24 May 2023 09:40
979
SİYASƏT
A- A+

Uğurlu sosial inkişaf strategiyasının müəllifi

 

Böyük tarixi şəxsiyyətləri xarakterizə edən əsas xüsusiyyətlərdən ən başlıcası onların vətəninə və xalqına sıx bağlılığı, siyasi kamilliklə vətənə, xalqa bağlılıqdan yoğrulmuş mənəvi yetkinliyi öz fəaliyyətlərində eyni dərəcədə bütöv şəkildə təcəssüm etdirmələridir. Dünyaşöhrətli müdrik siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, bütün türk dünyasının iftixarı olan və 100 illik yubileyini dərin ehtiram hissi ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, böyük perspektivlərə doğru inamla addımlaması naminə misilsiz tarixi xidmətlərinin əsasında da ilk növbədə onun vətəninə və xalqına sıx bağlılığı, zəmanəmizin ən böyük azərbaycanlısı olması dayanıb. Onun müəllifi olduğu uğurlu sosial inkişaf strategiyası da məhz əhalinin rifahına olan böyük qayğıya əsaslanır.
Özünün şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geridə qalmış aqrar respublikasından ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Hələ həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin 2,6 dəfə, adambaşına düşən milli gəlirin 3 dəfəyə yaxın, sənayedə əmək məhsuldarlığının 2,1 dəfə artımı baş verib. Bu inkişaf prosesləri öz növbəsində sosial sahədə, məşğulluğun təminatı və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişləri ehtiva edib. 1970-80-ci illərdə əsasən Bakı və bölgələrdə inşa olunaraq istifadəyə verilən yüzlərlə obyektlər eyni zamanda çoxsaylı yeni iş yerlərinin yaranmasına, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, sosial rifahın yaxşılaşdırılması sahəsində mühüm nailiyyətlərə imkan verib. 
Eyni zamanda Ulu Öndər 1970-80-ci illərdə sürətlə inkişaf edən iqtisadiyyatın tələblərinə uyğun, hətta nadir peşələr üzrə mütəxəssis potensialının yaradılması nümunəsini yaradıb. Qeyd olunan dövrdə respublikadan kənara - SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəbinə oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, 1975-ci ildə onların sayı hər il 600 nəfərə, sonralar 900-1000-ə çatıb. Həmçinin milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi formalaşdırmaq üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib. Ümumilikdə həmin illərdə məşğulluğun artımı ilə yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artmasına nail olunub. Ən mühüm tarixi nailiyyətlərdən biri olaraq Ulu Öndər Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərində Azərbaycanda yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb ölkəmizdə milli zabit heyətinin formalaşmasında müstəsna rola malikdir və 2020-ci ildə möhtəşəm zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsində də həmin hərbi məktəbin yetirmələri böyük şücaətlər göstərərək şanlı qəhrəmanlıq tarixi yazıb. 
Ümumilikdə ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensial yaradılıb. Ümummilli Lider Heydər Əliyev sonralar çıxışlarının birində deyib: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır".
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə bütün sahələrdə yaranan ağır vəziyyət, kəskin böhran, gündən-günə dərinləşən siyasi, sosial-iqtisadi tənəzzül ölkəmizi dövlətçiliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Əhalinin pul gəlirləri 1991-1993-cü illərdə real ifadədə 4 dəfə aşağı düşmüş, əməkhaqqı gəlirləri 8,2 dəfə azalmış, ölkə istehsal potensialının demək olar ki, üçdəikisini itirmiş, inflyasiya sürətlə artaraq dördrəqəmli həddə çatmışdı. Bütün bu proseslər işsizlik və yoxsulluğun getdikcə kəskin şəkil alması ilə nəticələnirdi və ağır böhran insanlarda dərin ümidsizlik, sabaha inamsızlıq yaratmışdı. 
Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən Azərbaycanın rəhbərliyinə qayıdışı ölkəmizin xilasına və müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə imkan verdi. Bu tarixi qayıdış Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etdi. Müasir Azərbaycan dövlətinin qurulmasını və uzunmüddətli inkişaf yoluna səfərbər olmasını yüksək səviyyədə təmin edən Ulu Öndər Heydər Əliyev eyni zamanda xalqa, əhalinin rifahına böyük qayğısından irəli gələn və daim güclənən milli sosial müdafiə sistemini formalaşdırdı. 
