınmış siyasətçisi Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayır. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara dəyərli məsləhət və nəsihətlər verir, təhsillərində uğurlar arzulayır.
Böyük arzularla Almaniyaya gələn Qəhrəman Məmmədov 1920-1924-cü illərdə Berlin Politexnik İnstitutunda, 1924-1928-ci illərdə Darmştad Politexnik İnstitutunda inşaat ixtisası üzrə ali təhsil alır. 1920-1923-cü illərdə Almaniyada Sovet Azərbaycanı Tələbələri Birliyinin, 1923-1924-cü illərdə Sovet Zaqafqaziyası Tələbələri Birliyinin sədri, 1924-1928-ci illərdə SSRİ Tələbələri Birliyinin İcraiyyə Komitəsinin üzvü olur. Təhsilini uğurla başa vuran Qəhrəman Məmmədov 1928-ci ildə vətəninə, doğmalarının yanına dönür.
Bakıya qayıtdıqdan sonra 1928-1933-cü illərdə Azərbaycan Yol-Nəqliyyat İdarəsi rəisinin müavini, 1933-1937-ci illərdə Azərbaycan Dövlət Layihə İdarəsinin direktoru olur. 1934-cü ilin martında Azərbaycan memarlarının I Qurultayını keçirmək üçün Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinin sədri də Qəhrəman Məmmədov seçilir. 1936-cı ildə yaradılmış Azərbaycan Memarlar İttifaqının ilk sədri olur.
Həyatının axarlı, nizamlı gedişindən də göründüyü kimi Qəhrəman Məmmədov Almaniyada ali təhsil alıb vətənə döndükdən sonra ölkəsinin, xalqının inkişafı üçün böyük fəallıqla çalışır. Azərbaycanın tərəqqisi naminə memar-mühəndis kimi biliyini, savadını və təcrübəsini əsirgəmir. Yeni-yeni uğurlar qazanmaq üçün müvafiq planlar, layihələr hazırlayır. Amma Azərbaycanda çox sərt və amansız şəkildə davam edən, cəmiyyətin başının üstündən Domokl qılıncı kimi asılmış Stalin repressiyası bacarıqlı memara layihələrini həyata keçirməyə imkan vermir.
Tanınmış memar Qəhrəman Məmmədov 1938-ci avqustun 11-də uydurma ittihamla həbs olunur. İnsanlara qənim kəsilmiş rejim onu əks-inqilabi millətçi təşkilata üzv olmaqda ittiham edir. O, ağlabatmayan, reallıqdan uzaq olan saxta ittihamların hamısını qəti şəkildə rədd edir. Amma onun ittihamları rədd etməyi heç nəyi dəyişmir. SSRİ Özəl Müşavirəsinin 1939-cu il 21 iyun tarixli qərarı ilə Qəhrəman Məmmədov antisovet millətçi təşkilatda iştirakına görə müddəti 1938-ci il avqustun 11-dən hesablanmaqla 5 illiyə islah-əmək düşərgəsində cəza çəkməyə məhkum edilir.
Heç bir hüquqi əsası olmayan hökm çıxar-çıxmaz Qəhrəman Məmmədovu vətəndən uzaqda yerləşən islah-əmək düşərgəsinə göndərirlər. O, 1943-cü il avqustun 14-nə qədər cəzasını çəkib qurtarır. Bundan sonra isə düşərgədə sərbəst muzdlu işə saxlanılır. Bir müddətdən sonra yaşamaq üçün o, Komi MSSR-in Vojael qəsəbəsinə göndərilir.
Görkəmli memarın ömrünün son çağları qürbətdə əzablar içində keçir. O doğma vətəninə dönmək həsrəti və istəyi ilə yaşayıb. Amma həmin illərdə cəmiyyətə ölüm püskürən Stalin rejimi ona doğmalarının, əzizlərinin yanına dönməyə imkan verməyib. Həmişə gözləri yolda, qulağı səsdə qalan Qəhrəman Məmmədov 1949-cu il martın 4-də Türkmənistan SSR-nin Çarcou şəhərində Vətən həsrətiylə gözlərini əbədi olaraq yumub.
Ölümündən 7 il keçəndən sonra - 1956-cı il dekabrın 4-də araşdırmalar zamanı 1938-ci ildə Qəhrəman Məmmədova qarşı irəli sürülmüş ittihamların əsassız olduğu müəyyən edilir. Hökm əsassız olduğuna görə ona bəraət verilir. Gecikmiş bu bəraət isə heç nəyi geri qaytarmadı. Ancaq və ancaq yaxınlarına, doğmalarına təsəlli oldu.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"