Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi günlə məhdudlaşmır. Zaman keçdikcə həmin qərarların dövlətlərin gələcək inkişaf trayektoriyasına, regional təhlükəsizlik mühitinə və beynəlxalq münasibətlər sisteminə təsiri daha aydın görünür. 2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və həmin səfər çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh memorandumunun paraflanması da məhz belə hadisələr sırasındadır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Onun sözlərinə görə, bir il sonra bu hadisələrə nəzər saldıqda görünür ki, həmin səfər təkcə Azərbaycan–ABŞ münasibətlərində yeni səhifənin açılması deyil, həm də Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ ilə münasibətlərdə yeni dinamikanın və Ermənistanla sülh gündəliyinin irəlilədilməsinin eyni geosiyasi strategiyanın tərkib hissələri olduğunu bildirən deputat vurğulayıb: “Azərbaycanın son illərdə əldə etdiyi diplomatik nəticələrin əsasında milli maraqlara söykənən ardıcıl xarici siyasət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs göstərdi ki, beynəlxalq münasibətlər sistemində uğur güclü dövlət, iqtisadi potensial, hərbi qüdrət və ardıcıl diplomatiya ilə təmin olunur. Ölkəmiz 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallığı diplomatik müstəvidə davam etdirərək regionun siyasi gündəmini müəyyənləşdirən aktora çevrildi. ABŞ-yə səfər də bu siyasətin davamı idi”.
S.Mikayılova xatırladıb ki, əvvəlki ABŞ administrasiyası dövründə ikitərəfli münasibətlərdə ciddi gərginlik müşahidə edilirdi. Vaşinqtonun Azərbaycana münasibətdə selektiv yanaşması və regiondakı yeni reallıqların nəzərə alınmaması strateji əməkdaşlığa mənfi təsir göstərmişdi. Lakin Prezident Donald Tramp administrasiyası Cənubi Qafqazda sabitliyi regional əməkdaşlığın əsas şərti kimi önə çıxardı, Azərbaycanı isə regionun əsas siyasi və iqtisadi aktorlarından biri kimi qiymətləndirdi. Bu yanaşma Prezident İlham Əliyevin ABŞ-yə dövlət səfəri zamanı konkret nəticələrə çevrildi. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılığın əldə edilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm addım oldu. “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar da münasibətlərdə etimadın bərpasına xidmət edən siyasi addım kimi qiymətləndirilə bilər.
“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri hərbi uğurların diplomatik müstəvidə möhkəmləndirilməsidir. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi, 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu. Bakı postmünaqişə dövrünün əsas gündəliyi kimi sülh müqaviləsinin hazırlanmasını irəli sürdü və sülh prosesinin əsasını təşkil edən beş baza prinsipini müəyyənləşdirdi.
Uzun illər ərzində Ermənistanın siyasəti işğalın qorunmasına və status-kvonun saxlanılmasına əsaslanırdı. Lakin 2023-cü ildən sonra yaranmış yeni reallıq Ermənistan rəhbərliyini seçim qarşısında qoydu. Nəticədə Ermənistan Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında sülh danışıqlarını davam etdirməyə razılıq verdi və 2025-ci il avqustun 8-də ABŞ-də sülh memorandumunun paraflanması mümkün oldu. Bu baxımdan Azərbaycan yalnız müharibənin qalibi deyil, həm də sülh gündəliyinin müəllifi kimi çıxış etdi”, - deyə o əlavə edib.
Deputat qeyd edib ki, bu gün Cənubi Qafqaz fərqli mərhələyə qədəm qoyub. Məhz buna görə 8 avqust yalnız diplomatik təqvimdə növbəti tarix deyil, Azərbaycanın xarici siyasətində və regional liderlik strategiyasında mühüm dönüş nöqtəsidir. Bir il ərzində baş verən proseslər göstərdi ki, Prezident İlham Əliyevin ABŞ səfəri nəticəsində yaranan yeni dinamika Vaşinqtonla münasibətlərin strateji əsaslar üzərində yenidən qurulmasına və Ermənistanla sülh gündəliyinin irəliləməsinə mühüm töhfə verdi.
“Vaşinqton görüşləri yalnız siyasi dialoqla məhdudlaşmadı, regionun iqtisadi gələcəyini müəyyən edə biləcək layihələr də gündəmə gəldi. TRIPP layihəsi ətrafında əldə olunan razılaşmalar və Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat sisteminin mühüm elementi kimi dəyərləndirilməsi Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırdı. Cənubi Qafqaz artıq Avropa ilə Asiyanı birləşdirən əsas logistika platformalarından biri kimi qəbul edilir. Dövlət başçıları arasında davam edən təmaslar və ABŞ rəhbərliyinin yüksəksəviyyəli nümayəndələrinin Bakıya səfərləri münasibətlərin yeni strateji mərhələyə keçdiyini nümayiş etdirdi”, - deyə o vurğulayıb.