Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri qurğuşun təsirinin qarşısını almaq istiqamətində fəaliyyətləri sürətləndirməyə çağırır. Bu, geniş yayılmış, lakin qarşısı alına bilən sağlamlıq təhlükəsidir. Hesablamalara görə, qurğuşun hər il dünyada 3,5 milyondan çox insanın ölümünə səbəb olur və yüz milyonlarla uşağa mənfi təsir göstərir.
Bu barədə ÜST-ün məlumatında yer alıb. Qeyd olunub ki, 2026-cı il Beynəlxalq Qurğuşun Zəhərlənməsinin Qarşısının Alınması Həftəsi çərçivəsində səsləndirilən bu çağırış qlobal miqyasda qurğuşun zəhərlənməsi ilə mübarizə istiqamətində artan siyasi fəallıq fonunda irəli sürülür. ÜST-yə üzv dövlətlər qurğuşun təsirini ictimai səhiyyə üçün ciddi bir problem kimi qəbul etmiş və ÜST-yə qurğuşunun zərərli təsirlərinin azaldılması üzrə Qlobal Fəaliyyət Planı hazırlamağı tapşırmışlar. Sözügedən plan 2027-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına təqdim olunacaq.
ÜST, həmçinin 2027-ci ildə qurğuşun zəhərlənməsinin qarşısının alınması üzrə “Prevent” Texniki Paketini işə salacaq. Burada ölkələrə prioritet məruz qalma mənbələrini, hansı müdaxilələrin ən böyük təsir göstərə biləcəyini müəyyən etmək, qaydaları gücləndirmək və tətbiq etmək, eləcə də irəliləyişi izləmək üçün praktiki rəhbərlik təqdim ediləcək.
Qurğuşun uşaqlar üçün xüsusilə təhlükəlidir, çünki onların inkişaf etməkdə olan beyinləri və sinir sistemləri bu maddənin zəhərli təsirlərinə qarşı son dərəcə həssasdır. Qurğuşuna məruz qalma halları boyalar, mətbəx qabları, kosmetika vasitələri, ədviyyatlar, qeyri-rəsmi təkrar emal prosesləri, sənaye çirklənməsi və digər mənbələr vasitəsilə baş verə bilər. Qurğuşuna məruz qalmağın təhlükəsiz hesab edilən heç bir səviyyəsi yoxdur, hətta nisbətən aşağı səviyyədə təsir belə geri dönməz ziyanlara səbəb ola bilər.
ÜST-nin Ətraf mühit, iqlim dəyişikliyi, Vahid sağlamlıq və miqrasiya departamentinin direktor vəzifəsini icra edən Brüs Qordon bildirib: “2026-cı ildə qurğuşun zəhərlənməsi uşaqların potensialını əllərindən almamalıdır. Biz bir çox hallarda bu zərərli maddəyə məruz qalma mənbələrini və bunun qarşısını necə almaq lazım olduğunu bilirik. Ölkələr indi məsələnin kökünə enməli, qurğuşunu uşağın qan dövranına daxil olmamışdan əvvəl məhsullardan və ətraf mühitdən təmizləməlidirlər. ÜST bunları real fəaliyyətə çevirməyə kömək etmək üçün hökumətlər və tərəfdaşlarla birlikdə çalışır”.
Qurğuşun zəhərlənməsinin qarşısını tamamilə almaq mümkündür, lakin buna baxmayaraq, bütün dünyada milyonlarla uşaq hələ də təhlükə altındadır. Qurğuşuna məruz qalmaq bir çox orqana mənfi təsir göstərir və sağlamlıq problemlərinə yol açır. Bura böyüklərdə ürək-damar və böyrək xəstəlikləri, uşaqlarda isə beyinə, sağlamlığa və inkişafa vurulan geridönməz ziyanlar daxildir. Hətta qurğuşuna az miqdarda məruz qalmaq belə ömür boyu davam edən nəticələrə – öyrənmə qabiliyyətinə, davranışa və ümumi sağlamlıq vəziyyətinə mənfi təsirlərə səbəb ola bilər. Simptomlar dərhal nəzərə çarpmadığı üçün bir çox halda ciddi zərər vurana qədər problem aşkar edilmir.
Bildirilib ki, qurğuşuna məruz qalmanın qarşısının alınması daha geniş sosial və iqtisadi faydalar da gətirir: səhiyyə xərclərini azaldır, təhsil nəticələrini yaxşılaşdırır, həmçinin daha sağlam və daha məhsuldar cəmiyyətlərin formalaşmasına töhfə verir.
Ölkələr daha sağlam və daha dayanıqlı gələcəyə doğru irəlilədikcə, maraqlı tərəflər yalnız problemin aşkarlanması ilə kifayətlənməyib, qurğuşuna məruz qalmanın köklü səbəblərini aradan qaldırmağa yönəlmiş hərtərəfli profilaktika strategiyalarını tətbiq etməyə təşviq olunurlar.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”