14 Mart 2023 01:28
746
Mədəniyyət
A- A+
Ucaltdığı abidələrdə yaşayan memar

Ucaltdığı abidələrdə yaşayan memar

 

Hər bir xalq öz şəxsiyyətləri ilə böyüyür və milli qürur hekayəsini yaradır. Azərbaycanın ilk ali təhsilli rəssam-memarı, bu il anadan olmasının 150-ci ildönümü tamamlanan Zivər bəy Əhmədbəyovun da adı hər bir soydaşımız üçün qürur mənbəyidir. O, ömrünün erkən çağlarından mehrini memarlıq sənətinə salmışdı. Onun sirlərini dərindən öyrənmiş, Bakıda, eləcə də Vətənin başqa guşələrində bir-birindən gözəl abidələr ucaltmışdı. 

 

Ziyalı ailənin sonbeşiyi 

 

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində anadan olub. Atası Gəray bəy Şamaxıdakı quberniya idarəsində kiçik məmur vəzifəsində işləyirdi. Ömrünü maarif işinin təşkilinə həsr etmişdi. Anası Töhfə xanım da o dövrün şərtləri daxilində yaxşı təhsil görmüşdü. Ədəbiyyata, musiqiyə dərindən bələd idi, hətta şeirlər də yazırdı. Gəray bəylə Töhfə xanımın ailəsində 9 övlad böyüyürdü. Zivər bəy ailənin sonbeşiyi idi. 
Zivər bəy Əhmədbəyov ilk təhsilini mədrəsədə almışdı. Uşaqlıqdan ədəbiyyata, musiqiyə, rəssamlığa böyük maraq göstərirdi. Təhsildəki nailiyyətlərini nəzərə alaraq 1893-cü ildə ona Sankt-Peterburqda yerləşən I Nikolay adına Mülki Mühəndislər İnstitutunda oxumaq üçün göndəriş verirlər. Həmin dövrdə memarlıq ən nüfuzlu peşələrdən idi və bu ali təhsil ocağında əsasən varlı zadəgan övladları təhsil alırdılar. Zivər bəy burada seçdiyi sənətə mükəmməl yiyələnir. 1902-ci ildə institutu uğurla başa vurub Bakı Quberniya İdarəsində işə başlayır. 
Bu o zaman idi ki, Zivər bəy ali təhsilini başa vurub Vətənə qayıtdığı il - yəni 1902-ci ildə Şamaxıda çox güclü zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində şəhərdə 4 min yaşayış evi, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarca ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olmuşdu. Şamaxı qəzasında yerləşən 126 kənddə də 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri dağılmışdı. Zəlzələdən sonrakı illərdə Şamaxıda dağıntıların aradan qaldırılması istiqamətində böyük  işlər aparılırdı və burada Zivər bəy Əhmədbəyov kimi peşəkar memarlara çox ehtiyac vardı. Həmin dövrdə o, şəhərin məhəllələrinin düzgün planlaşdırılmasına və tikilməsinə, zəlzələ zamanı ziyan dəymiş Şamaxı Cümə Məscidinin bərpası layihəsinin hazırlanmasına böyük əmək sərf etdi.

 

Maraqlı tarixçə

 

