(sənədli hekayə)
Atası Kamil 20 Yanvar faciəsində şəhid olanda Cavidin beş yaşı vardı. Hələ dünyanı yaxşı anlamır, ətrafındakı hadisələri dərindən dərk etmirdi. Elə buna görə də kiçik yaşlarında ata itkisinin ağrısı onu o qədər də göynətməmişdi. Bu göynərti onun ürəyini böyüyəndən sonra yandırıb-yaxdı.
Şəhidlərin dəfn mərasimi yadına güclə gəlirdi. İllər sonra Cavid o hüznlü gündən çəkilmiş şəkillərə göz yaşı içində baxmışdı. Fotoqraf onu atasının tabutu önündə böyüdülmüş şəklini aparan yerdə lentə almışdı. Həmin an əbədi olaraq həm yaddaşlara, həm də kağız üzərinə hopub qalmışdı. İndi Cavid bu şəkillərə baxanda o kədərli günü xəyal kimi xatırlayırdı. Qəribə idi, dəfn mərasimindən onun yaddaşında görüntülərdən daha çox ağlaşma və gəmilərin fit səsləri qalmışdı. Ana-bacıların ah-naləsi hələ də qulaqlarından getməmişdi.
İllər qanadlanıb bir-bir ötdükcə Cavid də böyüyürdü. Yavaş-yavaş atasının faciəli ölümünü, hansı amal uğrunda şəhid olduğunu dərk edirdi. Dərk etdikcə də atasına rəğbəti, qatillərinə isə nifrəti artırdı. Deyilən və yazılanlardan şəhidlərə güllə atanların Rusiyanın şəhərlərindən gəldiklərini öyrənmişdi. Vaxtaşırı Şəhidlər xiyabanına gedir, atasının məzarı üstünə gül-çiçək qoyur və hər dəfə də: "Ata, məzarında rahat yat, qatillərindən intiqamını alacağam, bu qan yerdə qalmayacaq", - deyirdi. Bu sözlərdən ürəyi bir az sakitləşir, qəlbinə rahatlıq çökürdü. İllər ard-arda sıralandıqca Cavidin də yaşının üstünə yaş gəlirdi. İndi o, atasının şəhid olduğu yaşda idi.
Bir gün xiyabana gələn Cavid, nədənsə, həmişəkindən fikirli və qayğılı görünürdü. Gətirdiyi gülləri məzarın üstünə düzəndən sonra pıçıltı ilə: "Ata, illərdir qəbrinin önündə qatillərindən intiqam alacağıma söz verirəm. Bunu bacarmadığım üçün məzarının üstünə başıaşağı gəlirəm. Bu gün səninlə bir neçə aylığa vidalaşacağam. Səfərim 90-cı illərdə şəhərimizə ölüm gətirənlərin diyarınadır. Vaxt yetişib, yola çıxmalıyam... Orada nə qədər qalacağımı bilmirəm", - dedi.
Ertəsi gün Cavid həyat yoldaşı Lətifəylə, anası Qəmərlə, iki yaşı yenicə tamam olmuş atasının adını daşıyan oğlu Kamillə sağollaşıb Rusiyaya yola düşdü. Sağollaşanda anası əlini buraxmayaraq dedi:
- Bala, ehtiyatlı ol. Unutma ki, sovet əsgərləri o vaxtlar şəhərimizə o yerlərdən göndərilmişdilər.
- Narahat olma, ana! Daha o vaxtlar deyil. Keçmiş ittifaq çoxdan dağılıb. İndi biz Rusiya ilə dost ölkəyik. İnşallah, işimizi qurtarandan sonra günlərin birində sağ-salamat qayıdacağam, - deyib gülümsəyən Cavid doğmalarından mehribancasına ayrıldı.
Ali təhsilli mühəndis olan Cavid yol tikintisində işləyirdi. Çalışdığı şirkət yalnız ölkə daxilində deyil, dünyanın başqa yerlərində də yol çəkilişlərində iştirak edirdi. İndi işləri Rusiya ərazisində - Rostov şəhəri ətrafında idi. Cavid bilirdi ki, o vaxtlar 20 Yanvar faciəsini törədən sovet əsgərlərinin çoxunu Bakıya Rostovdan göndərmişdilər. O isə indi illər əvvəl xalqına güllə atanlar üçün yol çəkəcəkdi. Amma nə etməli, bu hökmü verən dövlət çoxdan dağılmışdı.
