16 Oktyabr 2026 14:57
182
SİYASƏT
A- A+
Azərbaycanın diplomatik zəfəri  

Azərbaycanın diplomatik zəfəri  


AQEM-ə növbəti iki illik sədrlik üzv dövlətlərin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir


Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi və Bakıda keçirilən 7-ci Zirvə Toplantısı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş imicini və diplomatik gücünü bir daha aydın göstərdi. 28 üzv dövlətin yekdil qərarı ilə rəhbərliyə seçilən Azərbaycan ötən iki illik məsuliyyətli missiyanı formal yox, tam mənası ilə əməli işlərlə yerinə yetirdi. Məhz bu uğurlu fəaliyyətin və böyük etimadın nəticəsidir ki, üzv ölkələr Azərbaycanın sədrlik müddətini daha iki il uzatmaq qərarına gəldilər.

Prezident İlham Əliyev Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündəki nitqində ölkəmizə göstərilən bu qlobal etimadı belə qiymətləndirdi: “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm. Biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik. Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır”.


Şərqlə Qərbin kəsişməsində etimad körpüsü


Azərbaycan sədrlik etdiyi bütün beynəlxalq təşkilatlarda olduğu kimi, AQEM-ə də öz uğurlu fəaliyyəti ilə yeni inkişaf gətirdi. Ölkəmiz öz sədrliyini “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” xətti üzərində quraraq, Asiya ölkələrinin real iqtisadi, ticarət və logistika ehtiyaclarına yönəlik konkret addımlar atdı.

Ölkəmiz təşkilatın Nizamnaməsinin yekunlaşdırılması və institusiyalaşmanın tamamlanması, təşkilat çərçivəsində yeni mexanizmlərin yaradılması istiqamətində mühüm işlər görüb. Təşkilat çərçivəsində AQEM Qadınlar Şurası və Maliyyə Şurası təsis edilib. İştirakçı dövlətlərin aparıcı universitetlərinin Tərəfdaşlıq Şəbəkəsinin inkişafı davam etdirilib, biznes forumları, gənclər üçün tədbirlər və digər ixtisaslaşmış görüşlər keçirilib. Cari ildə təşkilatın institusional inkişafı və praktiki əməkdaşlıq istiqamətləri üzrə işlər davam etdirilib. Ən əsası illərdir gözlənilən AQEM-in İmtiyaz və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün lazımi ratifikasiya sayına məhz Azərbaycanın sədrliyi zamanı nail olunub. Həmçinin Laosun təşkilata yeni üzv kimi qəbul edilməsi AQEM-in coğrafi əhatəsini daha da genişləndirdi.

Prezident İlham Əliyev  Zirvə Görüşündə ölkəmizin bu əməli fəaliyyətlərinə diqqət çəkdi: “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir”.

Dövlətimizin rəhbəri onu da əlavə etdi ki, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür: “Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.

Asiya ölkələri ilə inkişaf edən ikitərəfli və çoxtərəfli əlaqələr ölkəmizin iqtisadi gücünün və geostrateji imkanlarının artmasına birbaşa xidmət edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün Asiya regionu ilə əlaqəliliyin dərinləşməsi bugünlə yanaşı, həm də gələcək onilliklərin dayanıqlı inkişaf strategiyasına xidmət edir. 

Dünyada ziddiyyətlərin artdığı, dövlətlər arasında etimadın sarsıldığı bir dövrdə Bakının müxtəlif siyasi baxışlara malik ölkələri eyni masa arxasında toplaması böyük diplomatik uğurdur. Ölkəmiz müxtəlif qütblər arasında həm də siyasi və mədəni dialoq bağlarını möhkəmləndirir. 

Azərbaycanın xarici siyasəti bərabərhüquqluluq, suverenliyə hörmət və daxili işlərə qarışmama prinsipləri üzərində qurulub. Məhz buna görə də hətta öz aralarında gərginlik olan ölkələr belə ölkəmizin evsahibliyinə və qərəzsizliyinə inanır, Bakı platformasında qlobal müzakirələrə qatılırlar.


