ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü federal qurumlara yadplanetlilər və uçan naməlum obyektlərlə (UNO) bağlı hökumət sənədlərini yayımlamağa başlamağı tapşıracağını bildirib. O, bunu məsələyə yüksək ictimai marağın olması ilə əlaqələndirib.
AZƏRTAC xəbər verir ki, Tramp sosial media paylaşımında Pentaqonun rəhbəri Pit Heqsetə və digər qurumlara məlumatı yayımlamağı tapşıracağını bildirib və məsələni “son dərəcə maraqlı və vacib” adlandırıb.
“Reuters” xəbər verir ki, Tramp günün əvvəlində heç bir dəlil təqdim etmədən sabiq Prezident Barak Obamanı yadplanetlilər haqqında açıq müzakirələr fonunda məxfi məlumatları düzgün açıqlamamaqda günahlandırıb və onun “böyük səhv etdiyini” deyib.
Podkast aparıcısı Brayan Tayler Koenlə müsahibə əsnasında Barak Obamadan yadplanetlilərin həqiqətən mövcud olub-olmadığı soruşulub. Sabiq Prezident deyib: “Onlar gerçəkdirlər, amma mən onları görməmişəm və 51-ci Zonada saxlanılmırlar. Birləşmiş Ştatların Prezidentindən gizlədilən hər hansı böyük sui-qəsd olmadığı təqdirdə yeraltı obyektlər də mövcud deyil”.
Qeyd edək ki, 51-ci Zona nəzəriyyəçilərin yadplanetlilərin cəsədlərinin və qəzaya uğramış kosmik gəminin qalıqlarının tapıldığına inandıqları Nevada ştatındakı ABŞ Hərbi Hava Qüvvələrinin məxfi obyektidir. 2013-cü ildə məxfilikdən çıxarılan MKİ arxivlərində onun yüksək məxfi kəşfiyyat təyyarələri üçün sınaq poliqonu olduğu bildirilirdi.
Pentaqonun 2024-cü il hesabatında bildirilirdi ki, İkinci Dünya müharibəsinin sonundan bəri ABŞ hökumətinin apardığı araşdırmalar Yerdən kənar texnologiyaya dair heç bir dəlil tapmayıb, əksər müşahidələr isə adi obyektlər və hadisələrlə səhv salınıb. Milli Arxivlər və Qeydlər Administrasiyasının veb-saytında çoxsaylı kolleksiyada UNO ilə əlaqəli sənədlərin olduğu bildirilir.