Uzun illər işğalın və dağıntının ağrısını yaşamış Ağdam şəhəri bu gün Qarabağın dirçəliş salnaməsində xüsusi yer tutur. İşğaldan azad ediləndən sonra "ruhlar şəhəri" adlandırılan bu tarixi məkan indi müasir urbanizasiya nümunəsi kimi yenidən qurulur, doğma torpaqlarından didərgin düşmüş insanların qayıdışı ilə həyat tədricən bərpa olunur.
Dövlətin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri çərçivəsində Ağdam yalnız fiziki olaraq deyil, sosial, iqtisadi və mədəni baxımdan da yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev 2025-ci il dekabrın 24-ü Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı sakinlərlə görüşündə vurğulayıb ki, uzun illər məcburi köçkün həyatı yaşamış insanlar artıq təhlükəsiz və rahat şəraitdə yaşamağa layiqdirlər. Azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin salınması "Böyük qayıdış" proqramının real nəticələrini nümayiş etdirir və bu proses dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət başçısının sözlərinə görə, həyata keçirilən quruculuq işləri qısa müddətdə əldə edilən böyük uğurların göstəricisidir və bu işlər ümumxalq səyləri sayəsində mümkün olub.
2020-ci ildə qazanılan Zəfər üç onillik əsarətdə qalan digər ərazilərimiz kimi Ağdamın da taleyini dəyişdi. Bir güllə belə atılmadan geri qaytarılan rayonda dərhal bərpa və yenidənqurma işlərinə başlanıldı. Qısa müddət ərzində infrastrukturun qurulması, yolların çəkilməsi, kommunikasiya xətlərinin bərpası və yaşayış komplekslərinin inşası paralel şəkildə həyata keçirildi. Şəhərin ilk təməl daşı 2021-ci il mayın 28-də qoyuldu. İşğal dövründə tamamilə dağıdılmış şəhərin dirçəldilməsi həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın iqtisadi gücünün nümayişi idi. Bir vaxtlar yerlə yeksan edilərək xarabalığa çevrilmiş şəhər artıq ölkənin dirçəliş simvollarından biridir.
Ötən ilin son ayı açılışı reallaşdırılan 13 hektardan artıq ərazini əhatə edən ikinci yaşayış kompleksi 11 məhəllədən ibarətdir. Burada 60 yaşayış binası inşa olunub. Ümumilikdə 1268 mənzili əhatə edən kompleksdə birotaqlıdan dördotaqlıyadək müxtəlif planlaşdırmaya malik mənzillər mövcuddur. Müasir standartlara uyğun tikilən binalar sakinlərin rahat və təhlükəsiz yaşayışını təmin etmək məqsədi daşıyır.
Ağdamın bərpası yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Rayon ərazisində mühüm infrastruktur və mədəni obyektlər istifadəyə verilir. Şəhərin sənaye potensialının inkişaf etdirilməsi istiqamətində planlar hazırlanır və Ağdamın gələcəkdə Bakı, Sumqayıt və Gəncədən sonra ölkənin dördüncü sənaye mərkəzinə çevriləcəyi gözlənilir. Bu istiqamətdə sənaye zonalarının yaradılması, logistika imkanlarının genişləndirilməsi və yeni istehsal sahələrinin qurulması nəzərdə tutulur.
Tarixi və dini abidələrin bərpası da görülən işlərin mühüm tərkib hissəsidir. Ağdam Cümə məscidi azad edilmiş ərazilərdə bərpaolunan ilk dini abidələrdən biri kimi yenidən istifadəyə verilib. Bununla yanaşı, Qiyaslı məscidi və "İmarət" kompleksi də bərpa edilərək regionun mədəni irsinin qorunmasına mühüm töhfə verib. Bu abidələrin yenidən bərpası yalnız dini və tarixi əhəmiyyət daşımır, həm də milli kimliyin və yaddaşın qorunması baxımındanda böyük önəm kəsb edir.
Dövlət başçısı Ağdama köç edən sakinlərlə görüşü zamanı görülən işlərin miqyasına xüsusi diqqət çəkərək qeyd edib ki, cəmi beş il ərzində yaradılan infrastruktur və yaşayış məntəqələri ölkənin potensialını və xalqın birliyini göstərir. Onun sözlərinə görə, azad edilmiş ərazilərə edilən mütəmadi səfərlər və birbaşa nəzarət həyata keçirilən layihələrin yüksək keyfiyyətlə icrasını təmin edir.