Tarixi zəfərin verdiyi güc


Azərbaycanın qlobal müstəvidə söz sahibi olması həm də öz gücü və iradəsi ilə beynəlxalq ədaləti bərpa etməsindən qaynaqlanır. 30 il boyunca torpaqları işğal altında qalan ölkəmiz öz suverenliyini tam bərpa edərək beynəlxalq münasibətlərdəki ikili standartları da alt-üst etdi. Onilliklər boyu BMT qətnamələrinin kağız üzərində qalması, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq ictimaiyyətin işğalçıya heç bir təzyiq göstərməməsi kimi faktlar dövlətimizin başçısı tərəfindən Zirvə Görüşündə sələndirildi və beynəlxalq sistemin mövcud problemləri diqqətə çatdırıldı. “BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı. Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı”, – deyə Azərbaycan Prezidenti bildirmişdir.

Azərbaycan 2020-ci il Vətən müharibəsində qazandığı zəfərlə həm də beynəlxalq ədaləti təmin etdi. Eyni zamanda dünyadakı bu tip münaqişələrin həlli üçün nümunə ortaya qoydu. Nəticədə onilliklər boyu münaqişə, müharibə ocağı kimi tanınan Cənubi Qafqazda silahlar susdu. Eyni zamanda döyüş meydanında qalib gələn Azərbaycan, qarşı tərəfə təkmil sülh modeli irəli sürməklə də dünyada təkrarsız örnək yaratdı. 

“Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - deyə ölkəmizin rəhbəri bu məqamı Zirvə iştirakçılarının diqqətinə çatdırdı. 

Qalib dövlət olaraq bölgəyə sülh gətirmək, intiqam arxasınca getməyib regionun gələcəyini düşünmək Azərbaycanın nə qədər böyük dövlət təfəkkürünə və mənəvi gücə malik olduğunu göstərir.

AQEM-in ölkəmizdə keçirilən 7-ci Zirvə Toplantısı və Azərbaycanın sədrliyinin daha iki il uzadılması bir daha sübut etdi ki, Bakı artıq yalnız regional mərkəz deyil, qlobalmiqyaslı qərarların verildiyi, dialoq və etimadın ünvanı olan aparıcı diplomatiya paytaxtıdır. Azərbaycan verdiyi vədləri əməli işləri ilə təsdiqləyərək Asiya coğrafiyasında və bütövlükdə beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın mühüm dayaqlarından birinə çevrilib.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Tesla” uçan “Roadster 2” modelini sınaqdan keçirdi  

15:39
16 Oktyabr

Aralıq dənizində dünyanın ən qədim gəmi qalıqları aşkarlanıb  

15:36
16 Oktyabr

Dəmir yollarından metronun dərinliklərinə  

15:32
16 Oktyabr

Ölkəmizin turizm imkanları Samsunda təqdim edilib

15:30
16 Oktyabr

Azərbaycanda 9 ayda 19,86 milyon ton neft hasil edilib

15:28
16 Oktyabr

Azərbaycanın beynəlxalq nüfuzunun və müstəqil siyasətinin təcəssümü  

15:22
16 Oktyabr

Füzulinin dirçəlişi Azərbaycanın iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır  

15:15
16 Oktyabr

ÜST qurğuşun zəhərlənməsi ilə bağlı çağırış edib  

15:12
16 Oktyabr

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:08
16 Oktyabr

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib  

15:07
16 Oktyabr

Müharibə cinayətkarlarının cəzalandırılması ədalətin tələbidir  

15:03
16 Oktyabr

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır  

15:01
16 Oktyabr

Azərbaycanın diplomatik zəfəri  

14:57
16 Oktyabr

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb  

14:55
16 Oktyabr

Monika Inceryte: “Azərbaycanlı tələbələri Litva Energetika İnstitutunda təhsil almağa dəvət edirik”

14:41
16 Oktyabr

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib  

14:36
16 Oktyabr

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb  

14:35
16 Oktyabr

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb  

14:20
16 Oktyabr

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq  

13:32
16 Oktyabr

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib  

13:27
16 Oktyabr

Əmək Məcəlləsində dəyişiklik edilir  

13:18
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!