Danimarkadakı Kopenhagen Universitetinin alimləri "TESS" kosmik teleskopu ilə unikal üçlü ulduz sistemini kəşf ediblər. "TIC 470710327" adını əldə edən bu ulduz sistemi bir-birinin ətrafında dövr edən iki ulduzdan və həmin ulduzların ətrafında dövr edən yüksək kütləli üçüncü ulduzdan ibarətdir. Alimlər düşünürlər ki, bu sistemdə nə vaxtsa dördüncü ulduz da mövcud olub. Lakin müəyyən müddətdən sonra ulduzlardan biri dördüncü ulduzu udaraq öz ölçüsünü böyüdüb.
Bu cür üçlü ulduz sistemi kainatda nadir rast gəlinən bir hal deyil. Güman olunur ki, mövcud olan bütün ulduz sistemlərinin 10 faizi məhz üçlü ulduz sistemləridir. Keçən il alimlər hətta onların birində ekzoplanet də kəşf ediblər.
"TIC 470710327" digər üçlü ulduz sistemlərindən ölçüsü və forması ilə fərqlənir. Belə ki, bu sistemdə mövcud olan ulduzlar daha böyükdürlər və bir-birinə çox yaxın məsafədə yerləşirlər. Buna görə də onların arasındakı qarşılıqlı cazibə qüvvəsi daha güclüdür.
Bu ulduz sistemində bir-birinin ətrafında dövr edən iki ulduzdan hər biri Günəşdən 12, onların ətrafında dövr edən böyük ölçülü ulduz isə16 dəfə böyükdür. Bir-birinin ətrafında dövr edən 2 mərkəzi ulduz dövretmə prosesini 24, böyük ölçülü ulduz isə 52 günə reallaşdırır. Bu dövretmə sürəti belə böyük ölçülü ulduzlar üçün çox yüksəkdir.
Hazırda alimlər bu ulduz sisteminin necə yarandığını təyin etməyə çalışırlar. Onlar əvvəl güman edirdilər ki, böyük ölçülü ulduz birinci yaranıb və daha sonra digər iki ulduzun formalaşması baş verib. Lakin bu halda böyük ölçülü ulduz digər ikisinin yaranması üçün lazım olan bütün qazı udmuş olmalı idi. Nəticədə digər iki ulduz yarana bilməzdi. Daha sonra alimlər düşünüblər ki, bəlkə də bu 3 ulduz eyni anda yaranıb və müəyyən müddətdən sonra onların arasında qarşılıqlı qravitasiya əlaqəsi yaranıb. Lakin bu fikrin də üstündən xətt çəkilib. Belə ki, bu halda yüksək kütləyə sahib olan ulduz sistemin kənarında yox, mərkəzində yer almalı idi. Daha sonra kompüter modelləşdirməsi sayəsində alimlər təyin ediblər ki, sözügedən ulduz sistemi əslində iki cüt ulduzdan ibarət olub. Birinci cüt ulduz olduğu kimi qalsa da, ikinci cüt stabil şəkildə qalmayıb, hazırda böyük ölçülü ulduzun yerləşdiyi sahədə yerləşib. Alimlərin fikirlərinə görə, təkamül prosesində ikinci cüt ulduzların biri digərini udub. Yəni bu prosesdə ulduzlardan biri digərinin bütün maddəsini əldə edib və nəticədə yerdə qalmış ulduz böyük ölçüyə sahib olub. Bu, iki ulduzun bir-birinə güclü cazibəsi nəticəsində baş verib.