18 Mart 2022 01:26
2526
Mədəniyyət
A- A+
Şuşanın tarixi məkanları

Şuşanın tarixi məkanları

 

Qaya üzərində salınmış səltənətin hər qarışında bir tarix var

 

Şuşanın hər qayası, hər daşı özündə böyük bir tarix yaşadır. Ona görə də burada həmin tarixin izlərini günümüzə qədər gətirib çıxaran məşhur coğrafi məkan - yer adları var.

Qarabağın, xüsusən də Şuşanın tarixinin tədqiqatçısı, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev deyir ki, Şuşa qalası ərazisinin ən uca yeri Üçmıx zirvəsidir. Cıdır düzünün qərb tərəfində bir-birinin arxasında yerləşən pilləkənə oxşar üç hündürlükdən ibarət olduğuna görə həmin təpələrə “Üçmıx” adı verilib: “...Üçmıxın cənub tərəfində - Cıdır düzündə səfalı bir yerdə - sıldırım qayalar arasında təbii Ağzıyastı kaha yerləşir.  Qarşısında iyirmi-otuz kvadratmetrlik kiçik bir düzəngahlıq var. “Ağzıyastı” bəzən “Sulu kaha”  da adlandırılır. XIX əsrin yetmişinci illərində dövrünün tanınmış ziyalısı, şair və musiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği kahaya əl gəzdirərək istifadə üçün yararlı hala salmış, içərisindəki daşa öz adını yazdırmışdı. Təxminən qırx nəfər adam tutan kahada o,  yay aylarında ədəbi-bədii, musiqili məclislər keçirirmiş. Bura rəhbərlik etdiyi “Məclisi-fəramuşan” dərnəyinin üzvləri, xanəndələr, çalğıçılar, şəhərə gələn qonaqlar dəvət olunurmuş. Orada ədəbiyyata, rəssamlığa və musiqi sənətinə aid maraqlı söhbətlər aparılır, yeni şeirlər oxunub təhlil edilir, ustad sənətkarların yaradıcılığından söhbətlər açılırmış. Məclisin axırında isə xanəndələrin ifasında muğam və xalq mahnıları səslənirmiş...”

Qırxpilləkənə “Dəlikdaş” da deyilir. Şuşadan Daşaltıya olan məsafəni qısaltmaq məqsədilə düzəldilmiş bu tarixi yadigar şəhərin cənub-qərb hissəsində - Cıdır düzündəki iri dağ yarığında iki cərgə dik qayanın arasında yerləşir. Tədqiqatçı deyir ki, yol qırx saxsı daşdan hazırlanmış kobud təbii dolama pilləkəndən ibarətdir. Eni iki-üç metr, pillələrinin hündürlüyü bir metrə qədərdir. Sonralar naməlum daşyonan ustalar enib-çıxmağın rahat olması üçün pillələrə müəyyən qədər əl gəzdirmiş, onları hamarlayaraq qaydaya salmışlar. Qırxpilləkən Azərbaycan şair və yazıçılarının əsərlərində dəfələrlə tərənnüm olunubdur.

Xanlıq qoruğuna gəlincə, bura cıdır yarışları keçirmək üçün nəzərdə tutulmuş düzənlik bir sahə olub. Atçapma yarışları növbə ilə - bir dəfə Xanlıq qoruğunda, sonra isə Cıdır düzündə keçirilirmiş.

