Sudanda fəaliyyət göstərən tibb personalı bazar ertəsi bildirib ki, Xartumdakı BMT obyektinə hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələrinin (RSF) dron hücumu nəticəsində təşkilatın üç əməkdaşı yaralanıb. Sudan Həkimlər Birliyinin açıqlamasında bu hücum beynəlxalq hüquq çərçivəsində humanitar obyektlərin və işçilərin təhlükəsizliyinin təmin edilməsinin ciddi şəkildə pozulması kimi qınanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisinin (OCHA) açıqlamasına görə, dron hücumu nəticəsində əməkdaşların çalışdığı Xartumdakı BMT binası zərər görüb.
Bəyanatda qeyd olunub: “Birləşmiş Millətlər Təşkilatının binalarını hədəf almaq və onların işçilərinə xəsarət yetirmək humanitar əməliyyatları təhdid edən və müharibədən təsirlənən milyonlarla mülki şəxsin əzablarını yüngülləşdirmək səylərini sarsıdan təhlükəli eskalasiyadır”.
OCHA hücumun şərtləri ilə bağlı müstəqil və şəffaf araşdırma aparmağa, məsul şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsinə çağırıb. Təşkilat, həmçinin humanitar işçilərin, BMT obyektlərinin və yardım təşkilatlarının beynəlxalq humanitar hüquqa uyğun olaraq qorunmasını tələb edib.
Xartum əyalət hakimiyyəti Karari ərazisində mülki əraziləri hədəf alan dron hücumunda üç mülki şəxsin öldüyünü və 10 nəfərin, o cümlədən 5 uşağın yaralandığını bildirib.
Sudanda 2023-cü ilin aprel ayından bəri münaqişə davam edir. Tərəflər arasında getdikcə qızışan döyüşlər minlərlə insanın ölümünə, milyonlarla sakinin didərgin düşməsinə, habelə xəstəxanalar və tibb müəssisələri də daxil olmaqla mülki infrastrukturun dağılmasına səbəb olub.