Uzun fasilədən sonra doğma yurdlarına qovuşan insanların sayı gündən-günə artır. Hazırda 6947 ailə, yəni 27829 nəfər keçmiş məcburi köçkün öz doğma torpaqlarında yaşayır. Məskunlaşma prosesi 8 şəhər, 3 qəsəbə və 26 kəndi əhatə edir. 2026-cı ilin sonunadək "Böyük qayıdış" proqramının birinci mərhələsinin tamamlanması ilə Qarabağ və Şərqi Zəngəzura 140 min nəfərin, başqa sözlə, 34500 ailənin qayıtması planlaşdırılır.
Ağdam şəhəri də bu qayıdış prosesinin əsas ünvanlarından biridir. Fevralın 17-də şəhər ikinci köç karvanını qarşılayıb. Bu mərhələdə 419 nəfər (120 ailə) yeni mənzillərinə köçürülüb. Bununla da şəhərdə məskunlaşan sakinlərin sayı 223 ailəyə, 824 nəfərə çatıb. Bu rəqəmlər Ağdamın həyatının sürətlə bərpa olunduğunu və insanların doğma torpaqlarına qayıdışının real xarakter aldığını göstərir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin əsas prinsipi müasir standartlara cavab verən yaşayış məntəqələrinin yaradılmasıdır. Bu yanaşma yalnız yaşayış evlərinin tikilməsi ilə kifayətlənmir, eyni zamanda sosial infrastrukturun formalaşdırılmasını da nəzərdə tutur. Məktəblər, uşaq bağçaları, tibb müəssisələri, mədəniyyət ocaqları və ictimai xidmət obyektləri yeni yaşayış məhəllələrinin ayrılmaz hissəsi kimi layihələndirilir.
Ağdam şəhərində tikinti prosesi mərhələli şəkildə davam edir. Hazırda beşinci yaşayış kompleksinin inşasına başlanılıb. Ümumilikdə 12 məhəllədən ibarət olacaq kompleks üzrə 50 bina layihələndirilib. Onlardan 40-ı yaşayış, 10-u isə qeyri-yaşayış təyinatlıdır. Kompleksdə 1074 mənzilin yerləşməsi planlaşdırılır və mənzillər müxtəlif ölçülü olacaq. Yaxın vaxtlarda üçüncü yaşayış kompleksində də tikinti işlərinə başlanması nəzərdə tutulur. Bu kompleks 13 məhəlləni əhatə edəcək.
Bununla yanaşı, Ağdam şəhərində inzibati və ictimai təyinatlı obyektlərin tikintisi də planlaşdırılır. Ağdam Cümə məscidinin yardımçı tikililəri, çoxfunksiyalı inzibati bina və digər sosial obyektlərin inşası şəhərin funksional imkanlarını genişləndirəcək və burada dayanıqlı yaşayış mühitinin formalaşmasına töhfə verəcək.
Şəhərdə həyata keçirilən layihələr Ağdamı regionun iqtisadi, sosial və mədəni mərkəzlərindən birinə çevirməyə yönəlib. Müasir planlaşdırma prinsipləri, yaşıl zonaların yaradılması, dayanıqlı enerji həlləri və "ağıllı şəhər" elementlərinin tətbiqi Ağdamın gələcək inkişaf modelinin əsasını təşkil edir. Bu yanaşma şəhərin yalnız bugünkü deyil, gələcək nəsillər üçün də komfortlu yaşayış məkanına çevrilməsini təmin edəcək.
Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın müasir tarixində bənzəri olmayan bir yenilənmə prosesinin parlaq nümunəsidir. Keçmiş məcburi köçkünlərin yurdlarına qovuşması, yeni yaşayış komplekslərinin inşası, tarixi abidələrin bərpası və sosial infrastrukturun qurulması şəhərin həyatının tam bərpasına doğru atılan mühüm addımlardır. Doğma yurduna qayıdan hər bir ailə ilə Ağdamın küçələri yenidən nəfəs alır və şəhər öz ruhunu geri qaytarır. Bütün bunlar göstərir ki, Ağdamın dirçəlişi yalnız bir şəhərin yenidən qurulması deyil, bütövlükdə milli qürurun, tarixi ədalətin və gələcəyə inamın təntənəsidir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"