Cavid Rostovda ermənilərin də çox yaşadığını bilirdi. Ona görə də hər addımda ehtiyatlı olmalı, özünü bu nankorlardan qorumalıydı. Yolboyu fikirləşirdi ki, atasını öldürənlər də bu şəhərin sakinləridir. İndi, yəqin, hamısı yaşlaşıblar. Bəlkə də, bu qanlı hadisəni heç xatırlamırlar da.
Uzun yol qət etdikdən sonra Rostova çatdılar. Onlar şəhərdən otuz kilometr aralıdakı Nevski qəsəbəsində işləyəcəkdilər. Layihəyə əsasən, qəsəbə ilə şəhər arasındakı yol genişləndirilib yenidən qurulmalıydı. İşin həcmi böyük idi. Çətin ki, bunu üç-dörd aya çatdıraydılar. Yəqin ki, ən azından, Cavid altı ay burada qalmalı olacaqdı. On gün ərzində bütün lazımi texnika və avadanlıqlar daşınıb gətirildi. Şirkətin rəhbəri Pərviz müəllim də gəlib çıxmışdı. Hazırlıq prosesi qurtaran kimi işlərə başlanıldı.
Fəhlələrin hamısı Rusiyaya göndərilmədiyinə görə şirkət rəhbərliyi yerli adamlardan da işə götürürdü. Cavidin tabeliyində yeddi-səkkiz nəfər rus da var idi. Kiçik yaşlarından bu dili öyrəndiyinə görə onlarla asanlıqla ünsiyyət qururdu. O, gecələr şirkətin yaşayış üçün quraşdırdığı vaqon-evlərdə qalırdı. Şəraitindən şikayətçi deyildi. Vaxtaşırı doğmalarına zəng vurub hal-əhval tutur, anasının, həyat yoldaşının, övladının səsini eşidirdi. Maaş alan kimi onlara pul göndərirdi.
Viktor da briqadalarında yenicə işə başlayan ruslardan biri idi. İlk baxışdan üzüyola, sakit adama oxşayırdı. Üz-gözündən fağırlıq yağırdı, hərdən qorxaq adam təsiri də bağışlayırdı. Hərəkətlərinə göz qoyanda, deyərdin, bəs dünyanın ən yazıq, ən məzlum bəndəsidir. Başına bir qapaz vur, çörəyini əlindən al. Cavid ona hansı tapşırığı verirdisə, can-başla yerinə yetirirdi. Viktorun yaşı altmışa yaxınlaşsa da, üzdən cavan görünürdü. Deyəsən, gəncliyində günləri xoş keçmiş, özünə yaxşı baxmışdı. Elədiyi maraqlı söhbətlər onun həyat təcrübəsinin zənginliyindən xəbər verirdi. Yeri düşdükcə özündən yaşca kiçik olan iş yoldaşlarına düzgün yol da göstərirdi. Sözləri tutduğuna görə Cavid onunla tez-tez söhbət edirdi. Hərdən ona elə gəlirdi ki, Viktoru bir neçə ay deyil, uzun illərdir tanıyır. Amma o gecə hər şey tərsinə oldu...
Aleksey adlı iş yoldaşlarının ad gününə yığışmışdılar. Cavid də, Viktor da qonaqların arasında idi. Badələr tez-tez dolub-boşalsa da, Cavid içkini çox sevmədiyindən qədəhi dodaqlarına yaxınlaşdırıb, bir qurtum içib yerə qoyurdu. Viktor isə su içirmiş kimi badələri ard-arda başına çəkirdi. Bir az keçmiş "dili də açıldı". İllərlə əvvəl etdiyi "qəhrəmanlıq"lardan həvəslə danışa-danışa, yavaş-yavaş söhbəti Bakı qırğınına yönəltdi... Cavid ondan eşitdiyi sözlərdən dəhşətə gəldi, heyrətdən yerindəcə donub qaldı.
