Topçubaşov Mərkəzinin qeyri-rezident tədqiqatçısı, Çikaqo Universitetinin Beynəlxalq Münasibətlər ixtisası üzrə magistrantı, Avrasiya və Yaxın Şərq geosiyasəti üzrə ekspert Cozef Şumunov “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında imzalanmış memorandumunun əhəmiyyəti, Azərbaycanın enerji təchizatçısı, tranzit qovşağı və Orta Dəhlizin əsas iştirakçılarından biri kimi artan nüfuzu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri və regional təhlükəsizlik məsələləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:
- ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasının uzadılması haqqında imzaladığı memorandumun surətini göndərib və ABŞ Prezidenti sənədə “Siz möhtəşəmsiniz” qeydini yazıb. Diplomatiyada belə bir jest hansı mesajlardan xəbər verir?
- “Siz möhtəşəmsiniz” ifadəsi Trampa xas üslubdur və ictimai şəkildə verilmiş bir təsdiq möhürü kimi qiymətləndirilə bilər. Bu, yalnız Donald Trampın İlham Əliyevin liderliyinə müsbət münasibətini deyil, həm də ABŞ-Azərbaycan münasibətlərinin inkişaf istiqamətini dəstəklədiyini göstərir.
Adətən beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış ekspertlər fərdi lider amilinə çox diqqət yetirmirlər. Çünki bu amili ölçmək və proqnozlaşdırmaq çətindir. Lakin Tramp analitikləri bu amilə daha ciddi yanaşmağa sövq edib. Çünki onun diplomatiyası son dərəcə şəxsi xarakter daşıyır. Əl sıxmalar, qucaqlaşmalar, şəxsi mesajlar və ictimai təriflər kiçik görünə bilər, lakin bu amillər xarici siyasət dairələrinə kimin dəstəkləndiyini və kimin dəstəklənmədiyini göstərən siqnallar verir. Bu mənada şəxsi münasibətlər bir çox analitiklərin qəbul etmək istədiyindən daha böyük rol oynaya bilər. Bu hadisə iki lider arasında son dövrlərdə baş vermiş bir sıra isti və diqqətçəkən təmasların davamıdır. Trampın kabinet iclaslarında Azərbaycan haqqında müsbət fikirləri və Prezident İlham Əliyevin Trampı böyük lider və sülh yaradıcısı kimi xarakterizə etməsi buna nümunədir.
- “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş uzun illərdir ABŞ–Azərbaycan münasibətlərində ən mübahisəli məsələlərdən biri olub. Bu jest münasibətlərdə əhəmiyyətli dönüşün olduğunu göstərirmi, yoxsa əvvəlki siyasətin davamıdır?
- Bu addım məsələnin hər iki ölkə üçün tam bağlandığı anlamına gəlmir. Sadəcə olaraq, Bayden dövründə yaranmış istisnanı aradan qaldıraraq, prezidentlərin güzəşt tətbiq etmələri ənənəsinə qayıdışını ifadə edir. Hüquqi baxımdan Donald Tramp qeyri-adi bir addım atmayıb, yeganə fərq sənədə şəxsi qeydin əlavə edilməsidir. Lakin Tramp administrasiyasının Azərbaycanla bağlı daha geniş siyasəti, istər TRIPP layihəsi, istər Strateji Tərəfdaşlıq Xartiyası, istərsə də C6 formatı Vaşinqton və Bakı arasında münasibətlərin daha da gücləndiyini göstərən növbəti sübutdur.Tramp 2025-ci ildə vəzifəyə gəldikdən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına vasitəçilik edib, Zəngəzurdan keçən TRIPP dəhlizi layihəsini elan edib, Bakı ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb, vitse-prezident Cey. Di. Vens şəxsən Bakıya səfər edib və Mərkəzi Asiya ilə münasibətləri dərinləşdirib. Tramp administrasiyası Azərbaycanın həm coğrafi mövqeyinə, həm də son illərdə artan siyasi əhəmiyyətinə görə ölkəyə xüsusi diqqət yetirir və Azərbaycanı periferiyada yerləşən dövlət kimi deyil, Avrasiyanın ən vacib nəqliyyat, enerji və diplomatik proseslərinin mərkəzində dayanan ölkə kimi görür.
- Azərbaycanın enerji təchizatçısı, tranzit qovşağı və Orta Dəhlizin əsas iştirakçılarından biri kimi əhəmiyyəti son illərdə daha da artıb. Bu amillər Vaşinqtonun Bakı ilə bağlı siyasətinə nə dərəcədə təsir edir?
- Tramp administrasiyası nəqliyyat və əlaqələndirmə baxımından əsas qovşaqlar hesab olunan dövlətlərlə güclü münasibətlərin vacibliyini başa düşür və Azərbaycan da həmin dövlətlərdən biridir. Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ilə yaxın əlaqələri, eyni zamanda, Rusiya və Çinlə strateji münasibətləri onu Avrasiya məkanında nadir mövqeyə çıxarır. Vaşinqton regionda rəqabət qabiliyyətini qorumaq istəyirsə, ticarət, enerji və tranzit yollarının kəsişməsində yerləşən ölkələrlə güclü tərəfdaşlığa ehtiyac duyur. Azərbaycan artıq belə bir ölkəyə çevrilib.
- Ermənistan–Azərbaycan sülh prosesində Azərbaycanın rolu Tramp administrasiyasının rəsmi Bakıya münasibətinin formalaşmasında nə dərəcədə əhəmiyyətlidir?
- Prezident İlham Əliyevin Tramp administrasiyasının vasitəçiliyi ilə sülh sazişinə nail olmaq istiqamətində nümayiş etdirdiyi iradə Trampa açıq şəkildə göstərdi ki, Azərbaycan təkcə ABŞ ilə əməkdaşlıq etməklə kifayətlənmir, həmçinin Amerikanı formalaşmaqda olan beynəlxalq nizamda həqiqi lider ölkə kimi görür. Daha vacib məqam isə Azərbaycanın sülhü reallığa çevirməyə hazır olduğunu nümayiş etdirməsidir. Bu etimad addımı ABŞ-nin Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyinin əyani təsdiqidir.