14 Oktyabr 2026 17:34
1269
SİYASƏT
A- A+
Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

Azərbaycan-Türkiyə münasibətləri gündəlik siyasi hadisələrin, müvəqqəti müzakirələrin və fərqli baxışların çərçivəsinə sığmayacaq qədər köklü, tarixi və strateji xarakter daşıyır. Bu münasibətlər yalnız iki dövlət arasındakı diplomatik əlaqələrdən ibarət deyil. Ortaq tarix, dil, mədəniyyət, tale, mübarizə və gələcək baxışı üzərində qurulmuş qardaşlıq münasibətləridir. Bu birliyin daha da möhkəmlənməsi qarşılıqlı suverenliyə hörmət, milli həssaslıqların anlaşılması, ortaq maraqların qorunması və strateji həmrəylik prinsiplərinə bağlıdır.

Son günlər Azərbaycanda vahid məktəbli formasının tətqbiqi ətrafında yaranan müzakirələrin Türkiyə mediasının bəzi platformalarına daşınması, məsələnin siyasi və ideoloji müstəvidə qiymətləndirilməsi, eləcə də Azərbaycan Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu tərəfindən yayılan bəyanat diqqətlə yanaşılmalı olan məsələlərdir. Bu müzakirələrə yalnız məktəbli forması və hicab məsələsi kimi baxılması problemin daha geniş strateji mahiyyətini diqqətdən kənarda qoya bilər. Burada dövlətlərin suveren hüquqları, milli təhsil siyasəti, dünyəvilik və din azadlığı arasındakı tarazlıq, uşaq hüquqlarının qorunması, medianın məsuliyyəti və informasiya təhlükəsizliyi kimi mühüm məsələlər ön plana çıxır.

Bu fikirlər Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzun məqaləsində öz əksini tapıb. AZƏRTAC məqaləni təqdim edir:


Qardaşlıq bir-birinin əvəzinə qərar vermək deyil, qarşılıqlı qərarvermə hüququna hörmət göstərməkdir


“Hər bir müstəqil dövlətin öz daxili və xarici siyasətini, konstitusiya quruluşunu, milli təhsil sistemini, ictimai münasibətlərini və təhlükəsizlik prioritetlərini müəyyənləşdirməsi həmin dövlətin və xalqın ayrılmaz suveren hüququdur. Dövlətlər qardaş və strateji müttəfiq ola bilərlər, lakin bu yaxınlıq bir-birinin daxili işlərinə müdaxilə etmək və ya milli həssaslıqları nəzərə almamaq hüququ vermir. Türkiyə öz konstitusiya quruluşu və ictimai ehtiyacları əsasında siyasətini müəyyənləşdirdiyi kimi, Azərbaycanın milli təhsil, dünyəvilik, ictimai nizam və təhlükəsizlik sahələrində həyata keçirdiyi siyasət onun suverenlik səlahiyyətlərinə daxildir. Qardaşlıq bir-birinin əvəzinə qərar vermək deyil, qarşılıqlı qərarvermə hüququna və tarixi təcrübəyə hörmət göstərməkdir. Hər bir ölkənin tarixi təcrübəsi, demoqrafik quruluşu, ictimai dinamikası, din-dövlət münasibətləri və təhlükəsizlik həssaslıqları fərqlidir. Buna görə də bir ölkədə tətbiq olunan təhsil və ya ictimai tənzimləmə modelinin başqa ölkəyə onun özünəməxsus şərtləri nəzərə alınmadan meyar kimi təqdim edilməsi düzgün yanaşma sayıla bilməz. Türkiyə-Azərbaycan münasibətlərinin gücü məhz fərqli milli təcrübələrə hörmət və ortaq maraqların qorunması ilə bağlıdır. Azərbaycan dünyəvi dövlət modelini qəbul etmiş, din və vicdan azadlığını təmin edən müstəqil ölkədir. Ümumtəhsil müəssisələrində məktəbli geyiminin tənzimlənməsi Azərbaycanın qanunvericiliyi, təhsil siyasəti və ictimai ehtiyacları çərçivəsində nəzərdən keçirilməlidir. Dövlətin təhsil sistemində nizam-intizamı qorumaq məsuliyyəti olduğu kimi, fərdlərin fundamental hüquqlarını təmin etmək öhdəliyi də mövcuddur.