Dediyinə görə, Viktor 20 Yanvar hadisələrində camaatı güllələyən hərbçilərdən biri olub. Heç yatsaydı, Cavidin yuxusuna da girməzdi ki, bu cür məzlum görkəmli biri insanların üstünə silah çəkər, qan tökər. Təəssüf ki, neçə illər əvvəl bütün bunlar olmuşdu. O, nə qədər azərbaycanlını soyuq qış gecəsində "of" demədən güllələmişdi. Bəlkə də Viktor içməsəydi, bu qanlı hadisənin iştirakçısı olduğundan söz salmazdı. Amma özü də hiss etmədən araq açar kimi dilinin qıfılını açmışdı. Çətin də olsa, onunla söhbətinə davam edən Cavid öyrəndi ki, Viktorgilin dəstəsi Bakıya "Qurd qapısı" tərəfdən soxulub. Oradakı barrikada ətrafında dayananları güllələyib. Cavidin atası da həmin yerdə şəhid olmuşdu. Güllələr onun başından və qarnından dəymişdi. Xəstəxanaya çatmağa az qalmış yolda keçinmişdi. O fikirləşdi ki, bəlkə də elə atasının qatili Viktordur. Cavid atasının bu hadisələrdə şəhid olduğunu ona demədi.
Viktorun içkili-içkili söylədiklərindən qəzəblənən Cavid özünə yer tapa bilmədi. Bu qəzəb dalğasının təsirindən illərdən bəri ürəyindəki sağalmayan yarası sızladı. İlk günlərdən fağır kimi görüb tanıdığı Viktor bir anın içində onun gözündə qaniçən məxluqa çevrildi. Nədənsə, ağlına gəldi ki, atasını Viktor güllələyib. Körpəliyindən yetim qalmasının günahkarı odur. Qonaqlıqdan necə çıxdığını xatırlamayan Cavid bir də özünü vaqon-evinin qarşısında gördü. Necə etsin? Bəlkə, elə geri qayıdıb bu məsələyə son qoysun?! Sonra fikrini dəyişərək dedi: "Viktor adam öldürənə oxşamırdı axı..." Tərəddüd içində qaldığı anlarda anasının tez-tez çəkdiyi bir misalı xatırladı: "Gecənin xeyrindən gündüzün şəri yaxşıdır". Bəlkə, Viktoru araq danışdırırdı? Heç o, bu qanlı hadisələrdə iştirak etməyib, danışdıqlarını kimdənsə eşidib. "Yaxşısı budur, qoy ayılsın, görək sabah nə deyəcək?"
Gecədən xeyli keçsə də, hələ Cavid bir çox suala cavab axtarırdı. Bəlkə, bir az yatsın? Bu fikir ağlına gələn kimi yerinə girdi. Gözünü yumar-yummaz yuxuda atasını gördü. Gördü ki, başından və qarnından yaralanan atası qan içində çabalayır. Balaca əlləri ilə atasının saçını sığallayır. Barmaqları qıpqırmızı olub. Onun sığalına məhəl qoymayıb çabalayan atasının başından axan qan üzünü örtdü... Qorxusundan qışqırıb ağlayan uşağı dilə tutub ovudan da yox idi... Hövlnak yuxudan ayıldı...
Səhəri dirigözlü açdı. "Bu qisas alınmalıdı, yoxsa mənim nəyim oğul oldu ki..." Bu dəqiqələrdə Cavid təkcə atasının məzarı üstündə verdiyi sözləri deyil, arxada qalmış illəri, hadisələri yaddaşının süzgəcindən ələyib keçirirdi. O, aramsız olaraq ağlına gələn düşüncələri götür-qoy edir, bir vaxtlar atasının qatilini necə tapıb öldürəcəyi barədə qurduğu xəyalları yadına salırdı. İntiqam hissi onu hövsələdən çıxarırdı. Fikirləşirdi ki, atasının qatillərindən birini tanıyır, qalır verdiyi sözə əməl etmək. Yəqin ki, ondan sonra atasının məzarının üstünə alnıaçıq gedəcək...