Zivər bəy Əhmədbəyovun 1902-ci ildə, demək olar ki, yarısı dağılmış bu tarixi abidənin bərpası layihəsini hazırlamasının, amma bərpa işlərini onun özünə deyil, Bakıda yaşayan polyak memar İosif Ploşkoya tapşırılmasının da maraqlı tarixçəsi var. Belə ki, zəlzələdən bir qədər sonra - 1903-cü ilin oktyabr ayında Cümə məscidinin bərpasına ianə toplamaq məqsədilə komitə yaradılır. Ölçmə çertyojları və başqa materiallar olmadığına görə abidəni tam bərpa etmək çətin görünürdü. Tikilinin memarlıq dəyərini qiymətləndirməyə qabil olmayan, ona tarixi abidədən daha çox dini ibadət məkanı kimi baxan komitə üzvləri məscidin qədim bünövrəsinin və qorunmuş hissələrinin saxlanılması əsasında bərpasını məqbul sayırlar. Komitənin tapşırığı əsasında Şamaxı Cümə Məscidinin bərpası üzrə layihə hazırlayan Zivər bəy Əhmədbəyov isə həm dağılmış binanın cizgilərini saxlamağa, həm də binanın qalan hissələrindən istifadə etməyə çalışırdı. Gənc memarın rəhbərliyi ilə kürsü daşı qoyulur, mərkəzi mehrabın arxa divarı qismən tikilir, yan divarların inşası da davam etdirilərkən Zivər bəylə komitə arasında hansısa səbəbdən narazılıq yaranır. İnşaat işləri dayandırılır və Zivər bəy tikintini tərk edir. Daha sonra bu işə İ.Ploşko cəlb olunur. O, Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlayaraq, layihəni bir qədər də təkmilləşdirir və məscidin bərpası başa çatdırılır. 
Erməni daşnaklarının 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxıda törətdikləri qırğınlar zamanı insanların bir hissəsi xilas ümidi ilə qaçıb bu məscidə sığınmışdılar. Daşnaklar isə məscidə od vurub içəridəkiləri yandırmış, üstəlik, top mərmisi ilə Cümə məscidinin 4 minarəsini uçurmuşdular. Lakin məscidin divarları ümumən salamat qalmışdı. 
Prezident İlham Əliyevin sərəncamına əsasən, 2010-2013-cü illərdə Şamaxı Cümə Məscidində də tarixi görkəmi qorunmaqla əsaslı təmir-bərpa işləri aparılıb və abidə bu gün keçmişdən soraq gətirən ruhu, görkəmi ilə göz oxşayır.

 

Memarın şah əsəri - Təzəpir məscidi

 

1905-1914-cü illərdə Zivər bəyin layihəsi əsasında Bakıda Təzəpir məscidi inşa olunur. Azərbaycan tarixində özünəməxsus yer tutan bu memarlıq abidəsinin layihəsini hazırlamaqdan ötrü Zivər bəy Əhmədbəyov çox ciddi çalışır. Məscidin tikintisini dövrünün məşhur xeyriyyəçi xanımlarından Nabat xanım Aşurbəyova maliyyələşdirmişdi. Layihə üzərində işləyərkən müxtəlif Şərq ölkələrinin məşhur məscidlərinin memarlıq xüsusiyyətlərindən də bəhrələnməsi üçün Nabat xanım Zivər bəyi ayrı-ayrı ölkələrə, dini abidələri ziyarət etməyə göndərir. Uzunmüddətli ziyarətdən qayıdan memar arzuladığı hündür minarəli yaraşıqlı məscidin layihəsini Nabat xanıma təqdim edir. Əfsuslar olsun ki, Bakı Quberniya İdarəsinin qoyduğu müəyyən məhdudiyyətlərə görə minarəni nəzərdə tutulan hündürlükdə inşa etmək mümkün olmamışdı. Bu məhdudiyyət də onunla bağlı idi ki, təxminən eyni vaxtda Təzəpirə yaxın ərazidə el arasında "Qızıllı kilsə" kimi tanınan Aleksandr Nevski pravoslav kilsəsi tikilmişdi. Quberniya İdarəsi Təzəpir məscidinin öz hündürlüyü və yaraşığına görə həmin kilsədən üstün olmasını istəmirdi. Ona görə idarədən Zivər bəyə ciddi xəbərdarlıq edilir ki, Təzəpir məscidi Aleksandr Nevski kilsəsindən hündür tikilməməlidir. Beləliklə, Zivər bəy hazırladığı layihədə bəzi dəyişikliklər etmək məcburiyyətində qalır. 
Görkəmli memar Təzəpir məscidindən başqa o illərdə Göyçaydakı Əbülfəzl Abbas məscidini, Şamaxıdakı İmam məscidini,  Cümə məscidini, Bakıda tikilmiş "Səadət" məktəbinin binasını, "İttifaq" məscidini, müxtəlif yaşayış evləri və digər tikililəri, həmçinin  Əmircanda məşhur Bakı milyonçusu Murtuza Muxtarovun tikdirdiyi məscidin binasını da layihələndirmişdi. Əmircandakı məscid bir zamanlar Azərbaycanın ən hündür minarəli məscidi hesab olunurdu. Onun minarələrinin hündürlüyü 40 metrdən artıqdır. Murtuza Muxtarov məscidi Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb.

