10 Aprel 2024 10:10
1398
Mədəniyyət
A- A+

Tarixə şahidlik edən Qarabağ abidələri

 

Bəşər sivilizasiyasının tarixi yadigarlarının saxlanc yeri olan qədim Qarabağ insanlığın ilk məskənlərindən biridir. Tarixi araşdırmalar sübut edir ki, insanlar hələ Paleolit dövründə bu əraziləri özləri üçün yaşayış yeri seçmişlər. Qarabağda tariximizin bütün dövrlərini əhatə edən abidələr mövcuddur. 
Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr - Xocalıdakı dolmenlər, Xankəndidəki kromlexlər, eləcə də Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş Antik dövrə aid daş qutu qəbirlər yurdumuzun çox minillik tarixindən xəbər verən mədəniyyət nümunələridir.
Qarabağ ərazisində çoxlu sayda qalalar, qəsrlər inşa edilmiş və dövrümüzə qədər onların bir hissəsinin qalıqları gəlib çatmışdır.
Laçın rayonundakı Ağoğlan monastr kompleksi (IX əsr), Amaras monastr kompleksi (IV-IX-XII əsrlər), müqəddəs Yelisey məbədi kompleksi (V-XIV əsrlər) və Qandazar monastrı (1216-1240-cı illər) Aşağı Xaçın vilayətinin hakimi Həsən Cəlal tərəfindən bərpa edilib. Həsən Cəlal Qafqaz Albaniyasında uzun müddət hakimiyyətdə olmuş Mehranilər sülaləsinin və Gürcü çarı Tamaranın məşhur sərkərdələri Mxarqradzelilərin nəslindəndir. O dövrə aid olan  abidələrdən biri də Cicimli kəndində yerləşən Malik Əjdər türbəsidir. Tarixçilər  türbənin Səlcuqilər dövrünə aid olduğunu qeyd edirlər.
Tarixi faktlar Kəlbəcər rayonu Vəngli kəndi ərazisində yerləşən Gəncəsər monastrının 1216-1238-ci illərə aid olduğunu göstərir. Həmin kənddə məşhur olan Xudavəng monastrı XIII əsr abidələri sırasında xüsusilə seçilir. Cəbrayıl rayonu ərazisində yerləşən məşhur abidələrdən biri də Xudafərin körpüləridir. XIII əsr səyyahı Həmdullah Qəzvini "Nüzhət əl-qülub" əsərindəki Xudafərin körpülərindən bəhs edərək  yazır ki, Araz çayı üzərində Zəngilan yaxınlığındakı (on bir aşırımlı) körpü hicri tarixi ilə 15-ci ildə (636-cı il) Məhəmməd peyğəmbərin yaxın adamlarından Bərk ibn Əbdallah tərəfindən salınmışdır. Buna görə də "Xudafərin", yəni "Allah yaratmış" körpü adlanır. On beş aşırımlı körpünü isə Karkar ticarət mərkəzinin yaxınlığında xeyriyyə məqsədi ilə Diya əl-Mülk Naxçıvani saldırmışdı.
Füzuli ərazisində Şeyx Yaqub türbəsi (XII əsr), Qoç Əhməd kəndində Cümə məscidi, Əhmədəlilər kəndində Hacı Ələsgər məscidi, Mir Əli məscidi və XIV əsrə aid olan digər məbədlər, Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsi, Əhmədallar kəndində, Orta əsr qəbiristanlığının yerində sənduqə formalı qəbir daşı tariximizin çoxəsrlik qiymətli yadigarlarıdır. Tarixi araşdırmalar sübut edir ki, Füzuli rayonunun Şıxbabalı kəndindəki türbənin  kitabəsində  onun 1272-ci ildə tikildiyi qeyd edilib. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülüb.
Zəngilanın Məmmədbəyli kəndi yaxınlığında yerləşən türbənin 678 yaşı var. Türbənin giriş qapısı üstündə ərəbcə yazılan kitabədə "Quran"dan ayə və türbənin kimə məxsus olduğu, nə vaxt tikildiyi göstərilib. Kitabədə türbənin Yəhya ibn Məhəmməd Əl-həcc Seyid Əliyə məxsus olduğu qeyd edilib. 
XIII əsr ərəb səyyahı Yaqut əl-Həməvi "Mücam əl-buldan" əsərində Bərdə şəhəri, onun tikililəri haqda məlumat verir. Müəllif Beyləqan və Bərdə şəhərindəki tikililərin monqol-tatarların hücumları zamanı yerlə yeksan edildiyini yazır. 
XX əsrin sonlarında Ermənistan torpaqlarımızı işğal etdikdən sonra  azərbaycanlıların izlərini silməyə çalışan vandallar  tarixi mədəniyyət abidələrimizi də ya tamamilə dağıdıb məhv etmiş, yaxud da yararsız hala salaraq ciddi ziyan vurmuşlar. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın etmişlər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını Yer üzündən silmişlər. "Azıx" mağarası ermənilərin hərbi sursat anbarına çevrilmişdi. Alban xristian abidələri isə tamamilə saxtalaşdırılmışdı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silinmişdi. Təəssüf ki, beynəlxalq təşkilatlar tarixi mədəni irsimizi məhv edən ermənilərin insanlığa və hüquqazidd bütün hərəkətlərinə susduqları kimi, tarxi mədəni irsimizə  etdikləri vandalizmi də görməzdən gəlirlər.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video