Bu yazı bəlkə də müzakirələrə səbəb olacaq. Bəyənənlərdən çox narazı qalanlar fikir bildirəcəklər. Lakin illərin təcrübəsi deyir ki, sən söylə, razı qalan payını götürəcək, qalmayan isə gülüb keçəcək.
Vaxtilə analarımızın əksəriyyəti sadəcə orta məktəbi bitirmişdi. Amma demək olar ki, onların hamısı övladlarının təhsilinə ciddi fikir verərdi. Mütləq vaxt ayırıb onların yazmasına, oxumasına nəzarət edərdilər. Repetitorlara uşaq tapşırmaq anlayışı yox idi. Dərs əvvəlcə anaya, sonra müəllimə danışılardı. Bu yazılmamış qanun idi. Təsəvvür edirsiniz, o zaman külfətin paltarı əllə yuyulardı? Üçplitəli "maşınka"nın, odun sobasının üstündə yemək hazırlanardı. Tozsoran yox idi. Əlbəttə, ev işləri çox vaxt aparırdı. Ancaq analar övladlarına vaxt ayıra bilirdilər. Axşamlar ailə mütləq masa arxasında deyə-gülə şam edərdi.
Bu gün isə… Demək olar ki, ev işlərinin hamısı yüngülləşdirilib. Paltar yumaqdan tutmuş yemək hazırlamağa qədər. Qadınların ixtiyarına ən yeni texnologiya verilib. Amma hamı şikayətçidir. "Vaxt tapmıram, vaxtım yoxdur" sözləri dillər əzbəri olub. Bir-iki uşaqlı ailə modeli yaranıb. Yəni uşağın çoxluğu çətinlik yaradırmış və s. Üstəlik, vaxt qıtlığı ünsiyyəti aradan qaldırıb. Qonaq qarşılamaq, səmimi bir şəkildə süfrə arxasında oturmaq vərdişləri yerini restoranlara, kafelərə verib. Qonaq dəvət edəndə ona gələcəyi ictimai iaşə obyektinin adı deyilir. Aydındır ki, ictimai məkan evi, onun istiliyini əvəz edə bilməz. İnsanlar "nəzakət maskası" geyinib səmimiyyəti unudurlar. Kənardan baxan var axı!
Ən başlıcası və həyəcan təbilinə səbəb olan məqam isə analarımızın, nənələrimizin bişirdiyi löyün-löyün yeməkləri yeni qida növlərinin əvəzləməsidir. Daha çoxları evlərdə yemək bişirmir. Sifarişlə evə gələn pizza, lahmacun, tantunini və s. hərə əlinə alıb bir guşəyə çəkilərək telefonu ilə məşğul olur. Bu, yeni bir "kübarlıq" növü sayılır. Evdə yemək hazırlamaq dəbdən düşür. Özü də bunu gözəl bir ənənə kimi çəkib müxtəlif internet portallarında yerləşdirirlər. Yarış, nə yarış!
"Qonşudan dala qalma" prinsipi nədənsə xeyir əməllərə deyil, mənəviyyatımıza kölgə salan işlərə yönəlib.
Təhsil ailədən, valideyndən başlamalıdır. Necə?! Ona göstərilən diqqət və qayğı ilə. "Vaxtım yoxdur" sözü bu sahədə keçərli ola bilməz, olmamalıdır! Analar telefonları əllərindən yerə qoyub öz müqəddəs işləri, ailəsilə qayğılanmalıdır. Rəqabət çeşidli restoran, səyahət, geyim, bahalı kosmetika və estetik cərrahi müdaxilə olmamalıdır. Gələcəyimiz olan övladlarımızın təhsili, tərbiyəsi, sağlamlığı diqqət mərkəzində saxlanılmalıdır. Çünki bugünkü səhvlərimiz illər sonra geri dönüşü mümkün olmayan vəziyyətə çevrilə bilər. Ataların dediyi kimi, sonrakı peşmanlığın faydası olmur.
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist