Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Hazırda iqlim dəyişiklikləri, ekoloji problemlər, dünya əhalisinin artması, sulardan səmərəsiz istifadə fonunda qlobal su qıtlığı problemi yaşanır. Mütəxəssislər uzun illərdir bununla bağlı həyəcan təbili çalırlar.
Beynəlxalq təşkilatların hesabatlarına görə, dünyada bir milyard insan su qıtlığından əziyyət çəkir. Proqnozlara görə, 2025-ci ildən sonra bu qlobal problem dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcək. Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə və su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.
Bütün dünyanı narahat edən bu problem ölkəmizdə də müşahidə olunur. Bunun təsirlərini son illər daha çox hiss edirik.
Qlobal istiləşmə su mənbələrini azaldır
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri Rza Mahmudov deyir ki, bu gün dünyada iki təbii problem varsa, onlardan biri iqlim dəyişmələri, digəri isə su ehtiyatları ilə bağlıdır: "Bu iki problem müəyyən qədər bir-biri ilə əlaqədar olsa da, su ehtiyatları iqlim dəyişmələrindən daha çox asılıdır. Tarixboyu Yer kürəsində iqlim dəyişimləri baş verib. Bu, heç də hər zaman insan faktorundan asılı olmayıb. Lakin son dövrlərdə planetdə gedən qlobal iqlim dəyişiklikləri təbii amillərlə yanaşı, antropogen amillərlə də bağlıdır".
R.Mahmudovun sözlərinə görə, iqlimdə baş verən dəyişikliklər bu və ya digər formada su obyektlərinə təsir göstərir: "Ölkəmizdə şirin su ehtiyatları, əsasən, çay və yeraltı sulardan ibarətdir. Təəssüf ki, regionumuzda orta illik yağıntının son illərdə azalması müşahidə olunur. Son 20 ilin müşahidəsi göstərir ki, orta çoxillik yağıntının miqdarı
30-35 millimetrə qədər azalıb. Temperaturun və buxarlanmanın artması şirin su mənbələrini azaldan səbəblərdəndir. Məsələn, Kürün orta çoxillik su sərfi 450-500 kubsaniyədirsə, hazırda çayda 50-60 faizə qədər su sərfi müşahidə olunur".
Hidroloq-alim bildirir ki, çoxsulu və azsulu illər olur: "Keçən il yağıntının miqdarı nisbətən yüksək olduğu üçün çay sularında vəziyyət yaxşılaşmışdı. Təbii ki, ayrı-ayrı quraq yerlərdə çayda su ehtiyatının azalması da baş vermişdi. Ölkəmizdə suvarma əkinçiliyi geniş inkişaf etdiyi üçün şirin su ehtiyatlarının azalması birbaşa buna da təsir edir. Buna görə də problemin qarşısının alınması istiqamətində kiçik su anbarlarının tikilməsi, su ehtiyatlarının səmərəli istifadəsi və digər qabaqlayıcı tədbirlər görülür".
Qarabağ ərazisindəki su ehtiyatlarından istifadə suya tələbatın ödənilməsinə müsbət təsir göstərəcək
İşğaldan azad olunmuş ərazilərimizdə olan su ehtiyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan R.Mahmudov deyir ki, Qarabağ ərazisinin su ehtiyatları ölkənin ümumi su ehtiyatlarının təxminən 5-7 faizini təşkil edir: "Son dövrdə bu ərazilərimizdə yeni, kompleks su-balans metodu ilə tədqiqatlar aparılır. Qarabağ ərazisindəki su ehtiyatlarının qiymətləndirilməsi və çaylarda aparılan müşahidə sıralarının bərpası məsələləri tədqiqatlarımızın əsas məğzini təşkil edir. Bununla bağlı şöbəmiz tərəfindən son üçillik tədqiqat işinin nəticələri universitetə təqdim olunub. Nəticə odur ki, 1990-cı ilə kimi Qarabağ ərazisində 2.13 kubkilometr olan su ehtiyatı hazırda 1.87 kubkilometrə qədər azalıb. Bu da təxminən su ehtiyatlarının 12-15 faizə qədər azalması deməkdir. Yəni iqlim dəyişmələrinin regional təsirləri Qarabağ ərazisinə də təsir göstərib. Buna baxmayaraq, bu regiondakı su ehtiyatlarından istifadə ölkəmizin suya olan tələbatının ödənilməsinə müsbət təsir edəcək".
Hidroloq-alim qeyd edir ki, şirin su ehtiyatlarının qorunması istiqamətində istər dövlət səviyyəsində, istərsə də ayrı-ayrı qurumlar, hətta ayrı-ayrı vətəndaşlar tərəfindən tədbirlər həyata keçirilir: "Əsas məqsəd su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərini qorumaq, eyni zamanda onun çirklənməsinin qarşısını almaq, bir sözlə, su ehtiyatlarının azalmasına səbəb olan göstəriciləri aradan qaldırmaqdır. Bununla birlikdə kiçik su anbarları tikilməli, habelə yeraltı, artezian sularından və alternativ su mənbələrindən istifadə olunmalıdır".
Ənənəvi suvarma əkinçiliyindən damcılı suvarma sisteminə keçməyin su itkisinin qarşısını alacağını vurğulayan R.Mahmudov təbii
itkiləri bura aid etmir: "Təbii ki, yağıntı yağdıqda mütləq buxarlanma, çay axımı formalaşırsa, onun bir hissəsi süzülməlidir. Çay sularından istifadə edərkən torpaq kanalları mütləq beton kanalları ilə əvəz edilməlidir. Bu da su itkisinin qarşısını ala bilər".
Texniki su ilə içməli suyu ayırmağın vacibliyini vurğulayan mütəxəssis bildirir ki, əksər sənaye mərkəzlərində, avtoyuma yerlərində içməli sudan istifadə edilir. Buna isə heç kimin haqqı yoxdur: "İnkişaf etmiş və etməkdə olan ölkələrdə bağ sahələrinin, yaşıllıqların suvarılmasında şirin sudan isitifadə olunmur. Bu ərazilərdə suyadavamlı bitkilər əkilir. Eyni zamanda şirin sulardan təmizlənmə yolu ilə yenidən də istifadə edilə bilər. Həmçinin Xəzərin suyunun duzsuzlaşdırılması da ölkəmizin şirin suya olan tələbatının ödənilməsi istiqamətində görülən tədbirlər sırasındadır. Su ehtiyatlarından istifadədə israfçılığın qarşısını almaq üçün çıxış yolunu birgə tapmalıyıq. Hər kəs gündəlik həyatında sudan istifadədə diqqətli davranmalı, üzərinə düşən vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"