Məhz tarixi qayıdış ilindən - 1993-cü ildən başlayaraq əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının, yaşlı insanların, tənha ahılların, əlilliyi olan şəxslərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi, sosial təminatın əhatə dairəsinin genişləndirilməsi istiqamətlərində Ümummilli Lider Heydər Əliyev tərəfindən ardıcıl sənədlər, dövlət proqramları imzalanıb. Digər tərəfdən uğurlu iqtisadi islahatlar, özəlləşdirilmənin qanunvericilik bazasının yaradılması, 1995-ci ildən başlayaraq uğurla həyata keçirilən torpaq islahatları, kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borclarının silinməsi və torpaq vergisindən başqa bütün digər vergi ödəmələrindən azad edilməsi və sair ölkəmizdə iqtisadi inkişaf proseslərinə və bu da əhalinin rifah halında müsbət dəyişikliklərə səbəb olub. Ulu Öndərin sosial sahəyə xüsusi qayğısı eyni zamanda onun tərəfindən ölkənin sosialyönümlü iqtisadi inkişaf strategiyasının yaradılmasında öz təsdiqini tapır və daim artan iqtisadi imkanlar vətəndaş rifahında sosial irəliləyişlərə yol açır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanıb. 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verib. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında xalqın rifahının yüksəldilməsi dövlətin məqsədi kimi bəyan olunur. Konstitusiyanın 16-cı maddəsində qeyd olunur: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".
Ulu Öndərin müvafiq fərmanına əsasən, respublikada əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən dövlət qurumu - hazırkı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun əmək və məşğulluğa dair qanunvericilik yaradılıb. Habelə onun tapşırığı ilə "Əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı", Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası qəbul olunub. Digər mühüm addımlardan biri kimi 2000-ci ildə Azərbaycan BMT-nin "Minilliyin Bəyannaməsi"nə qoşularaq ölkədə yoxsulluğun azaldılması məqsədilə konkret proqramlara başlanıb. 20 fevral 2003-cü ildə qəbul edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" ölkədə yoxsulluğun azaldılması istiqamətində mühüm nəticələrə nail olmağa imkan verib. 
Ümummilli Lider Heydər Əliyev tərəfindən şəhid ailələrinə daim xüsusi diqqət və qayğı göstərilib. "Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir" deyə bəyan edən Ulu Öndərin təşəbbüsü və tapşırığı ilə hələ ötən əsrin 90-cı illərində mühüm sosial müdafiə proqramlarına - şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə, müharibə ilə əlaqədar əlilliyi olanların avtomobillə təminatı proqramlarına başlanıb. O, həmin tədbirlərin bir qismində şəxsən iştirak edib, Vətənin müdafiəsi naminə döyüşlərdə iştirak etmiş insanların, şəhid ailələrinin daim dövlətin qayğısı altında olacaqlarını bəyan edib. 
Ümummilli Lider Heydər Əliyevin sosial sahəyə diqqət və qayğısı nəticəsində ölkəmizdə çoxsaylı yeni sosial obyektlər açılıb, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası üçün reabilitasiya infrastrukturu təkmilləşdirilməklə bütün bölgələr üzrə şəbəkəsinin genişləndirilməsi işləri aparılıb. Eyni zamanda hələ ötən əsrin 90-cı illərində Ulu Öndərin qayğısı nəticəsində ölkəmizdə əlilliyi olan şəxslərin qabiliyyət və istedadlarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün ümumrespublika tədbirlərinin təşkilinə başlanıb. 
Müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan sürətli inkişafa nail olaraq, mühüm tarixi uğurlar, qələbələr əldə edib. 2003-cü ildən milli iqtisadiyyatın 3,4 dəfə artımına nail olunub. 2020-ci ildə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük qısa bir dövr ərzində uğurlu hərbi əməliyyatlar aparmaqla beynəlxalq səviyyədə tanınan ərazilərini azad edib, xalqımızın 30 illik həsrətinə son qoyulub. 
"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır" deyən dövlət başçısının tapşırıqlarına əsasən, ölkəmizdə sosial sahədə ardıcıl və məqsədyönlü islahatlar aparılaraq, sosial müdafiə sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının xeyli genişləndirilməsi, müasir və etibarlı, dayanıqlı sosial təminat sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. Prezident cənab İlham Əliyevin fərman və sərəncamları ilə xüsusilə son 5 ildə ölkəmizdə sosial sahədə geniş-miqyaslı inqilabi islahatlar - 4 sosial islahat paketi icra olunmaqla vətəndaş rifahının təminatı istiqamətində ciddi irəliləyişlər təmin edilib. Bu 4 sosial islahat paketi üzrə 6,8 milyard manat əlavə vəsait ayrılıb.
Beləliklə, aparılan sosial islahatlar nəticəsində son beş ildə minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə 5 dəfə artım baş verib.
Hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə başlanan mühüm sosial proqram - şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı uğurla davam etdirilib. 
Tarixi zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident cənab İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib: bu dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4760, ümumilikdə ötən dövrdə isə 13560 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi evin həmin kateqoriyadan olan vətəndaşlarımıza verilməsi işləri aparılır və bu il artıq 260 mənzil və fərdi ev onlara təqdim olunub.