Ertəsi gün işə halsız və kefsiz gələn Cavid Viktorun da sifətini tutqun gördü. Cavid xalqına güllə atmış bu insana nifrətlə baxırdı. Viktor da çox narahat və fikirli gözə dəyirdi. Hiss edirdi ki, dünənki söhbətdən sonra Cavidin ona münasibəti xeyli dəyişib, baxışlarından qış soyuqluğu yağır.
İş gününün sonunda Viktor ona yaxınlaşaraq dedi:
- Oğul, hiss edirəm ki, dünənki söhbətimlə ürəyini yaralamışam. Səni gözəl başa düşürəm. Günah məndədir, gərək bu barədə danışmayaydım. Amma içki məni özümdən, sözümdən çıxartdı. Bilmədim, necə oldusa, ölkənizdə baş verən qırğında iştirakımdan söz açdım. Sözün oxu yayından qəflətən çıxdı. Düzdür, sizin millətinizə güllə atmışam, ölkənizin vətəndaşlarını öldürmüşəm. İnan ki, biz hərbçilərdə o qədər də günah olmayıb. Axı biz əsgər idik. Bizə nə əmr veriblərsə, onu da etmişik. Bu, ayaqüstü söhbətin mövzusu deyil, istəyirsən, sabah işdən sonra bizə gedək. Mən o qanlı gecədə baş verənlərdən sənə ətraflı danışım.
Cavid onunla razılaşaraq dedi:
- Hə, Viktor Steponoviç, nə olar, gedərik. Bəzi şeylər var ki, mən də onları sizdən soruşmaq istəyirəm.
Axşam təklikdə qalan Cavid fikirləşdi ki, Viktorgilə getməyi yaxşı olar. Həm söhbətinə qulaq asıb yanvar qırğınını necə törətdiklərini öyrənər, həm də evinin yol-yolağasını yadımda saxlayaram. Bir neçə gündən sonra isə gedib atasının qisasını alar. Ondan sonra xiyabana daha da şux addımlarla gedib uca səslə: "Ata, məzarında rahat yat, qisasını aldım", - deyər.
Bu qan qoxuyan fikirləri başında xeyli dolandıran Cavid bir az rahatlanan kimi oldu.
Ertəsi gün Cavid Viktorgilə getdi. Əvvəllər onunla söhbət edəndə öyrənmişdi ki, üç uşağı var. Yolüstü mağazaya dönüb onlar üçün şirniyyat aldı. İlk dəfə ayaq qoyduğu evə əliboş getmək istəmədi. Viktor buna mane olmağa çalışsa da, Cavid onunla razılaşmadı.
Arvadı Nina onları gülərüzlə qarşıladı. Cavid aldığı payı utana-utana qadına verdi. Uşaqlar o biri otaqda idilər. Onlarla görüşmək istəyəndə Viktor dedi:
- Çörəyimizi yeyək, söhbətimizi edək, sonra görüşərsən. Uşaqlar qaçmırlar ha, evdədilər də!
Cavid susub ağzını açmadı. Viktor o günkündən fərqli olaraq arağı az içdi. Nina süfrəni yığışdırandan sonra ikilikdə qalıb söhbət etdilər. Viktor dərindən ah çəkib dedi:
- Hərbi xidmətdən beş-altı il idi ki, qayıtmışdım. Ailə qurmaq istəyirdim. Baxırdım ki, ömür dayanmaq bilməyən küləklər kimi yaman tez keçir. Toya hazırlaşdığım ərəfədə - 1990-cı il yanvarın ikinci həftəsində komissarlıqdan bizi təlim-toplantıya çağırdılar. Çağırılanları iki-üç günün içində hərbi hissələrin birində geyindirib silahlandırdılar. Təcili olaraq Bakıya gedəcəyimizi dedilər. Zabitlər danışırdılar ki, azərbaycanlılar hökumətin əleyhinə üsyan qaldırıblar, silahlı çevriliş edirlər. Onlar həm SSRİ-nin tərkibindən çıxır, həm də erməniləri öldürüb şəhərdən qovurlar. Sıralarımızda ermənilər çox idi. Onlar lap qəzəbli görünürdülər. Tezliklə Bakıya çatıb azərbaycanlıları öldürməyə tələsirdilər. Komandirlər dönə-dönə demişdilər ki, Bakıdakı üsyançılar silahlıdırlar, heç bir xəbərdarlıq etmədən atəş açın. Biz də əmri tapşırıldığı kimi yerinə yetirdik. Can şirin şeydir axı.
