28 Fevral 2026 08:10
189
SİYASƏT
A- A+
Təxribat cəhdləri və xəyanət ssenariləri iflasa məhkumdur

Təxribat cəhdləri və xəyanət ssenariləri iflasa məhkumdur


Dünya siyasətində dəyişməz qaydalar var. Əgər bir dövlət öz milli hədəflərinə nə qədər qətiyyətlə addımlayırsa, onun qarşısına çıxarılan maneə ssenariləri də bir o qədər aqressivləşir. Azərbaycanın son illərdə qazandığı tarixi zəfərlər, regionun geosiyasi arxitekturasını yenidən qurması təkcə dostlarımızı sevindirmədi, həm də illərdir regionda xaosdan qidalanan dairələri yuxudan oyatdı. Fevralın 19-da Vaşinqtonun mərkəzində, dünyanın nəzərinin sülh və əməkdaşlıq dialoquna yönəldiyi bir məqamda baş verən hadisələr sadə "etiraz aksiyası" deyildi. Bu, Azərbaycanın artan nüfuzunu həzm edə bilməyən mərkəzlərin, daxili xəyanətkar ünsürlərlə erməni şovinizminin bir qazanda qaynadıldığı növbəti hibrid hücum cəhdi idi. 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ rəhbəri Donald Trampın təşəbbüsü ilə keçirilən Sülh Şurasının təsis iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olarkən dövlətimizin başçısının qaldığı "Waldorf Astoria" hotelinin qarşısında baş verənlər anti-milli qüvvələrin əsl simasını bir daha ortaya qoydu. Bir qrup azğınlaşmış simasızların mühafizə olunan xüsusi zonaya zorla daxil olmaq cəhdi və dövlətimizin başçısına qarşı qeyri-etik şüarlar səsləndirməsi ciddi təxribat olmaqla yanaşı, beynəlxalq təhlükəsizlik normalarına da tamamilə zidd addım idi. Təhlükəsizlik qüvvələrinin çevik müdaxiləsi nəticəsində asayiş qorundu, lakin bu cəhdin arxasında dayanan məqsədlər aydındır. Antimilli ünsürlərin qayəsi böyük beynəlxalq tədbir fonunda Azərbaycanın imicinə zərbə vurmaq, ölkəmiz əleyhinə qarayaxma kampaniyalarına start vermək idi. 

Bəs sülhün və yeni qlobal nizamın müzakirə olunduğu bir vaxtda bu cür ucuz şoulara nə ehtiyac var idi? Kimlər bu prosesdə Azərbaycanın milli maraqlarını erməni lobbisinin maraqlarına qurban verirlər? Bu sualların cavabı aydındır. Ölkəmizə və dövlətimizin başçısına qarşı hücumların intensivləşməsi təsadüfi deyil və Azərbaycanın son bir ayda qazandığı tarixi uğurlarla birbaşa bağlıdır. Azərbaycanın qlobal təhlükəsizlik sistemində yeni mexanizm olan Sülh Şurasının təsisçilərindən biri kimi çıxış etməsi, Cənubi Qafqazın yeni geosiyasi xəritəsinin dizaynında əsas aktor rolunu möhkəmləndirməsi, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və müharibə canilərinin ədalət qarşısına çıxarılması reallıqlarını qəbul etməyən qərəzli dairələri ciddi təşvişə salıb. 

Çünki Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasında yeni bir mexanizm olan Sülh Şurasının təsisçi üzvü kimi çıxış etməsi Bakının təkcə regional deyil, dünya miqyaslı qərarların qəbulunda söz sahibi olduğunu təsdiqləyir.

Cənubi Qafqazın yeni sülh və əməkdaşlıq modelinin dizaynında Azərbaycanın öz mövqeyini möhkəmləndirməsi regionda onilliklərdir davam edən xaos ssenarilərini iflasa uğratdı. Üstəlik, dünyanın super gücü ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın xarici siyasətində yeni bir mərhələ açmaqla bərabər, qərəzli dairələrin ölkəmizi təcrid etmək cəhdlərini boşa çıxardı. Müharibə canilərinin bir-bir ədalət qarşısına çıxarılması və hüquqi cəzalarını almaları separatizmin və işğalçılığın mənəvi-siyasi sütunlarını birdəfəlik məhv etdi. Məhz bu reallıqlar, yəni Azərbaycanın diktə edən tərəfə çevrilməsi və ədaləti bərpa etməsi müəyyən dairələri çıxılmaz vəziyyətə saldı. Onlar artıq klassik diplomatik vasitələrlə Azərbaycana təsir edə bilmədikləri üçün ən çirkin üsullara, şantaj, informasiya terroru və koordinasiyalı təxribatlara əl atırlar. Lakin unudurlar ki, Azərbaycanın milli iradəsi və dövlətçilik sütunları bu cür primitiv oyunlardan qat-qat güclüdür. 

