Dünya yeni geosiyasi reallıqların formalaşdığı, güc və təsir mərkəzlərinin yenidən müəyyənləşdiyi mürəkkəb bir tarixi mərhələ yaşayır. XXI əsrin yeni reallığında artıq yalnız ərazi və hərbi güc deyil, coğrafiyanı iqtisadi üstünlüyə, tarixi bağlılığı strateji həmrəyliyə, mədəni yaxınlığı intellektual gücə çevirə bilən dövlətlər və birliklər gələcəyin siyasi xəritəsinə təsir etmək imkanına malik olurlar.
Məhz belə bir tarixi məqamda türk dünyasının qarşısında açılan imkan adi regional əməkdaşlıq çərçivəsinə sığmır. Söhbət bir-birindən minlərlə kilometr məsafədə yerləşən ayrı-ayrı dövlətlərin, sadəcə, iqtisadi əlaqələr qurmasından getmir, eyni zamanda Asiyanın dərinliklərindən Xəzərə, Cənubi Qafqazdan Anadoluya və oradan Avropaya uzanan nəhəng geosiyasi məkanın ortaq potensialının hərəkətə gətirilməsindən gedir. Bu məkanın daxilində enerji ehtiyatları, nəhəng bazarlar, tranzit yolları, strateji limanlar, təbii sərvətlər, insan kapitalı, ən başlıcası, əsrlərin sınağından keçmiş ortaq tarixi-mədəni bağlar mövcuddur. Bu gün türk dünyasını artıq "bir-birimizlə hansı sahələrdə əməkdaşlıq edəcəyik" sualından çox daha böyük və strateji məsələ düşündürür: ortaq tarixdən və mədəni yaxınlıqdan doğan mənəvi bağlılığı iqtisadi, elmi, texnoloji və geosiyasi gücə çevirə biləcəyikmi?
Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycan yalnız tarixinin ağır bir səhifəsini geridə qoymadı, türk dünyasının qarşısında yeni əməkdaşlıq imkanlarının qapısını da açdı. Dünənə kimi həmrəyliyini siyasi bəyanatlarla nümayiş etdirən türk dövlətləri bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında məktəblər, mədəniyyət ocaqları və sosial layihələrlə iştirak edərək isbatlayırlar. Şuşanın türk dünyasının mədəniyyət paytaxtına çevrilməsi isə bu yeni mərhələnin həm rəmzi, həm də mənəvi ifadəsidir.
Beləliklə, türk dünyasının inteqrasiyası artıq gələcəyin uzaq perspektivi yox, gözlərimiz önündə baş verən prosesə çevrilib. Bir tərəfdə Bakıdan keçərək Mərkəzi Asiyanı Anadolu və Avropa ilə birləşdirən nəqliyyat və enerji xətləri, digər tərəfdə Şuşadan Daşkəndə, Astanadan Bişkekə, Ankaradan Bakıya uzanan mədəni, elmi və humanitar bağlar dayanır. Elə bu səbəbdən türk dünyasının qarşısında duran yeni mərhələni yalnız iqtisadi əməkdaşlıq anlayışı ilə izah etmək doğru olmaz. İqtisadiyyat bu inteqrasiyanın maddi dayağıdırsa, nəqliyyat onun damarları, elm və təhsil intellektual gücü, mədəniyyət isə onu bir arada saxlayan mənəvi təməldir. Bu o deməkdir ki, artıq türk dünyası öz tarixi yaddaşını müasir geosiyasi imkanlarla birləşdirərək Avrasiyanın yeni düzənində özünəməxsus güc mərkəzinə çevrilmək yoluna çıxıb.
Bu prosesin mərkəzində isə Azərbaycan xüsusi yer tutur. Ölkəmizin 2020-ci ildə qazandığı Zəfər, 2023-cü ildə Qarabağda suverenliyini tam bərpa etməsi türk dünyasının inteqrasiya prosesinə yeni siyasi və mənəvi dinamika verdi. Qarabağ məsələsi Azərbaycan üçün ərazi bütövlüyünün bərpası olduğu qədər, türk dünyası üçün də ortaq yaddaşın, həmrəyliyin və siyasi iradənin sınağı idi. 2024-cü ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təsadüfi deyildi. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu görüş Şuşanı türk dünyasının siyasi dialoqu üçün yeni simvolik mərkəzə çevirdi.
Ümumiyyətlə, türk dünyasının bugünkü inteqrasiya prosesini Azərbaycanın rolu olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan Prezident İlham Əliyevin fəaliyyətini yalnız Azərbaycan-Türkiyə münasibətləri və ya ikitərəfli əlaqələr çərçivəsində qiymətləndirmək doğru olmazdı. Daha geniş aspektdən baxdıqda Prezident İlham Əliyevin türk dünyasının siyasi, iqtisadi və strateji yaxınlaşmasının əsas memarlarından biri kimi çıxış etdiyini görürük. Bu, sadəcə, siyasi ritorika deyil, son illərin ardıcıl hadisələrindən çıxarılan analitik nəticədir.