Bu məsələdə Türkiyə və Azərbaycan mediasının üzərinə mühüm məsuliyyət düşür. Medianın tənqid etməsi, fərqli fikirləri gündəmə gətirməsi və fundamental hüquqlarla bağlı məsələləri müzakirəyə çıxarması demokratik cəmiyyətin təbii tələbidir. Bununla yanaşı, tənqidlə qərəz, xəbərlə təbliğat, ictimai həssaslıqla siyasi yönləndirmə arasındakı sərhədlər qorunmalıdır. Azərbaycanın daxili qanunvericiliyi, təhsil sistemi, tarixi təcrübəsi və təhlükəsizlik həssaslıqları nəzərə alınmadan aparılan qiymətləndirmələr ictimaiyyətdə natamam və yanlış təsəvvürlər yarada bilər. Eyni məsuliyyət Azərbaycan mediasına da aiddir. Türkiyədə səsləndirilən ayrı-ayrı açıqlamalar, bəzi media qurumlarının yayımları və ya fərdi fikirlər Türkiyə dövlətinin və türk xalqının Azərbaycana münasibəti kimi qiymətləndirilməməlidir. Eyni şəkildə, Azərbaycandakı hər hansı tətbiq və ya müzakirə də iki xalq arasındakı qardaşlığın sorğulanmasına əsas verməməlidir. Bir televiziya proqramında səsləndirilən fikir, köşə yazısı və ya sosial media paylaşımı iki qardaş dövlətin strateji münasibətlərindən üstün tutulmamalıdır. Dövlətlərin nüfuzu, xalqların şərəfi və qardaşlıq hüququ reytinqdən, siyasi polemikadan və sosial media fəallığından qat-qat qiymətlidir.


Cəmiyyətləri qarşı-qarşıya qoymaq istəyən dairələr bəzən insanların dini inanclarından istifadə edirlər


Türkiyə-Azərbaycan münasibətləri yalnız iki ölkə üçün deyil, Cənubi Qafqazın sabitliyi, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, eləcə də Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.

Buna görə iki ölkənin ictimaiyyətləri arasında yarana biləcək etimadsızlıq mühiti münasibətlərin zəifləməsindən faydalanmaq istəyən üçüncü tərəflər tərəfindən istismar edilə bilər. Müxtəlif qonşu ölkələrdən və regiondan kənar mərkəzlərdən həyata keçirilə biləcək təsir əməliyyatlarının, dezinformasiya fəaliyyətlərinin və ictimai həssaslıqlardan sui-istifadəyə yönəlmiş cəhdlərin yaratdığı strateji risklər nəzərə alınmalıdır.

Fərqli coğrafiyalarda eyni vaxtda gündəmə gətirilən, oxşar ritorika ilə dəstəklənən və iki qardaş xalqı qarşı-qarşıya qoymaq potensialı daşıyan hadisələr diqqətlə təhlil edilməlidir. Bununla belə, mümkün koordinasiya və xarici yönləndirmə iddiaları fərziyyələrlə deyil, konkret məlumat və sübutlarla qiymətləndirilməlidir. Hər bir tənqidi açıqlamanı və ya fərqli mövqeyi kəşfiyyat fəaliyyəti kimi xarakterizə etmək düzgün deyil. Lakin mütəşəkkil dezinformasiya, saxta hesablar, kontekstdən çıxarılmış görüntülər və təsdiqlənməmiş iddialar qarşısında diqqətli olmaq milli təhlükəsizliyin mühüm tələbidir.

Cəmiyyətləri qarşı-qarşıya qoymaq istəyən dairələr bəzən açıq düşmənçilik ritorikasından deyil, insanların dini inanclarından, demokratiya, azadlıq, millətçilik və qardaşlıq kimi həssas dəyərlərdən istifadə edirlər. Bu baxımdan, xoş niyyətli insanların saf inancının, milli ruhunun və qardaşlıq duyğularının başqa mərkəzlərin strateji hədəflərinə xidmət edəcək şəkildə yönləndirilməsinə imkan verilməməlidir. Eşidilən hər məlumata inanmaq, görülən hər görüntünü yoxlamadan paylaşmaq və səsləndirilən hər fikri doğru qəbul etmək olmaz. Hadisələr ağıl, sağlam düşüncə, tarixi təcrübə və strateji şüurla qiymətləndirilməlidir.