Hadisələrin gedişatı sübut edir ki, Vaşinqtondakı məlum aksiya xarici mərkəzlərdən idarə olunan sinxron fəaliyyətdir. ABŞ-dəki erməni lobbisinin əsas dayaq nöqtəsi olan Amerika Erməni Milli Komitəsinin (ANCA) bu aksiyanı dərhal "haqq səsi" kimi qələmə verməsi prosesin hansı mənbədən qidalandığını göstərir. Azərbaycanın qatı düşməni, bədnam 907-ci düzəlişin və sanksiya siyasətinin müəllifi olan Frank Pallonenin bu prosesə qoşulması da təxribatın siyasi arxa planını tamamlayır. Uzun illərdir erməni lobbisinin maraqlarını təmsil edən bu şəxsin təxribatçı tör-töküntüləri dəstəkləməsi onların eyni cəbhədə birləşdiyini təsdiqləyir. 

ABŞ-dəki erməni lobbisinin ən radikal qolu sayılan ANCA illərdir Azərbaycanın regiondakı hər bir uğurunu qaralamaq üçün fürsət axtarır və həmin fürsəti tapan kimi dərhal klassik manipulyasiya texnologiyalarını işə salır. Pallone isə məlum olduğu kimi, bədnam 907-ci düzəlişin, Azərbaycanı ən ağır dövrlərində blokadaya salmaq məqsədilə qəbul edilən sənədin müəlliflərindən biridir. Vaxtilə Qarabağa qanunsuz səfərlər edərək separatizmi alqışlayan bir fiqurun "insan haqları"ndan danışması riyakarlığın zirvəsidir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Pallone təxribatçılar vasitəsilə ABŞ-nin rəsmi dairələrində anti-Azərbaycan rəyi formalaşdırmağa çalışır. Hədəf birbaşa Azərbaycan dövlətinin suverenliyi və beynəlxalq nüfuzudur. 

Birmənalı olaraq Azərbaycan Respublikasının Prezidentinə qarşı yönəlmiş hər hansı təxribat cəhdi mahiyyət etibarilə dövlətin suverenliyinə qəsd kimi qiymətləndirilməlidir. Ölkə rəhbəri Azərbaycanın beynəlxalq simasıdır. Dövlətimizin başçısının nüfuzuna və ya fəaliyyətinə qarşı atılan hər bir aqressiv addım birbaşa vətənimizə qarşı yönəlmiş sayılır. Hadisənin ən rəzil tərəfi odur ki, bu ünsürlər dünyanın heç bir yerində əliqanlı Robert Koçaryana, Serj Sarkisyana, Azərbaycanı təhdid edən qüvvələrə qarşı etiraz səslərini qaldırmayıblar. Lakin ölkənin ali rəhbərinə qarşı ən çirkin üslubda həyasızcasına hücuma cəhd ediblər. 

Bu olay bir daha nümayiş etdirdi ki, özünü "müxalifət" adlandıran bəzi dağıdıcı ünsürlər üçün milli dəyərlər və dövlət maraqları heç bir əhəmiyyət kəsb etmir. Onların ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələrlə, erməni şovinistləri ilə eyni platformadan çıxış etmələri bu fəaliyyətin "söz azadlığı" ilə deyil, birbaşa dövlətçiliyə qarşı xəyanətlə bağlı olduğunu isbatlayır. Azərbaycan əleyhinə fəaliyyət göstərən daxili ünsürlərin erməni şovinist dairələri ilə eyni cərgədə yer alması onların siyasi kimliyini tamamilə itirdiyini, milli mənsubiyyəti olmayan xəyanətkar məxluqlara çevrildiklərini göstərir. Bu, artıq siyasi mübarizə deyil, birbaşa milli maraqlara qarşı düşmən cəbhəsidir. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, etirazların qayəsi yalnız hay-küy qoparmaq deyil, birbaşa dövlətimizin başçısının təhlükəsizliyini hədəf almaq, Azərbaycana qarşı aşkar qərəz nümayiş etdirməkdir. Şübhəsiz, bu ünsürlər demokratik dəyərləri, sərbəst toplaşmaq hüququnu tərənnüm etmirlər. Onlar birbaşa kənar dairələrin siyasi diktəsi ilə fəaliyyət göstərən, öz dağıdıcı mövcudluqlarını dövlətçilik əleyhinə düşmənçilik üzərində quran təxribatçı, qanları xarab, marginal qruplaşmalardır. 

Diqqətçəkən məqam odur ki, bu təxribatlar Ermənistanla yekun sülh sənədinin imzalanması ərəfəsinə təsadüf edir. Regionda qalıcı sabitliyin bərqərar olmasını istəməyən revanşist dairələr gərginliyi artırmaq və konstruktiv dialoqu pozmaq üçün fəallaşıblar. Fərqindədirlər ki, Azərbaycanın sülh təşəbbüsləri onların illərdir bəhrələndiyi xaos və münaqişə mühitini darmadağın edir. Azərbaycan dövləti özünün güclü idarəçilik ənənəsi və prinsipial kursu ilə bu cür çirkin planları dəfələrlə alt-üst edib. 

