Bundan sonra Ukraynadakı hərbçilər iki aydan çox olmayaraq mövqelərində qalmalı, ardınca isə məcburi rotasiya tətbiq etməlidirlər.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin “Telegram” hesabına istinadla xəbər verir.
Sırskinin sözlərinə görə, döyüş əməliyyatlarının məntiqi cəbhədə dronların dominantlığı ilə dəyişir.
Cəbhə xətti, arxa cəbhə və döyüş birləşmələrinin dərinliyi anlayışları əhəmiyyətli dərəcədə dəyişdirilib. Həm döyüş meydanında, həm də cəbhə xəttindən arxa cəbhəyə logistika və hərəkət daha mürəkkəbləşib.
“Həm təmas xəttində, həm də müdafiənin dərinliklərində tapşırıqlar yerinə yetirən hərbçilərin həyatını və sağlamlığını qorumaq üçün cəbhə xəttində olan hərbçilərin rotasiyasını tələb edən əmr imzaladım”, - deyə Baş komandan qeyd edib.
Sırski vurğulayıb ki, komandirlər hərbi qulluqçuların iki aya qədər vəzifələrində qalması üçün şərait yaratmalı, daha sonra isə bir aydan gec olmayaraq yerinə yetirilməli olan məcburi rotasiya həyata keçirməlidir.
Rotasiyalar vəziyyət, döyüş əməliyyatlarının xarakteri, mövcud qüvvə və vasitələr nəzərə alınmaqla əvvəlcədən planlaşdırılmalıdır.
Əmrdə, həmçinin döyüş tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular üçün tibbi müayinələr və istirahət müddətləri, vəzifələrində döyüş (xüsusi) tapşırıqları yerinə yetirən hərbçilərin vaxtında sursat və ərzaq təminatı da daxil olmaqla məcburi tələblər müəyyən edilib.
“Əmrin tələblərinə riayət olunmasına ciddi nəzarət olunacaq. Pozuntular mövcud qanunvericiliyə və Ukrayna Silahlı Qüvvələrinin nizamnaməsinə uyğun olaraq qaçılmaz məsuliyyətə səbəb olacaq. Əmrin icrası cəbhə xəttində döyüş tapşırıqlarını yerinə yetirən bütün bölmələr üçün məcburidir”, -deyə Sırski qeyd edib.