Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı ölkəmizin müstəqil xarici siyasətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş prinsipial siyasətinin mühüm mesajları ilə yadda qaldı.
Dövlətimizin başçısının vurğuladığı kimi, Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan bu gün Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevrilib. Ölkəmizin nəqliyyat, enerji, iqtisadiyyat, humanitar və digər sahələrdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələr Azərbaycanın regional və qlobal miqyasda artan rolunun göstəricisidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Dövlətimizin başçısının çıxışında Azərbaycanın uzun illər ərzində üzləşdiyi ikili standartlara, Ermənistanın işğalçılıq siyasətinə və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasındakı ədalətsiz yanaşmalara xüsusi diqqət yetirildi. Otuz ilə yaxın davam edən işğal, bir milyondan çox azərbaycanlının doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması, tarixi və dini abidələrimizin məhv edilməsi beynəlxalq hüququn prinsiplərinə zidd olan ağır nəticələr doğurdu. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin uzun illər icrasız qalması beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların bariz nümunəsinə çevrildi.
Azərbaycan bütün bu illər ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışdı. Lakin Ermənistanın təxribatları, sülh danışıqlarına mane olan addımları və yeni ərazilər işğal etmək niyyətini nümayiş etdirən bəyanatları ölkəmizi öz suverenliyini və ərazi bütövlüyünü hərbi-siyasi vasitələrlə təmin etməyə məcbur etdi. 2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da ölkəmiz ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn prinsiplərinə sadiqliyini konkret əməli addımlarla təsdiqlədi.
Cənab Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi mühüm fikirlərdən biri də müharibənin Azərbaycanın seçimi olmadığı, ölkəmizin sülhə üstünlük verdiyi və qalib dövlət olaraq belə, humanist mövqeyini qoruduğu ilə bağlıdır. Azərbaycan xalqı onilliklər ərzində yaşadığı faciələrə, itkilərə və dağıntılara baxmayaraq, intiqamçılıq siyasəti yürütmədi, əksinə, Ermənistanla sülh münasibətlərinin qurulmasını təklif etdi. Bu yanaşma xalqımızın mənəvi dəyərlərinin, dövlətimizin siyasi iradəsinin və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təzahürüdür. Bu gün regionda sülhün qorunması və möhkəmləndirilməsi hər iki tərəfin beynəlxalq hüquqa hörmət etməsindən, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsindən və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradılmasından asılıdır. Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına, iqtisadi əlaqələrin genişlənməsinə və xalqların rifahına xidmət edir. Ölkəmizin mövqeyi aydındır: sülh davamlı olmalı, beynəlxalq hüquq prinsiplərinə əsaslanmalı və qarşılıqlı etimadla möhkəmləndirilməlidir.
AQEM-in ikiillik sədrlik dövründə Azərbaycanın həyata keçirdiyi təşəbbüslər də cənab Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəmi nümayiş etdirir. Təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsi, üzvlük coğrafiyasının genişlənməsi, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqi Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm nəticələrindəndir.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu, milli maraqlarına əsaslanan müstəqil siyasətini və qlobal problemlərin həllində fəal iştirakını bir daha təsdiqlədi. Azərbaycan bu gün yalnız öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş dövlət deyil, eyni zamanda, regionda sülhün, təhlükəsizliyin, etimadın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərən etibarlı tərəfdaşdır.
Fatma Yıldırım,
Milli Məclisin deputatı