Sözsüz ki, türk dünyasının inteqrasiyasının ən real tərəfi iqtisadi əməkdaşlıqdır. Türk Dövlətləri Təşkilatının iqtisadi əməkdaşlıq mexanizmləri artıq ticarət, investisiya, sahibkarlıq, gömrük, nəqliyyat və maliyyə sahələrini əhatə edir. Türk İnvestisiya Fondunun yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Fondun ilkin kapitalının 500 milyon dollar müəyyən edilməsi, qarşılıqlı investisiyaların artırılması, kiçik və orta sahibkarlığın inkişafı və innovasiyaların dəstəklənməsi istiqamətində fəaliyyəti yeni imkanlar yaradır. Kapitalın, texnologiyanın, istehsal zəncirlərinin və sahibkarlıq imkanlarının türk dövlətləri arasında daha sərbəst hərəkəti, əslində, yeni bir dövrün başlanğıcıdır. Bu proses dərinləşərsə, türk dünyası ayrı-ayrı milli bazarların cəmi olmaqdan çıxaraq bir-birini tamamlayan iqtisadi məkana çevrilə bilər.
Türk dünyasının gələcəyini müəyyən edən mühüm layihələrdən biri isə Orta dəhlizdir. Çin - Mərkəzi Asiya - Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə xətti üzərində formalaşan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu yükdaşıma xətti olmaqla yanaşı, həm də Şərqlə Qərb arasında yeni iqtisadi və geosiyasi bağlantının əsas sütunlarından birinə çevrilmək potensialına malikdir. Bu yerdə Azərbaycanın müstəsna əhəmiyyətə malik coğrafi mövqeyini qeyd etməmək mümkün deyil. Azərbaycan Xəzərlə Qafqazı, Mərkəzi Asiya ilə Türkiyəni, daha geniş mənada isə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm qovşaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, enerji xətləri və Xəzər üzərindən nəqliyyat əlaqələri Azərbaycanın türk dünyasının iqtisadi inteqrasiyasında coğrafi və strateji mərkəz olduğunu göstərir.
Aydın məsələdir ki, iqtisadi maraq dövlətləri yaxınlaşdıra bilər. Ancaq dövlətləri uzunmüddətli perspektivdə bir-birinə bağlayan əsas amillər ortaq dil, tarix, ədəbiyyat, musiqi, folklor, mənəvi dəyərlər və tarixi yaddaşdır. Bu baxımdan Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış şəhərlərin, kəndlərin, məktəblərin və mədəni irsin bərpası ölkəmizin milli məsələsi olmaqla yanaşı, türk dünyasının həmrəyliyinin də yeni formasına çevrilib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb inşa etməsi, Qazaxıstanın Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaratması, Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində Ayqöl Manas adına məktəbin tikintisində iştirakı bu həmrəyliyin konkret nümunələridir. Beləliklə, Qarabağda binalar tikilmir, türk dünyasının ortaq yaddaşının gələcəyə yönəlmiş yeni səhifəsi yazılır.
Türk dünyasının bütün dövlətləri eyni siyasi və iqtisadi modelə malik deyil. Onların xarici siyasət prioritetləri, iqtisadi imkanları və inteqrasiya sürətləri fərqlidir. İnteqrasiyanın gücü məhz bu fərqləri vahid məqsəd ətrafında uzlaşdırmaq bacarığından asılıdır. Türkiyə türk dünyasının Qərbə açılan ən böyük iqtisadi və geosiyasi qapısıdır. Azərbaycan Xəzər-Qafqaz-Türkiyə xəttində strateji körpüdür. Qazaxıstan Orta dəhlizin əsas dayaqlarındandır. Özbəkistan böyük əhali, sənaye, kənd təsərrüfatı və intellektual potensialı ilə türk dünyasının iqtisadi çəkisini artırır. Qırğızıstan Mərkəzi Asiyanın mühüm nəqliyyat və mədəni əlaqələr məkanını təmsil edir. Türkmənistan isə Xəzərin şərq sahilində enerji ehtiyatları və tranzit potensialı ilə bu sistemdə mühüm yer tutur. Bu müxtəliflik - bir-birini tamamlayan iqtisadi coğrafiya türk dünyasının ən böyük üstünlüklərindəndir.