Qarabağın azadlığı uğrunda nümayiş etdirilən həmrəylik, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat layihələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əməkdaşlıq qardaşlığın konkret strateji təməlləridir. Bu nailiyyətlərin böyüklüyü qarşısında gündəlik müzakirələrin iki xalqın düşüncəsində qalıcı mənfi təsirlər yaratmasına imkan verilməməlidir.

İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. İlk növbədə, qarşılıqlı suverenliyə hörmət, konstitusiya quruluşuna, daxili siyasətə, milli təhsil sisteminə və ictimai həssaslıqlara ehtiram əsas prinsip kimi qorunmalıdır. Həssas məsələlərdə yanlış anlaşılmaların böyümədən aradan qaldırılması üçün müvafiq qurumlar arasında birbaşa məlumat mübadiləsi və strateji kommunikasiya gücləndirilməlidir. Azərbaycanın dünyəvi təhsil modeli, din və vicdan azadlığına dair konstitusion təminatları və məktəbli forması ilə bağlı qanunvericiliyi hüquqi əsasları ilə birlikdə şəffaf şəkildə ictimaiyyətə çatdırılmalıdır.

Türkiyə ilə Azərbaycan arasında zaman-zaman fərqli qiymətləndirmələrin və fikir ayrılıqlarının ortaya çıxması təbiidir. Əsas məsələ bu fərqliliklərin necə idarə edilməsi və onlardan kimin faydalanmağa çalışmasıdır. Türkiyə və Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna, qurumlarına və liderlərinə hörmət göstərmək yalnız diplomatik nəzakət deyil, həm də qardaşlıq münasibətlərinin qorunması baxımından mühüm məsuliyyətdir.

Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə münasibətdə qardaşlıq hüququnu qorumaq yalnız dövlət rəhbərlərinin deyil, siyasətçilərin, jurnalistlərin, alimlərin, ictimai rəy liderlərinin və hər iki ölkənin bütün vətəndaşlarının ortaq məsuliyyətidir. Bizim qardaşlığımız mənfi hadisələrdən deyil, müsbət dəyərlərdən güc almalıdır. Bizi ayıran ayrı-ayrı hadisələrdən deyil, bizi birləşdirən tarixi həqiqətlərdən qidalanmalıdır. Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması Türkiyənin, hər ikisinin güclü olması isə bütün Türk dünyasının strateji qazancıdır. Bu gün bir-birimizin çatışmazlıqlarını böyütmək deyil, gücünə güc qatmaq, bir-birimizi zəiflətmək deyil, qorumaq, həssaslıqlarımızı istismar etmək deyil, onlara hörmət göstərmək zamanıdır. Bizim böyük mənzərəmiz qarşıdurma deyil, həmrəylik, rəqabət deyil, bir-birini tamamlamaq, ayrılıq deyil, birlikdir. Azərbaycan-Türkiyə-Türk dünyası münasibətləri qardaşlıq münasibətləridir - əbədidir, sarsılmazdır, dönməzdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:05
15 Noyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:54
15 Noyabr

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə  

19:39
15 Noyabr

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

17:09
15 Noyabr

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

16:47
15 Noyabr

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

15:51
15 Noyabr

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

15:36
15 Noyabr

Sabah Bakıda və rayonlarda yağış yağacaq

13:55
15 Noyabr

Azərbaycan strateji hədəfinə doğru inamla irəliləyir

13:53
15 Noyabr

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

13:23
15 Noyabr

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

12:07
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

11:06
15 Noyabr

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

10:57
15 Noyabr

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

10:03
15 Noyabr

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

09:31
15 Noyabr

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

09:04
15 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

23:49
14 Noyabr

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

23:27
14 Noyabr

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir   

21:08
14 Noyabr

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

20:09
14 Noyabr

"Meta" 805 milyon avro məbləğində cərimələnib

19:29
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!