 

Milli irslə Avropa üslubunun vəhdəti

 

Zivər bəy Əhmədbəyovun böyük sənətkarlıq istedadı ilə ucaltdığı və bu gün də Bakının memarlıq inciləri sırasında özünəməxsus rol oynayan tikililərdən biri də paytaxt sakinləri arasında Əjdərbəy məscidi, yaxud "Göy məscid" kimi tanınan abidədir.  
Bu məscid dövrünün xeyriyyəçilərindən olan Əjdər bəy Aşurbəyovun vəsaiti ilə tikilmişdi. O, Təzəpir məscidinin inşasını maliyyələşdirmiş Nabat xanım Aşurbəyovanın qardaşı idi. Deyilənə görə, bacısı Təzəpir məscidini tikdirməyə başlayanda qardaşı Əjdər bəy onun yanına gəlib köməyini təklif edir. Nabat xanım isə tövsiyə edir ki, Təzəpirin inşasına kömək göstərməkdənsə, özü daha bir məscid tikdirsin. Beləliklə, Əjdər bəy Aşurbəyov 1905-ci ildə məscid inşa etdirmək qərarına gəlir və Zivər bəy Əhmədbəyovdan kömək istəyir. Tikili üçün Bakıda münasib yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazi bəyənilir və məscidin bünövrəsi qoyulur. Əjdərbəy məscidinin memarlıq xüsusiyyətlərinin özünəməxsus cəhətləri ondadır ki, bu tikilidə Kəbənin, Kərbəla məscidinin müəyyən elementlərindən istifadə olunub. 
Milli memarlıq irsi Zivər bəy Əhmədbəyovun yaradıcılığında aparıcı xətt təşkil edirdi. Bununla yanaşı, görkəmli memar Avropa klassisizminin uğurlarından da bəhrələnirdi. Onun layihələri ilə Bakıda inşa edilmiş "Doğum evi"nin, "Uşaq xəstəxanası"nın (indiki Elmi-Tədqiqat Ana və Uşaq Mühafızəsi İnstitutu), həmçinin Bakıda və Şamaxıda tikilmiş bir sıra yaşayış evlərinin memarlıq elementlərində bunu müşahidə edə bilərik. 

 

Şamaxıda ilk kitabxana

 

Zivər bəy Əhmədbəyov ictimai fəaliyyətlə də məşğul olurdu. 1917-ci ildə o, islam mədəniyyəti abidələrini qoruyan, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaratmışdı. Şamaxıda doğulub-böyüyən Zivər bəyi bu şəhərdə kitabxananın olmaması çox narahat edirdi. Buna görə də Şamaxıda kitabxana binası tikərək onu lazımi kitablar və digər vəsaitlərlə təmin etmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəri dövründə o, artıq Bakının baş memarı kimi fəaliyyət göstərirdi. Şəhərin daşnaklardan və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası"ndan azad olunması zamanı şəhid olmuş azərbaycanlı və türk əsgərlərinin xatirəsini əbədiləşdirmək məqsədilə keçmiş Çəmbərəkənd qəbiristanlığında - indiki Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksinin layihəsi də məhz Zivər bəy Əhmədbəyova məxsusdur. Altıbucaqlı türbə görünüşündə olan həmin layihədə Orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə edilmişdir. 
Zivər bəy təkcə memarlıq sahəsində böyük istedad sahibi deyildi. O, rəssamlıqla da məşğul olur, həmçinin royalda və skripkada çox gözəl musiqi əsərləri ifa etməyi bacarırdı. Böyük sənətkar Tovuz və Gədəbəy rayonları ərazisində böyük torpaq sahələri olan məşhur zadəgan Allahyar bəy Zülqədərovun qızı Şövkət xanımla ailə qurmuşdu və bu izdivacdan Firəngiz adlı qızları dünyaya gəlmişdi. Amma bu evliliyin ömrü uzun sürməmişdi. 
 Zivər bəy Əhmədbəyovun evi Bakının Çəmbərəkənd deyilən hissəsində idi. Zəngin kitabxana yaratmışdı, Rusiyanın, Avropanın müxtəlif şəhərlərindən gətirdiyi rəssamlıq və heykəltaraşlıq nümunələrindən ibarət böyük kolleksiyası da vardı.

