Qazaxda "1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə" adlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin "Dünya Vətəndən başlayır" adlı kitab təqdim olunmuşdur.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, "Füyuzat" jurnalının redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsal, təhsil və mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisad Kollecinin müəllim və tələbələri iştirak etmişlər.
Qeyd edilmişdir ki, 2024-cü ilin ən önəmli hadisələrindən biri də Qazaxın 4 kəndinin bir güllə atılmadan doğma sakinlərinə qaytarılması oldu. Bildirilmişdir ki, bu kəndlərin geri qaytarılmasına gedən yol Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı qazandığımız şanlı qələbələrdən keçdi. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün doğma Qarabağda - Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır.
Tədbirdə çıxış edən Rəcəb Babaşov bildirmişdir ki, azad olunmuş kəndlərlə bağlı Azərbaycan dövləti heç vaxt öz mövqeyindən bir addım da olsun çəkilmədi: "Bütün məsələləri inamla və ardıcıllıqla həyata keçirdi. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsi, sonra isə işğal altında qalan hissə antiterror əməliyyatı zamanı işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Qazax rayonunun dörd kəndinin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin növbəti qələbəsi oldu".
Sonra Səməd Seyidov çıxış edərək tədbirin əhəmiyyətini vurğulamışdır. "1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə" mövzusunda keçirilən tədbirin əhəmiyyətini diqqətə çatdıran millət vəkili qazandığımız tarixi qələbənin kökündə Müzəffər Ali Baş Komandanın düşünülmüş siyasətinin, qətiyyətinin dayandığını söyləmişdir.
Barat Vüsal isə tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırmış, "Dünya Vətəndən başlayır" adlı kitab haqqında fikirlərini bölüşərək sözügedən kitabın hər cəhətdən dəyərli olduğunu qeyd etmişdir. Sonra kitabin müəllifi İradə Qədirova çıxış edərək təqdimat mərasimində səmimi sözlər söyləyən iştirakçılara minnətdarlığını bildirmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan"