O, evdə nənə-babasını, məktəbdə isə müəlimləri və şagirdləri öldürüb
Tailandda məktəbdə baş verən atışmada azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb. Polis bildirib ki, 9-cu sinif şagirdi məktəbə hücumu başlamazdan əvvəl evdə nənə və babasını öldürüb.
Son məlumata görə, ölənlərin sayı 9-dur: 14 yaşlı qatilin özü, nənə və babası, 3 müəllim və 3 şagird. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Şagirdlər və məktəb işçiləri təxliyə ediliblər. Faciə yerli vaxtla təxminən saat 10:00 radələrində (Bakı vaxtı ilə təxminən saat 07:00) Banqkok şəhərinin şimalındakı Nonthaburi əyalətinin Banq Kruai rayonunda baş verib. Əyalətin polis rəisi Decrapi Konqdi BBC-yə bildirib ki, hadisəni tapançadan istifadə edib. 9 mm-lik tapança öldürdüyü babasına məxsus olub.
Yerli gündəlik "Khaosod" qəzeti və internet nəşri yazır ki, hadisəni törədən yeniyetmə digər şagirdlər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalırmış.
Tailandın Baş naziri Anuthin Chanvirakun məktəbdəki atışma qurbanlarının ailələrinə başsağlığı verib. "Bu, həqiqətən də dəhşətdir, bu, baş verməməli idi. Ölkəmizdə belə bir faciə necə baş verə bilərdi?" - deyə o bildirib və əlavə edib ki, hökumətin vətəndaşlara odlu silah saxlamağa icazə verməməsinin səbəbi məhz budur.
Hadisənin baş verdiyi Thepsirin məktəbi XIX əsrin sonlarından bəri fəaliyyət göstərən və ölkə daxilində filialları olan oğlanlar üçün nüfuzlu liseydir. Diplomatlar, idmançılar və hətta bir neçə baş nazir bu məktəblərdə təhsil alıblar.
Tailandda sərt silah qanunları mövcuddur və qanunsuz odlu silah saxlama 10 ilə qədər həbslə cəzalandırılır. Bununla belə, Tailand Cənub-Şərqi Asiyada mülki əhali də ən çox silahın olduğu ölkələrdən biridir.
Rizvan CƏFƏROV,
"Azərbaycan"