Soyuq bir qış gecəsində tanklarımız şəhərə "Qurd qapısı" deyilən yerdən girdi. Dikdirin yuxarısındakı döngədə böyük bir barrikadanın qurulduğunu gördük. Sakinlər ocaq qalayıb ətrafına yığışmışdılar. Tanklar barrikadanı vurub dağıtdı. Burada dayananlar güllə atmasalar da, bizə "atəş" əmri verilirdi. Qarşımızda dayananlara atəş aça-aça şəhərin mərkəzinə doğru irəlilədik. Küçələrdə rastımıza çıxanlara da aman vermədik. Bir-iki saat ərzində şəhər nəzarətimizə keçdi. Güllələdiyimiz adamların silahsız olduqlarını sonradan bildik. Amma artıq gec idi. Çünki atəş açılmış, insanlar öldürülmüşdü. Komandirimizə ünvanladığım "Silahsız insanları niyə bizə güllələtdirdiniz? Əlimizi niyə qana buladınız?" sualına: "Deyəsən, könlündən tribunal keçir, suallarının cavabını orada alarsan", - deyən mayorun sözündən sonra susdum...
Rostova bir həftədən sonra qayıtdıq. Baş verən bu qanlı hadisə mənə xəyal kimi görünürdü. Tez-tez yuxumu qarışdırır, diksinib ayılırdım. Yuxuda görürdüm ki, güllələdiyim silahsız adamlar üstümə cumub məni boğmaq istəyirlər. Bir müddətdən sonra valideynlərim avtomobil qəzasında öldülər. Onların itkisindən yaman sarsıldım. Mən yalnız həmin günlərdə Bakıda öldürdüyüm insanların övladlarının, valideynlərinin nələr çəkdiyini hiss etdim. İnsan özü ağrını yaşamayınca, başqasının faciəsini dərk edə bilmir. Valideynlərim öləndən sonra özümü toparlamaqda çətinlik çəkirdim. Başıma gələnləri götür-qoy etdikcə düşünürdüm ki, yəqin, bütün bunlar günahsız adamları öldürdüyümə görə Tanrının mənə verdiyi cəzadır. Sarsıldığımdan uzun müddət evlənmək haqqında düşünmədim də...
Sözünə bir az ara verən Viktor yenidən danışmağa başladı:
- Böyük qardaşım Saşanın danlağından sonra evləndim. Başım ailə işlərinə qarışdığından bir az fikrim dağıldı, ürəyim açıldı, üzüm güldü. İştirakçısı olduğum bu qanlı hadisəni yavaş-yavaş unutdum. Amma sevincli günlərimin ömrü uzun olmadı. Oğlum Andrey dünyaya qüsurlu doğuldu. Nə qədər müalicə etdirsək də, vəziyyəti yaxşılığa doğru dəyişmədi. Nəhayət, həkimlər onun sağalmasının mümkünsüz olduğunu dedilər. İkinci övladım Nataşa doğulandan bir müddət sonra məlum oldu ki, qız da qüsurludur. Onun da çarəsiz dərdə düçar olduğunu biləndə yenə də düşünürdüm ki, bütün bunlar Bakıda dinc, günahsız adamları öldürdüyümə görə Tanrının mənə verdiyi cəzadır. Şükürlər olsun ki, üçüncü övladım Vladimir dünyaya normal gəldi. Hər dəfə uşaqlarımı bu vəziyyətdə görəndə dərindən ah çəkib deyirəm ki, kaş məni Bakıya göndərməyəydilər, kaş mən o günahsız adamları öldürməyəydim. Ömürləri boyu övladlarım mənim günahımın ağrı-acısını çəkəcək, kədər dolu bir həyat yaşayacaqlar. Bu hal həmişə ürəyimi yandırıb, qəlbimi göynədəcək. "20 Yanvar hadisəsindən sonra nəinki adam öldürmək, heç qarışqanı ayaqlamağa da ürəyim gəlmir. Sən azərbaycanlısan, o xalqın oğlusan. Elədiyim günahlara görə səndən üzr istəyirəm, xalqınızın böyüklüyü qarşısında baş əyirəm. Bax istəyirsən, vur məni, öldür. Bilmirəm hansı addımı atım ki, Tanrı mənə rəhm etsin, günahımdan keçsin..."
