17 Yanvar 2023 00:57
1192
SİYASƏT
A- A+

Tarixi ədalətin bərpası

 

Hər Yeni il Azərbaycan üçün yeni uğurların başlanğıcı, böyük strateji hədəflərə doğru möhtəşəm addımların davamıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirakı və icma nümayəndələri ilə görüşü tarixi bir tədbir oldu. 
Tədbirin bir simvolik məqamı Qərbi Azərbaycan İcmasının on iki il əvvəl Qarabağdan olan məcburi köçkünlərin təşkilatları üçün dövlət rəhbərimizin təşəbbüsü ilə inşa edilmiş binada yerləşməsidir. Yada salaq ki, ötən ilin avqustunda Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilib. Bu, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi baxımından zamanında verilmiş qərardır. Belə bir mütəşəkkillik həm Qərbi Azərbaycandan olan insanlar, həm də bütövlükdə Azərbaycan xalqı üçün böyük əhəmiyyət daşıyır. 
Vaxtilə Qarabağa aid təşkilatın yerləşdiyi binanın indi Qərbi Azərbaycan İcmasına ayrılması da Prezident İlham Əliyevin təşəbbüsü olub. "Mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır" - deyən dövlət  başçısı əmin olduğunu bildirdi ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Böyük coşqu və həvəslə öz doğma torpaqlarına gedib orada yaşayacaqlar. 

 

Məqsədyönlü strategiya, aydın hədəflər

 

Bütün bunlar Azərbaycan dövlətinin, onun başçısının nə qədər aydın, məqsədyönlü, gələcəyə hesablanmış strategiyaya malik olduğunu, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün atılan addımların ardıcıllığını, həyata keçirilən proseslərin davamlılığını və dayanıqlılığını göstərir. 
Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğu bir çox sənədlərlə, sübutlarla təsdiqlənən, gün kimi aydın olan reallıqdır. Bu torpaqlar bizim milli yaddaşımızdır. Ermənilərin və regionda müəyyən geopolitik konfiqurasiyalar quran havadarlarının əli ilə bir neçə mərhələdə dogma yurdlarından didərgin düşmüş, amma öz tarixi köklərini unutmamış, yurd həsrəti yeni nəsillərin də bağrında qövr edən soydaşlarımızın o torpaqlara qayıdışı tarixi ədalət məsələsidir. Uzunmüddətli diplomatiyamızın, ordumuzun gücü ilə Qarabağ məsələsində tarixi ədaləti bərpa etməyə müvəffəq olan güclü, qüdrətli Azərbaycan dövləti bu məsələdə də əvvəl-axır öz milli hədəflərinə çatacaq. Qərbi Azərbaycandan zorla çıxarılmış, onillərlə min bir ağrı-acı yaşamış azərbaycanlıların pozulmuş haqları bərpa olunacaq. Erməni vandalları öz bəşəri cinayətlərinin izini itirmək üçün hər nə qədər bu torpaqlarımızdakı tarixi, dini abidələrimizi yerləyeksan etsələr də, bununla azərbaycanlıların tarixi irsini silmək istəsələr də, torpağın yaddaşını axıra qədər məhv etmək mümkün deyil. İndi bu yaddaşı daha da oyatmaq, qərbi azərbaycanlıların pozulmuş hüquqlarını beynəlxalq məhkəmələr qarşısında qaldırmaq, Ermənistanın qəsbkar əməllərini bu səmtdə də dünya ictimaiyyətinə çatdırmaq və haqqımız olanları əldə etmək vaxtıdır. 

 

Hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik

 

Azərbaycan Prezidenti İlham Əliyev bu işlərin məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparılmasından ötrü icma üzvləri ilə görüşündə qarşıya konkret vəzifələr qoydu. Bunlardan birincisi, Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar haqqında materialların, eləcə də erməni qəsbkarlığı üzündən xalqımızın çəkdiyi olmazın əzablar haqqında məlumatların konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasıdır. 
İcma həm ölkə daxilində, həm də xaricdə fəallıq göstərməlidir. Azərbaycan Qarabağla bağlı təhrif edilmiş təsəvvürü məqsədyönlü fəaliyyət sayəsində tamamilə dəyişdirə bildiyi kimi, indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızla bağlı da informasiya savaşını davam etdirməlidir. Azərbaycan Prezidenti bu mövzuda sərgilərin, təqdimatların, beynəlxalq konfransların keçirilməsini, Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyaların təşkilini, xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmasını da konkret vəzifələr olaraq müəyyənləşdirdi. Ölkə rəhbəri dedi: "Biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox, biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır".

 

"İrəvanın tarixi mərkəzi haradır?"