Bu xəritəyə Tacikistan və Pakistanın daxil edilməsi isə türk dünyası sərhədlərinin genişləndirilməsi kimi deyil, daha böyük regional əməkdaşlıq sisteminin qurulması kimi başa düşülməlidir. Türk dövləti olmayan bu iki ölkə Mərkəzi və Cənubi Asiyanın geosiyasi və iqtisadi əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Burada əsas məsələ etnik mənsubiyyət deyil, coğrafi tamamlayıcılıqdır. Türk dünyasının Orta dəhliz vasitəsilə Çin və Avropanı birləşdirməsi, Mərkəzi Asiyanın Pakistan limanlarına və Cənubi Asiyaya çıxış imkanlarının genişlənməsi Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdıra bilər. Bu mənada türk dünyası özünü qapalı etnik blok kimi deyil, Avrasiyanın müxtəlif regionlarını bir-birinə bağlayan açıq əməkdaşlıq platforması kimi təqdim edə bilər.
Dünyada güc mərkəzlərinin yenidən formalaşdığı, geosiyasi rəqabətin sərtləşdiyi, enerji və nəqliyyat marşrutlarının strateji əhəmiyyətinin artdığı bir vaxtda türk dünyasının qarşısında tarixi imkan yaranıb. Bu, ilk növbədə Şərqlə Qərb arasında etibarlı nəqliyyat və logistika məkanı yaratmaq, enerji təhlükəsizliyində daha mühüm rol oynamaq, Mərkəzi Asiyanın dənizlərə çıxış imkanlarını genişləndirmək, ortaq investisiya və istehsal zəncirləri formalaşdırmaq, elm, təhsil və texnologiyada vahid əməkdaşlıq ekosistemi yaratmaq və Avrasiyada yeni siyasi dialoq və sabitlik platforması formalaşdırmaq deməkdir.
Türk Dünyası Vizyonu-2040 sənədində də üzv dövlətləri "Şərq-Qərb" və "Şimal-Cənub" ticarət yollarını birləşdirən dinamik regional iqtisadi qrupa çevirmək, Orta dəhlizdə nəqliyyat və gömrük maneələrini azaltmaq, rəqəmsal əlaqələri və yeni texnologiyalardan istifadəni genişləndirmək kimi hədəflər müəyyənləşdirilib. Deməli, söhbət, sadəcə, nostalji "ortaq keçmiş" ideyasından getmir, həm də gələcək qurmaqdan gedir.
Türk Dövlətləri Təşkilatı, TURKSOY, Türk Akademiyası, TürkPA, Türk Universitetlər Birliyi, Türk İnvestisiya Fondu və digər mexanizmlərin qarşısında duran əsas vəzifə onların bir-birindən ayrı fəaliyyət göstərməsi deyil, vahid strateji sistem kimi işləməsidir. Burada Azərbaycan modelinin əhəmiyyəti özünü daha aydın göstərir. Azərbaycan son illər Qərblə, Mərkəzi Asiya ilə, Türkiyə ilə və daha geniş Avrasiya məkanı ilə paralel əlaqələr quraraq müxtəlif istiqamətləri bir-birinə bağlayan diplomatik və iqtisadi körpü funksiyası yaradıb.
Türk dünyasının yeni mərhələsinin ən güclü simvollarından biri Qarabağdır. Çünki Qarabağda baş verənlər yalnız müharibədən sonrakı bərpa prosesi deyil. Burada azad edilmiş ərazilərin yenidən qurulması, "ağıllı şəhər"lər, "yaşıl enerji", yeni nəqliyyat xətləri, müasir məktəblər, mədəniyyət mərkəzləri və regional iqtisadi inteqrasiya bir-birini tamamlayan vahid modelə çevrilib.
Bu prosesin siyasi xəttinin formalaşmasında Prezident İlham Əliyevin rolu xüsusi olaraq seçilir. Dövlətimizin başçısının türk dünyasının birliyini yalnız emosional və tarixi bağlılıq kimi deyil, siyasi, iqtisadi və strateji gücə çevirmək istiqamətində göstərdiyi təşəbbüslər ölkəmizi bu inteqrasiya prosesinin aparıcı qüvvəsinə çevirib. Prezident İlham Əliyevi türk dünyasının müasir inteqrasiya prosesinin siyasi memarlarından biri adlandırmaq üçün kifayət qədər əsas var.
Qarşıda duran əsas vəzifə ortaq tarixdən ortaq gələcəyə keçməkdir. Əgər türk dünyası bu prosesi ardıcıl davam etdirə bilsə, qarşıdakı illərdə Avrasiyanın xəritəsində yeni geosiyasi reallıq formalaşacaq. Sözsüz ki, bu birlik qapalı və kiməsə qarşı yönəlmiş ittifaq deyil, Şərqlə Qərbi birləşdirən, Mərkəzi Asiyanı Qafqaz və Türkiyə üzərindən dünya iqtisadiyyatına bağlayan, elm və texnologiyada əməkdaşlığı genişləndirən, mədəni irsi müasir inkişafla birləşdirən yeni Avrasiya gücü olacaq.
Elşən QƏNİYEV,
"Azərbaycan"