Viktorun qəhərdən səsi boğuldu. Cavid onun gözlərindən axan yaşı görüb tutuldu. Sonra söhbəti bu mövzudan yayındırmaq üçün dedi:
- Bəlkə, uşaqlarla məni tanış edəsən?
Viktor onu övladlarının yanına apardı. Cavid onlarla mehribancasına görüşüb üzlərindən öpdü, başlarına sığal çəkdi. Uşaqların ikisi uzanıqlı vəziyyətdə idi. Cavid onların kədərli üzlərinə baxanda gözləri yaşardı. Ay parçası kimi yaraşıqlı uşaqlar yerdə zəlil idilər.
Cavid geriyə çox məyus qayıtdı. Viktorun dediyi sözlər hər addımda qulaqlarında cingildəyirdi. Onun uşaqları ilə görüşdüyü səhnə gözləri önündən getmirdi. Bu anlarda düşünürdü ki, əgər Viktoru öldürsə, onsuz da şikəst olan uşaqlar ata sevgisindən də, ata nəvazişindən də məhrum olub yetim qalacaqlar. Baxmayaraq ki, keçmiş sovet əsgəri Viktor atasını öldürməklə onu belə xoşbəxtlikdən məhrum etmişdi, amma Cavid bu addımı ata bilməyəcəkdi...
Həmin axşam Cavid yenə də atasını yuxuda gördü. Atası ona astadan: "Bala, əlini qana batırma, Allah ona elədiyini eləyib. O, şam kimi öz içindən əriyir. Uşaqları yetim qoyma, eşidirsən, əgər ona toxunsan, bir daha ziyarətimə gəlmə", - dedi. Cavid atasının fikirli halda söylədiyi sözlərdən diksinib ayıldı. Bütün vücudu titrəyirdi. Qəfil oyandığından uzun müddət gözlərinə yuxu getmədi. Ürəyi sıxılır, başı ağrıyırdı. Ayağa qalxıb çay qoydu. Pürrəngi çay başının ağrısını azaltdı... Bir azdan işə gedəcəkdi.
Qapıdan çıxmaq istəyəndə telefonu zəng çaldı. Ekrana baxdı, anası idi. Qəmər xala həyəcanla dedi:
- Oğlum, necəsən, işlərin necə gedir? Axşam yuxuma girmişdin. Səni çox fikirli və qayğılı gördüm, xəstələnməmisən, bir çətinliyin yoxdur ki?
Cavid onun narahatçılığının üstünə xoş sözlərlə su çiləyərək dedi:
- Heç bir hadisə baş verməyib, ana. Xəstələnməmişəm, özümü lap yaxşı hiss edirəm. Yaxın həftələrdə işlərimiz yekunlaşır, inşallah, çox çəkməz, evimizə dönərəm.
Bunları deyəndən sonra Cavid yuxusunun, narahatçılığının anasına əyan olmasına çox məəttəl qaldı. Ana ürəyinin həssaslığı qarşısında baş əydi.
Yarım saatlıq yoldan sonra işə çatdı. Hamı kimi Tanrının cəzalandırdığı Viktora da əl verib görüşdü. İndi Cavid ona dünənki gözlə baxmırdı. Viktora qarşı təkcə baxışları deyil, fikri də dəyişmişdi. Elə bil çiyinlərindən neçə illərin ağır yükü götürülmüşdü...
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"