Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Prezident İlham Əliyevin türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsi və hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı səsləndirdiyi çağırış mövcud qlobal və regional geosiyasi şərait fonunda son dərəcə strateji və vaxtında irəli sürülmüş təşəbbüsdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.
General qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatı enerji dəhlizləri, nəqliyyat marşrutları, ticarət həcmi və investisiya layihələri vasitəsilə faktiki olaraq iqtisadi və geosiyasi ekosistem formalaşdırıb. Lakin bu ekosistemin davamlı, dayanıqlı və xarici təzyiqlərə qarşı müqavimətli olması üçün onun təhlükəsizlik komponenti ilə tamamlanması qaçılmazdır. "Prezident İlham Əliyevin yanaşmasının əsas fərqi ondan ibarətdir ki, bu proses hərbi bloklaşma və ya üçüncü tərəflərə qarşı yönəlmiş model kimi deyil, qarşılıqlı etimadın, koordinasiyanın və çəkindirici potensialın artırılması prizmasından təqdim olunur”.
Y.Karauz vurğulayıb ki, birgə hərbi təlimlər yalnız hərbi bacarıqların artırılmasına xidmət etmir. O deyib: “Bu cür təlimlər, eyni zamanda, ortaq təhlükə qavrayışının formalaşmasına, komanda-nəzarət və böhran idarəetməsi sahəsində uyğunluğun güclənməsinə, müdafiə planlaşdırılmasında standartlaşmaya və ən əsası, siyasi iradənin real müstəvidə təzahürünə imkan yaradır”.
Generalın sözlərinə görə, bu təşəbbüs Türk Dövlətləri Təşkilatını təkcə iqtisadi və diplomatik platforma deyil, eyni zamanda, təhlükəsizlik sahəsində koordinasiya yaradan regional güc mərkəzinə çevirmək potensialına malikdir.
“Yaxın illərdə bu istiqamətdə atılacaq addımlar Türk dünyasının regional sabitlikdə rolunu üç əsas istiqamətdə gücləndirəcək. Birincisi, Orta Asiyadan Qafqaza qədər uzanan geniş coğrafiyada preventiv çəkindirmə mexanizmi formalaşacaq. İkincisi, xarici aktorların böhran yaratmaq və ya parçalamaq cəhdləri qarşısında türk dövlətlərinin ortaq refleks formalaşdırmaq imkanları artacaq. Üçüncüsü isə təhlükəsizliyin yaratdığı sabitlik mühiti üzərində iqtisadi inkişaf və inteqrasiya daha sürətlə irəliləyəcək”, - deyə Yücel Karauz bildirib.
Onun fikrincə, Prezident İlham Əliyevin bu baxışı Türk dünyasının reaktiv deyil, proaktiv və qurucu təhlükəsizlik anlayışı formalaşdırması baxımından tarixi mərhələdir. Bu yanaşma türk dövlətlərini münaqişə yaradan deyil, sabitlik istehsal edən regional aktor kimi daha da möhkəmləndirir.