 

Dövlət başçısı icmanın çox mötəbər bir rəqəmsal platformasının, yəni müvafiq portalın yaradılması, orada həm tarixi həqiqətlərin, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılmış saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı faktların öz əksini tapması barədə də göstəriş verdi. Prezident İlham Əliyev xatırlatdı ki, hazırda Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan təmsilçilərimiz  beynəlxalq səviyyədə belə bir sualı gündəmə gətiriblər: "İrəvanın tarixi mərkəzi haradır?" Paytaxtlarının dünyanın ən qədim şəhəri olması barədə hekayələr uyduran ermənilərin bu suala verəcək cavabları yoxdur. Çünki İrəvanın tarixi mərkəzini göstərə bilməzlər. Bütün qədim şəhərlərin qəlbi, ruh mərkəzi sayılan həmin məkan İrəvanda yerləyeksan edilib. Ona görə ki, bu məkanda ermənilərin deyil, məhz bizim milli yaddaşımız, tarixi irsimiz yaşayırdı. Bu izi itirməkdən ötrü ermənilər şəhərsalma adı altında İrəvandakı bütün tarixi binalarımızı, o cümlədən İrəvan qalasını, Sərdar sarayını dağıdıblar. 
Azərbaycan Prezidenti bütün bunların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini önə çəkdi. Qeyd etdi ki, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, bu məsələyə beynəlxalq hüquqşünaslar cəlb ediləcək və Azərbaycan dövləti bu məsələdə də Qərbi Azərbaycan İcmasına dəstək verəcək. Beynəlxalq hüquqşünaslar Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dogma yurdlarına qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazım olduğunu göstərəcəklər.

 

Ermənistan monodövlətdir

 

Ölkə rəhbərimiz hazırda Qərbi Azərbaycanla bağlı fərdi qaydada fəaliyyət göstərən təsisatların, ictimai birliklərin artıq bir yerə yığılması, o cümlədən bütün informasiya resurslarının - qəzetlərin, informasiya portallarının vahid konsepsiya və siyasət çərçivəsində iş aparmasının vacibliyini bildirdi. 
Azərbaycan Prezidenti tarixi həqiqətlərlə bağlı kitabların yenilənməsi, müəyyən dövrdə məhdud sayda çapdan çıxmış kitabların, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitabların xarici dillərdə nəşr olunmasının, elektron daşıyıcılarda da yerləşdirilməsinin zəruriliyini diqqətə çatdırdı. Bakıda ildə bir dəfə, yaxud iki ildən bir Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransın keçirilməsinin, özümüzə dost saydığımız ölkələrdən alimlərin, arxeoloqların, tarixçilərin həmin tədbirlərə dəvət edilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bütün bunlar mövzunun  gündəlikdən çıxmaması, əksinə, beynəlxalq gündəliyə daxil edilməsi üçündür. "Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu dözülməzdir. İndi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs sual olunur, nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin".
Dövlət başçısı bütün bunları məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməli olduğumuzu diqqətə çatdıraraq əminliyini bildirdi ki, buna nail olacağıq. 

 

"Biz qayıdacağıq"

 

Azərbaycan Prezidenti paralel olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməyin zəruriliyini də gündəmə gətirdi. Vurğuladı ki, Qarabağ münaqişəsinin həllindən sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Qarabağ münaqişəsi həll edilməyənə qədər bu haqda danışmaq tez olardı. Artıq münaqişə keçmişdə qaldığından belə bir Qayıdış Konsepsiyasının hazırlanmasında vaxt itirməməliyik. Ölkəmizin başçısı bu sənədin sülhsevər konsepsiya olması, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməyin vacibliyini vurğuladı. Onu da qeyd etdi ki, hazırda indiki Ermənistan ərazisindəki tarixi yaşayış yerlərimizin mütləq əksəriyyəti bomboşdur: "Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır". 
Müzəffər Ali Baş Komandan görüşdə onu da yada saldı ki, ordumuzun bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində məcburən həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bizim Ermənistandakı tarixi şəhərlərimiz artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. "Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq".
Azərbaycan Prezidenti bəyan etdi ki, əldə edilmiş həm hərbi, həm siyasi uğurlarımız gələcək üçün, o cümlədən həm torpaqlarımıza qayıdış, həm təhlükəsizlik üçün güclü zəmin yaradır. Bütün bunlar həm də Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərsdir ki, ölkəmizi ədalətli mövqeyindən heç kim çəkindirə, haqq yolundan dayandıra bilməz. "Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək".
Azərbaycanın apardığı savaş haqq savaşıdır. Tarixi ədalətin bərpası uğrunda apardığımız mübarizənin qalibi hər zaman Azərbaycan olacaq. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video