23 May 2024 08:50
633
SİYASƏT
A- A+

Uzaq Özbəkistan yaxın olur

 

İlham Əliyevin Türk Dövlətləri Təşkilatını gücləndirmək siyasəti reallığa çevrilir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasını bir araya gətirməkdir. Bu məqsədlə dövlətimizin başçısı türk dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrin genişlənməsi üçün ciddi səy göstərir, ardıcıl tədbirlər görür. Azərbaycanın apardığı bu siyasət öz uğurlu nəticələrini verir.
Dünya siyasətində önəmli yer tutacaq Türk Dövlətləri Təşkilatının yaradılmasında ən çox zəhməti olan da Prezident İlham Əliyevdir. Təsadüfi deyil ki, qardaş Türkiyə də dövlətimizin başçısının birləşdirici missiyasını yüksək qiymətləndirir və etiraf edir ki, İlham Əliyevin Orta Asiya türk ölkələrinin dövlət başçıları ilə olan dostluq əlaqələri bu təşkilatın ərsəyə gəlməsində önəmli rol oynayır.
Özbəkistan tarixi keçmişinə və iqtisadi imkanlarına görə Orta Asiyadakı türk dövlətləri arasında öncül yer tutur. Bu regionda ilk böyük türk imperatorluğu da Özbəkistanda təşəkkül tapıb. Qardaş ölkə türk dünyasında dövlətçilik ənənələrinin formalaşmasında digər türk toplumlara örnək olmuşdur.
Azərbaycanla Özbəkistan arasında əlaqələrin tarixi qədimdir. İki xalq arasında iqtisadi və mədəni əlaqələrin kökü qədim əsrlərə gedib çıxır. Nisbətən yeni tarixdə bu əlaqələr Moskvada qısqanclıqla qarşılansa da, inkişafdan qalmayıb. Xüsusilə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə iki respublika arasında qardaşlıq və dostluq münasibətləri yüksək səviyyədə olub.
Burada bir tarixi məqamı da xatırlatmaq istərdik. Müstəqilliyimizin ilk illərində keçmiş sovetlər birliyindən ayrılan bəzi respublikaların dövlət başçıları Ermənistanın xətrinə dəyməmək üçün onu işğalçı adlandırmırdı. Belə hal erməniləri üstümüzə daha da "ayaq açmağa" sövq edirdi. Bu "ənənə"ni ilk dəfə Özbəkistanın mərhum prezidenti İslam Kərimov qırdı. O, Bakıda səfərdə olarkən Heydər Əliyevlə görüşdə Ermənistanı işğalçı dövlət adlandırdı və zəbt etdiyi Azərbaycan torpağından çıxmalı olduğunu bildirdi. Onun bu siyasi bəyanatı həmin dövrdə ölkəmiz üçün böyük əhəmiyyət daşıyırdı.
Bu gün də həmin əlaqələr Prezident İlham Əliyev və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçıları bu münasibətləri genişləndirmək üçün tez-tez qarşılıqlı səfərlər edir, iqtisadi, siyasi və mədəni əlaqələri əhatə edən bir çox mühüm sənədlər imzalayırlar. 
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Küdrafovu qəbul etmişdir. Dövlətimizin başçısı görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş ölkədə gedən inkişaf proseslərini maraqla izlədiyini bildirərək iki ölkə arasında olan münasibətləri yüksək qiymətləndirmişdir.
Mayın 22-də isə qardaş ölkə ilə olan iqtisadi əlaqələrə töhfə verəcək Azərbaycan-Özbəkistan Regionlararası Forum keçirilmişdir. Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri sürətlə inkişaf edir. Qeyd edildi ki, nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti hər iki ölkədə, həmçinin üçüncü ölkələrdə investisiya layihələrini reallaşdırmaq üçün yaradılıb. Eyni zamanda elan olundu ki, qardaş ölkə ilə enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşıma sektorlarında əməkdaşlığı genişləndirmək üçün gündəlik hazırlanıb.
M.Cabbarov həmçinin iki ölkənin regionları arasında əlaqələrin genişlənməsinin tərəflərə qarşılıqlı fayda verəcəyini söylədi. Bununla yanaşı, qonaqlara işgüzar əlaqələri genişləndirmək üçün Azərbaycanın investisiya potensialı, sərmayədarlar üçün yaradılan imkanlar, işğaldan azad edilən ərazilərdə nəqliyyat, rabitə və infrastruktur layihələri, habelə Özbəkistanın dövlət nümayəndələrinə və biznes dairələri təmsil edən sahibkarlara ölkəmizin işgüzar mühiti, investisiya imkanları, iki ölkə arasında potensial birgə fəaliyyət sahələri barədə ətraflı məlumat verildi.
Prezident İlham Əliyev bu il fevralın 14-də keçirilmiş andiçmə mərasimində yeni dünya düzənində türk dünyasının beynəlxalq əhəmiyyəti, hansı siyasi orbitdə ölkəmizin yer alacağı barədə demişdir: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatlarına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video