Şuşanın ən gözəl guşəsində yerləşən malikanələrdən biri Gövhər ağaya məxsus idi. İbrahimxəlil xan Cavanşirin qızı Gövhər ağa bu malikanə ilə şəhər arasında böyük daş körpü də çəkdirib. Həmin ərazi ona məxsus olduğuna görə “Gövhər ağalıq” adlanırdı: “Meydan” şəhərin mərkəzi hissəsində olub. Rastbazar küçəsinin qurtaracağındakı bu geniş sahə “Böyük meydan”, “Baş meydan” da adlandırılır. Solunda “Böyük məscid”, - “Yuxarı Gövhər ağa məscidi”, üst tərəfində Mirsiyabovun karvansarası yerləşir. Meydanın tən ortasında daşdan yonulmuş Meydan bulağı var idi. Keçmişdə buradan kişilər tuluqlarla su aparıb satır, qadınlar isə qablarını doldurub evlərinə daşıyarmışlar. Bu meydanda alan da vardı, satan da, təzə xəbərlərə müştaq olan da, söhbət-həkət müştəriləri də. Zarafatcıl, baməzə adamlar da üçbir-beşbir oturub söhbət edərdilər. Xanlıq dövründə burada hərbi oyunlar və parad keçirilir, çövkən yarışları təşkil edilirdi. Günün ikinci yarısı isə löhrəm atlarla gəzinti başlayırdı”.

Qarabağ hakimi İbrahimxəlil xan Cavanşir hər il bu meydanda bayram şənlikləri, xüsusilə Novruz bayramı keçirir, döyüşlərdə fərqlənən əsgərlərə və qoşun başçılarına xələt, at, silah və digər hədiyyələr bağışlayırdı. O, bir qayda olaraq, kasıb-kusuba əl tutarmış. Burada eyni zamanda, Aşura günü dini mərasimlər də keçirilirmiş.

“Bazar başı” meydanı “Qapandibi” bazarından uzanan, sıx-sıx və cərgə ilə tikilmiş dükanları olan küçənin qurtaracağında, Xan qızı Natəvanın evinə yaxın şəhər bağının qarşısındadır. Meydanın ətrafında müxtəlif dükanlar və karvansara olub. Şəhərin ən izdihamlı, qələbəlik yeri olan “Bazar başı” gecə yarısına qədər adamla dolu olarmış. Şuşaya gələn hər kəs ilk dəfə burada görüşər, yola düşən isə buradan keçib-gedərmiş. Bir çox ictimai binalar, o cümlədən rayon partiya komitəsinin binası və şəhər mədəniyyət evi  də “Bazar başı”nda yerləşib.

Şuşa şəhərinin ən məşhur məkanlarından biri də “Xannişin”, yəni “xan oturan yer” olub: Çuxur məhəllədə - Bəylik eşiyində Şahnişinlə üzbəüz. Xanlığın cəbbəxanası da burada yerləşib. İstər Pənahəli xan Cavanşir, istərsə də sonralar İbrahimxəlil xan Cavanşir hər hansı bir fövqəladə vəziyyətlə bağlı burada təcili müşavirə çağırıb, gələcək döyüşlər barədə məşvərət edib, əməliyyat planları cızıb, müdafiə tədbirləri hazırlayıb. Həmçinin ordunu və qoşunun tərkibini, sayını, taktiki gedişlərini  burada nəzərdən keçirib, əmrlər veriblər. Eyni zamanda, əyanları ilə birlikdə qonaq-qaranı da məhz elə “Xannişin” də qarşılayıblar.

Tarixdən o da məlumdur ki, Ağa Məhəmməd şah Qacar 1795-1797-ci illərdə Şuşanı mühasirədə saxlayarkən Topxanadan “Xannişin”i dəfələrlə top atəşinə tutmuş, təkcə qala divarlarına deyil, həmçinin xanlara və xanzadələrə məxsus saray və imarətləri dağıtmışdı.

“Qayabaşı” da Şuşada tarixi yer adıdır. Böyük Qurdlar məhəlləsində yerləşirdi. Qarabağ xanlarının sarayları, Pənahəli xanın cəbbəxanası da bu sal qaya üzərində olub.

“Bəylik eşiyi” Çuxur məhəllədə, Daşaltı çayının sol sahilindəki sıldırım qayaların üst tərəfində qaya başında idi. Qarabağ xanlarına məxsus sarayların və imarətlərin, demək olar ki, hamısı burada yerləşirdi. Həmin ərazidə yalnız xanlar və xanzadələr yaşayırdı.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!