Şabranlı fermerlər bu ili də uğurlu nəticələrlə yola salmağa kökləniblər
Məlumdur ki, ölkə iqtisadiyyatının qarşısına qoyulan əsas vəzifələrdən biri karbohidrogen ehtiyatlarından asılılığın aradan qaldırılmasıdır. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər sayəsində xeyli nəticələrə nail olunub. Xüsusən qeyri-neft sektorunun əsas sahələrindən sayılan kənd təsərrüfatında nəzərəçarpacaq irəliləyiş əldə edilib.
Şabran rayonu da ölkədə gedən bu mühüm işlərdən geridə qalmamağa çalışır. Bunu cari ilin ötən üç rübü ərzində görülən işlər də aydın göstərir. Bu müddət ərzində rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri 228 milyon 187,6 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 86,1, xidmət sahələrinin xüsusi çəkisi 13,9 faiz olub.
Rayonun kənd təsərrüfatı əməkçiləri də ötən dövrdə sanballı uğurlar qazanıblar. Şabranlı fermerlər yaxşı başa düşürlər ki, kənd təsərrüfatı makroiqtisadi sabitliyin saxlanılması, qeyri-neft sektorunun və regionların inkişaf etdirilməsi, ən başlıcası isə ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Aqrar sektor əməktutumlu sahə olduğundan həm də məşğulluğun təminatında önəmli xüsusi çəkiyə malikdir. Bu sahədə konkret rəqəmlərə gəldikdə, statistikaya görə, cari ilin yanvar-sentyabr aylarında rayon üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 132 milyon 486,9 min manata çatıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz çoxdur.
Hazırda rayonda kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Bizə verilən son məlumata əsasən, dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 14 min 587,1 hektarı biçilmiş və həmin sahələrdən 35 min 245,5 ton və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çox məhsul götürülmüşdür. Bu, orta hesabla hər hektardan 24,2 sentner məhsul deməkdir. Bundan əlavə, 360 hektar qarğıdalı sahəsindən 3 min 266,8 ton məhsul (hər hektardan 90,7 sentner) biçilmişdir. Ümumilikdə qarğıdalı dəni də nəzərə alınmaqla rayon üzrə taxıl istehsalı 38 min 512,3 ton (hər hektardan 25,8 sentner) olmuşdur. Bir daha təkrar edirik ki, bunlar son nəticələr deyil.
Paralel olaraq sahələrdən 928,4 ton kartof, 4 min 215,5 ton tərəvəz, 7500 ton meyvə, 3583,7 ton üzüm, 3 ton bostan məhsulları toplanmışdır. 1011,8 hektardan isə 8427,4 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə çox yem bitkiləri yığılaraq quru ot kimi tədarük edilmişdir.
Heyvandarlıq sahəsində də göstəricilər ürəkaçandır. Hesabat dövründə Şabranda 15 min 249,2 ton ət, 11 min 273 ton süd, 9,2 milyon ədəd yumurta, 81,3 ton yun istehsal olunmuşdur. Təsərrüfatlarda 25 min başdan çox mal-qara (o cümlədən 11,7 min baş inək və camış), 48 min baş qoyun və keçi bəslənilir.
Rayonda şəxsi təsərrüfatların sayı da artıb. Üzüm və taxılçılıq sahələrində şəxsi təsərrüfatlarda istehsal edilən məhsul ümumi məhsulun yarıdan çoxunu təşkil edir. Quşçuluq və heyvandarlıqda da əvvəlki illərlə müqayisədə sahibkarlıq subyeklərinin sayı çoxalıb.
Kənd təsərrüfatı sahəsində ilin əvvəlindən qazanılan göstəricilər şabranlıların bu ili də uğurla yola salacaqlarından xəbər verir. Ümumiyyətlə, Şabran kəndlisinin torpağa bağlılığı bütün dövrlərdə nöhkəm olub və bu gün də belədir.
Akif ƏLİYEV,
"Azərbaycan"