Ümumilikdə postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi artıq 124 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 285 min xidmət göstərilib. O cümlədən şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 565 şəxsə sığorta ödənişi edilib, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər il artırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 (ümumilikdə ötən dövrdə 7500-dən çox) avtomobil təqdim edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1920 şəxs 36 868 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 414 şəxs 431 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Postmüharibə dövründə həmçinin şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 17,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub, vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 83,7 min şəxsə xidmətlər göstərilib və sair.
Son illərin uğurlu sosial islahat nümunələrindən biri də DOST konsepsiyasıdır. Dövlət başçısının fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri və Abşeron rayonunda olmaqla 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Artıq 1,5 milyon vətəndaşa DOST xidməti göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faizdir. 
Hazırda Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallıda da DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. İşğaldan azad edilmiş bölgələrimizdə də DOST xidmətləri qurulur və başlanğıc kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə Cəbrayılda regional DOST mərkəzi və peşə hazırlığı mərkəzi, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filialları, Kəlbəcərdə reabilitasiya mərkəzi yaradılacaq. 
Mühüm sosial uğurlardan biri kimi, son illər ölkəmizdə müasir reabilitasiya və sosial xidmət infrastrukturu da qurulub, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında Bakıda Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı - sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafına dəstək verən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi açılıb. 
Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqində də son illər mühüm nailiyyətlər əldə edilib. Nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq elektronlaşdırılıb, 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatı mexanizmləri işə salınıb. Son beş ildə e-sistemlər üzərindən 534 milyon müraciət və sorğu cavablandırılıb, nazirliyin e-xidmətlərinə 63 milyon müraciət qeydə alınıb, 3 milyon e-arayış verilib, 695 min proaktiv təyinat aparılıb, 664 min e-fərdi hesab açılıb. 
Prezident cənab İlham Əliyevin tapşırıqları ilə son 5 ildə Azərbaycanda aparılan sosial islahatların nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun təzahürü olaraq, DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin "Avropa Sosial Xidmətlər Mükafatı"na, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 3 mükafatına və Mükəmməllik Sertifikatına və sair layiq görülüb, 4 beynəlxalq ISO sertifikatı əldə edib. Yəni DOST Agentliyi artıq 9 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Eyni zamanda hazırda bir çox ölkə, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənir və onu tətbiq etməyə maraq göstərirlər. 
Həmçinin nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) son 5 ildə aparılan islahatlar, inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçid, idarəçilik və xidmətlərin müasir innovativ texnologiyalar üzərində qurulması, proaktiv təyinat xidmətlərinin, optimal, şəffaf iş mexanizmlərinin tətbiqi beynəlxalq səviyyədə maraqla qarşılanaraq yüksək qiymət alır. 
Ötən il və bu ilin ilk aylarında DSMF 10 beynəlxalq mükafatla (o cümlədən Böyük Britaniyada keçirilən "Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat" müsabiqələrində "2022-ci ilin Beynəlxalq Dövlət Qurumu" və "Sosial təminat sahəsində islahata görə Mükəmməllik Sertifikatı", "2023-cü ilin Qalibi" ali mükafatları, BSTA-nın mükafatı və daha 2 mükəmməllik sertifikatı, Malayziyada keçirilən beynəlxalq müsabiqədə 1 qızıl, 2 xüsusi mükafat və s.) ilə təltif olunub. 
Nazirliyin iki innovativ sosial layihəsi - 2019-cu ildən istifadəyə verilən e-sosial.az portalı və 2022-ci ildə işə salınan "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) isə bu ilin ilk aylarında BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2023" (Cenevrə) çərçivəsində keçirdiyi, müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi müsabiqədə "Çempion layihə" mükafatları, habelə ötən il "IDDA Awards" müsabiqəsində ƏMAS "İlin Rəqəmsal Layihəsi" mükafatına layiq görülüb. 
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi vebsaytı (www.dma.gov.az) isə "Qlobal Hökumət Mükəmməlliyi" (Global Government Excellence) mükafatı üzrə "İlin vebsaytı" nominasiyasının qalibi olaraq ən yüksək mükafat - "Platinum" mükafatı ilə təltif olunub. 
Qeyd olunanlarla yanaşı, son iki ildə nazirliyimizin qurumları "Keyfiyyətli idarəetmə sistemi", "Korrupsiyaya qarşı idarəetmə sistemi", "Müştəri məmnunluğu və şikayətlərin idarə edilməsi sistemləri" üzrə 12 ISO sertifikatı da əldə ediblər. Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatlar təkcə ötən il və bu ilin ötən dövründə 33 beynəlxalq mükafat və sertifikata layiq görülüb.
Qalib Azərbaycanın bütün sahələrdə əldə etdiyi tarixi nailiyyətlər, qələbələr Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident tərəfindən yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirilən müdrik və uzaqgörən milli inkişaf strategiyasının uğurlarıdır. Ulu Öndərimizin həmişəyaşar ideyalarının işığında ölkəmiz öz böyük gələcəyinə doğru daim inamla irəliləyəcəkdir.

Sahil BABAYEV,
əmək və əhalinin sosial müdafiəsi naziri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video