01 Oktyabr 2023 10:30
3351
Səhiyyə
A- A+

Təhlükə getdikcə artır

 

Koronavirusun yeni ştamı sürətlə yayıldığı üçün tezliklə Azərbaycanda da aşkarlana biləcəyi istisna edilmir

 

Uzun müddətdir həyatımızda olan koronavirus hələ də dünya miqyasında əhəmiyyətli ictimai sağlamlıq təhlükəsi olaraq qalır. 3 il ərzində mütəmadi olaraq virusun müxtəlif subvariantları ortaya çıxır və inkişaf edir.
Bu ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus pandemiyasının başa çatdığını elan etsə də, son günlər bir çox ölkədə COVID-19-un "Eris" ("EG.5") ştamına yoluxanların sayının artması problemin hələ də aktual olduğunu göstərir.
Son günlər xüsusilə Türkiyə, Amerika Birləşmiş Ştatları, Çin, Böyük Britaniya və Avropanın bir sıra ölkələrində yoluxma saylarında artım var. "Eris"in əsas əlamətləri yüksək hərarət, öskürək, burun axıntısı, tənəffüs çətinliyi hesab olunur. Onun yoluxuculuğu yüksək olsa da, ölüm riski azdır.

 

Kütləvi peyvənd proqramına ehtiyac yoxdur

 

Bir müddət öncə Türkiyədə 9 nəfər "Eris" ştamına yoluxmuşdu. Türkiyənin səhiyyə naziri Fahrettin Koca hazırda ölkədəki epidemioloji vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, "Eris" üçün yeni tədbirlərə ehtiyac yoxdur: "Belə ki, virusa artıq bələdik. Onun bütün mutasiyalarının təsirlərini və dəyişikliklərini izləyirik. 
Bu mutasiyalarda virusun ilk ortaya çıxdığı zaman xəstəlik törədici təsirində, yəni virulentliyində heç vaxt artım olmamışdır. Baş verən mutasiyalar xəstəliyə səbəb olmaq gücü daha zəif olan mutasiyalardır və dediyim kimi biz bunu yaxından izləyirik.
F.Koca qeyd edir ki, yeni peyvənd proqramı həyata keçirməyəcəyik: "COVID-19 soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yollarının infeksiyasına çevrilib. Bəzi ölkələrin peyvənd təzyiqinə boyun əyməsi o demək deyil ki, biz də peyvənd təzyiqinə boyun əyəcəyik. Peyvənd proqramına sırf kimsə istəyir deyə başlamırıq. Hazırda COVID-19 üçün yeni peyvənd proqramını həyata keçirməyi düşünmürük. Heç bir məhdudiyyət və ya qapanma yoxdur".
Səhiyyə naziri bildirir ki, koronavirusdan qorunmağın yollarını hər kəs bilir: "Xəstələrə özlərini təcrid etmələrini, çölə çıxmamalarını, risk altında olanların xüsusilə özlərini qorumalarını, izdihamlı mühitlərdən uzaq durmalarını, zəruri hallarda maskadan istifadə etmələrini tövsiyə edirik. Kütləvi peyvənd proqramına qətiyyən ehtiyac yoxdur. Amma bu dövrdə qrip peyvəndinə önəm veririk. Risk qrupunda olan və qripə qarşı peyvənd edilmiş şəxslərin ən qısa müddətdə peyvənd olunmalarını məsləhət görürük".

 

Yeni ştamla bağlı əhaliyə xəbərdarlıq edilib

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda COVID-19-a 18-24 sentyabrda 229 yeni yoluxma faktı qeydə alınıb. Onlardan 132 nəfəri müalicə olunaraq sağalıb, 19 nəfəri isə vəfat edib.
Azərbaycanda indiyədək 832809 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822263 nəfəri müalicə olunaraq sağalıb, 10321 nəfəri isə vəfat edib. Ölkədə son həftə ərzində 282 nəfər, bu günə qədər isə 13969897 nəfər vaksinasiya olunub.
TƏBİB koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, yeni ştam sürətlə yayıldığı üçün tezliklə Azərbaycanda da aşkarlana bilər. Lakin təlaşa düşmək üçün hər hansı əsas yoxdur. Ölkəmizdə vəziyyət kifayət qədər stabildir. Virusun dalğası ölkəmizə çatmasa da, onun sonralar da gəlməyəcəyi istisna edilmir. Ona görə də ilk növbədə şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.
Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2 yanvar 2024-cü il saat 06:00-dək uzadılıb.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video