 

Ölüm hökmünü özü verdi

 

Əfsuslar olsun ki, bolşeviklərin zorakı metodlarla hakimiyyəti ələ keçirmələri və öz zəmanələrinin ən işıqlı şəxsiyyətlərinə qarşı başlanan kütləvi repressiyalar Zivər bəy Əhmədbəyovun da taleyindən səmum yeli kimi əsərək onu bu həyatdan qoparıb apardı. Zivər bəy cinayət əməlləri heç bir sərhəd tanımayan qırmızıların öz terrorçu hərəkətləri ilə cəmiyyəti hara sürüklədiklərini yaxşı anlayırdı. Mühitindəki ziyalıların, ünsiyyətdə olub ülfət qurduğu dost-tanışlarının çoxu öldürülmüş, həbsə atılmış, bir qədər bəxti gətirənlər böyük əzab-əziyyətlərlə ölkə xaricinə adlayıb qürbətdə məskunlaşa bilmişdilər. Zivər bəy baş verənləri aydın görür, özünə qarşı yönələn təzyiqləri hiss edir, qətl və ya həbs növbəsinin tezliklə ona da çatacağını duyurdu. Artıq 1925-ci ilə doğru psixoloji gərginlik elə həddə çatmışdı ki, Zivər bəy Əhmədbəyov ya qürbəti, ya Vətəndə ölümü seçməli idi. O, ikincini, Vətən torpağına qarışmağı seçdi və öz ölüm hökmünü başqalarının verməsini də gözləmədi. 1925-ci ilin 16 fevral günü Çəmbərəkənddə yerləşən evində özünü güllələdi. Dünyadan köçəndə cəmi 52 yaşı vardı, istedadının, memarlıq qüdrətinin ən parlaq vədələrində Azərbaycanın müxtəlif şəhərlərində hələ nə qədər abidələr ucalda bilərdi... 
Ölümündən sonra Çəmbərəkənd qəbiristanlığında dəfn olunan Zivər bəyə məzarda da rahatlıq vermədilər. 1931-ci ildə hökumətin qəbul etdiyi qərarla Çəmbərəkənd qəbiristanlığı dağıdıldı. Məzarların üstündə Dağüstü park salındı. Zivər bəyin yeganə övladı Firəngiz xanım atasının məzarını indiki Fəxri xiyaban ərazisinə köçürsə də, bir neçə ildən sonra Fəxri xiyabanın qurulması ilə əlaqədar köhnə qəbiristanlıq alt-üst edildi və Zivər bəy Əhmədbəyovun məzarı itərək, torpağa qarışdı. Bu da bir taledir bəlkə... 
Qədirbilən xalqımız, dövlətimiz Azərbaycan tarixində nəcib izləri olan başqa böyük şəxsiyyətlərimiz kimi, Zivər bəy Əhmədbəyovun da irsinə böyük dəyər verir. 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, metronun "Nizami" stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı oldu. Memarın heykəli onun layihəsi ilə tikilmiş binanın önündə ucalır. Yaxınlıqdakı küçəyə də bu görkəmli memarın adı verilib. 
Zivər bəy Əhmədbəyov da bizə böyüklüyümüzü göstərən, bu hekayədə adı əbədi yer tutan şəxsiyyətlərimizdəndir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!