02 May 2024 02:36
4127
Qanunlar
A- A+

"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 2 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin on üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on dördüncü - iyirminci abzaslar əlavə edilsin:
"qoşulma nöqtəsi - tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulma yeri;
fiziki qoşulma - sifarişçinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilmiş su və kanalizasiya xətlərinin su təchizatı və kanalizasiya müəssisələrinin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
qoşulma müqaviləsi - tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəd;
qoşulma xidmətinə görə ödəniş - bu Qanunun 24-1.3-cü və 38.3-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün layihələndirilməyə,tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə (istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu Qanunun 24-1.4-cü və 38.4-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri üçün isə sifarişçinin seçimi ilə su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ;
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə texnoloji qoşulması - texniki şərtlərə uyğun olaraq tikinti obyektindən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək yeni su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və inşası, əlavə tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı və (və ya) kanalizasiya qurğularının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulması, yeni su kəmərləri və qurğularının yuyulması, zərərsizləşdirilməsi və sifarişçi ilə su təchizatı və kanalizasiya müəssisələri arasında qoşulma aktının tərtib edilməsi ilə bağlı göstərilən xidmət;
texniki şərtlər - tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra - layihə sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;
məişət abonenti - yaşayış evlərində, mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs.".
2. 23-cü maddə üzrə:
2.1. 1-ci hissədə "onu" sözü "onun tikinti obyektini" sözləri ilə əvəz edilsin və həmin hissənin "b)" abzası ləğv edilsin;
2.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. Tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara icazənin alınması üçün təqdim edilir.";
2.3. 5-ci hissədə "İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi" sözləri "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası" sözləri ilə, "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
3. 24-cü maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"2. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda sifarişçilər su təchizatı sisteminə qoşulmaq üçün su təchizatı müəssisəsinə bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciət edirlər.".
4. Aşağıdakı məzmunda 24-1-ci maddə əlavə edilsin:
"Maddə 24-1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması
24-1.1.Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt verilir.
24-1.2. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
24-1.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçirilir.
24-1.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
24-1.5. Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.".
5. 25-ci maddə üzrə:
5.1. 1-ci hissənin birinci cümləsində "Su təchizatı sistemi olmayan ərazilərdə yerləşən obyektlərin" sözləri "Tikinti obyektlərinin" sözləri ilə əvəz edilsin və həmin hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.";
5.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.";
5.3. aşağıdakı məzmuna 3-cü və 4-cü hissələr əlavə edilsin:
"3. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir. 
4. Bu maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.".
6. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 38. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması
38.1. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla, sifarişçinin bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir.
38.2. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün sifarişçi kanalizasiya müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir. 
38.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata keçirilir.
38.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
38.5. Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.
38.6. Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.
38.7. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.
38.8. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir. 
38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.".
7. 60-cı maddə üzrə:
7.1. 1-ci hissənin "b)" abzası aşağıdakı redaksiyada verilsin:
"b) qoşulma xidmətinə görə ödəniş;";
7.2. "c)" abzası ləğv edilsin;
7.3. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"5. İstehlakçı bu Qanunla müəyyən edilmiş qaydada qoşulma xidmətinə görə ödənişi su təchizatı və kanalizasiya müəssisəsinə ödəyir.".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video