Azərbaycanın sülh və əməkdaşlıq naminə atdığı addımları kölgələmək istəyən bu zərərli qüvvələr növbəti dəfə iflasa məhkum oldular. Vaşinqtondakı insident zamanı qanunsuz hərəkətlərə yol verən şəxslərin ABŞ polis qüvvələri və Prezidentin təhlükəsizlik xidməti tərəfindən dərhal zərərsizləşdirilməsi hüququn və təhlükəsizlik qaydalarının hər bir demokratik cəmiyyətdə sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bu müdaxilə həm də ondan xəbər verdi ki, qondarma "siyasi fəallıq" adı altında törədilən cinayət xarakterli təxribatlara dünyanın heç bir yerində tolerantlıq nümayiş etdirilmir. 

Tarixin hər mərhələsi sübut edib ki, bir dövlətin ən böyük gücü xalq ilə rəhbər arasındakı sarsılmaz bağ və etimaddır. Öz gələcəyini xarici paytaxtların siyasi dəhlizlərində axtaranlar daim bu birliyi zədələməyə çalışıblar. Ancaq xarici güclərin əlində oyuncağa çevrilən, milli maraqlarını qrantlara və siyasi sığınacaqlara dəyişən ünsürlər üçün yolun sonu hər zaman eynidir. Öz ölkəsinə və xalqına qarşı çıxanlar heç vaxt cəmiyyət tərəfindən qəbul edilmir. Bu qruplar nəinki siyasi legitimlikdən məhrum olurlar, həm də xalqın dərin nifrəti ilə üzləşirlər. Çünki milli hisslərə yad olanlar, öz dövlət başçısının nüfuzuna kölgə salmağa çalışan marginal qruplar heç vaxt xalqın etimadını qazana bilməz. Azərbaycan xalqı dövlətçilik ənənələrinə sadiqdir. 

Xalqımız yaxşı anlayır ki, dövlət rəhbərini hədəf alanlar, əslində, Azərbaycanın suverenliyini və əldə etdiyi tarixi qələbələri hədəf alırlar. Buna görə də, bu cür təxribatçılar cəmiyyətdə hər zaman yad ünsür kimi qəbul edilirlər. Xarici sifarişlə öz vətəninə qarşı çıxanlar tarixin tozlu səhifələrində hər zaman satqınlıq simvolu kimi qalırlar. Dünən olduğu kimi, bu gün də xəyanət ssenariləri xalqın birliyi qarşısında darmadağın olur. Heç bir koordinasiyalı hücum, heç bir informasiya terroru Azərbaycanın sülh və inkişaf yolundakı qətiyyətini sarsıda bilməz. Çünki bu yol milli maraqlara, güclü liderliyə və xalqın sarsılmaz dəstəyinə söykənir. Dövlətçiliyə və milli bütövlüyə qarşı yönələn hər bir addım ifşaya və iflasa məhkumdur. Azərbaycan dövlətinin gücü və xalqın sarsılmaz birliyi bu cür antimilli layihələrin həmişə qarşısını alacaq. Bu uğursuz təxribat cəhdi Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirə bilmədi, əksinə, düşmən şəbəkəsinin və onların yerli əlaltılarının acizliyini bir daha dünyaya nümayiş etdirdi. 

Siyasi masada məğlub olanların fərdi müstəviyə keçərək ailə dəyərlərini hədəf alması onların mənəvi iflasının bariz sübutudur. Lakin unudurlar ki, Azərbaycan xalqı üçün ailə müqəddəsdir və bu cür iyrənc kampaniyalar cəmiyyəti sarsıtmaq əvəzinə, onu öz lideri ətrafında daha sıx və polad iradə ilə birləşdirir. Dövlətimiz xaricdən idarə olunan manqurtların şoularına qarşı siyasi immunitetə malikdir. Öz vətəninə qəsd edənlər bilməlidirlər ki, milli maraqlara xəyanətin sonu hər zaman mənəvi və siyasi intihardır. Bu cür ucuz təxribatlar və informasiya küyü bir daha təsdiqləyir ki, Azərbaycanın "dəmir yumruğ"u təkcə döyüş meydanında deyil, həm də diplomatik masada və milli iradə müstəvisində öz qüdrətini qoruyur. 

Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə uzaqgörən və milli mənafelərə söykənən daxili-xarici strategiyanı tam mütəşəkkilliklə dəstəkləyir. Dövlət başçısı müasir Azərbaycanın qüdrətlənməsini təmin edən, ölkəni dünya miqyasında nüfuz sahibinə çevirən lider kimi bu tarixi missiyanı qətiyyətlə yerinə yetirir. Həyata keçirilən praqmatik və strateji siyasət Azərbaycanın müstəqilliyini sarsılmaz edir. Məhz buna görə, heç bir kənar təzyiq və ya ucuz şou dövlətimizin iradəsini sındıra bilməz. Prezidentin sarsılmaz mövqeyi və xalqın sadiq dəstəyi ilə Azərbaycan sülh və inkişaf yolunda geri dönmədən irəliləməkdədir. Azərbaycan artıq regionda şərtləri diktə edən gücdür və bu reallığı dəyişmək cəhdləri mənasızdır.  


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!