Atmosferə atılan istixana qazlarını azaltmaqla bu hədəfə çatmaq mümkündür
Son illər dünyada iqlim dəyişmələri ilə mübarizə getdikcə kütləvi hal alır. Bu, bəşəriyyəti gözləyən qlobal ekoloji təhlükə ilə əlaqədar hər kəsin öz məsuliyyətini dərk etməsindən irəli gəlir.
Azərbaycanın COP29-a hazırlıq çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə və beynəlxalq tədbirlərdəki çağırışları ilə dünya dövlətlərini bu prosesə təşviqi də məsələyə diqqəti artırır. Bununla bağlı ən çox toxunulan mövzu, səslənən fikirlərdən biri də sıfır karbon emissiyasıdır ki, bütün müzakirələrdən qırmızı xətt kimi keçir. Bəs "sıfır karbon emissiyası" ifadəsi nəyi ehtiva edir və həmin göstəriciyə nail olmaq mümkündürmü?
Əvvəla bildirək ki, sıfır emissiya insan fəaliyyətindən qaynaqlanan istixana qazlarını və qlobal istiləşmə nəticəsində iqlim dəyişikliyinə səbəb olan amilləri azaltmaq məqsədilə müəyyənləşən bir hədəfdir. Amma bir həqiqət də var ki, atmosferdəki su (H2O), karbon dioksid (CO2), metan (CH4), ozon (O3) kimi istixana qazları planetimiz üçün son dərəcə vacibdir. İstixana qazları olmasaydı, dünyanın orta səth temperaturu -18 °C ətrafında cərəyan edərdi. İstixana qazları planetimizin təxminən 33 °C istiliyini qoruyub saxlayır. Atmosferdəki müxtəlif qazlar Yer üzündən kosmosa yayılan istiliyin bir qisminin yenidən geridönüşünün təminatçısıdır. İstixana effekti adlandırılan bu proses dünyada hərarətə səbəb olur. Bununla yanaşı, istixana qazları meşə yanğınları və vulkan püskürmələri kimi təbii proseslər nəticəsində atmosferə yayıla və okeanlar, meşələr və ya torpaq tərəfindən yenidən sovrula bilər. Beləliklə, havanın yuxarı təbəqələrindəki istixana qazı nisbətləri tarazlıqda qalır.
Lakin xüsusən sənaye inqilabından sonra insanqaynaqlı fəaliyyətlər nəticəsində atmosferə yayılan istixana qazlarının miqdarı sürətlə artmağa başlayıb. Bu da dünya səthinin lazımi səviyyədən daha çox qızmasına səbəb olaraq qlobal istiləşməyə və nəticə etibarilə iqlim dəyişikliklərinə gətirib çıxarır.
Sıfır karbon emissiyasına gəlikdə, o, dünyanın orta temperaturundakı artımın məhdudlaşdırılması üçün istixana qazı emissiyasının azaldılaraq sıfıra çatması üçün Paris sazişi ilə müəyyən edilib. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə Parisdə keçirilən İqlim Dəyişikliyi Konfransında (COP15) 200 ölkə bu sazişi qəbul edib. Paris sazişi sıfır emissiyasına çatmaq konsepsiyasını məşhurlaşdırsa da, CO2-nin miqdarı artmaqda davam edir. Maraqlı və həm də təəccüblüdür ki, 2020-ci ildən ümumi qlobal emissiyaların təxminən 50 faizi Çin, ABŞ, Hindistan, Rusiya, Yaponiya, İran və Avropa İttifaqının payına düşür.
Paris sazişi dünyanın orta temperaturundakı artımın, sənaye inqilabı öncəsindəki dövrlə müqayisədə 1,5 °C-də azaldılması məqsədi daşıyır. Temperatur artımını 1,5 °C ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyasını 2030-a qədər 50 faiz azaltmaq, 2050-yə qədər isə sıfır emissiya hədəfinə çatmaq lazımdır. Sıfır emissiya hədəfinə çatmaq üçün isə bərpaolunan enerji mənbələrinə keçid, elektrik nəqliyyat vasitələrinin genişləndirilməsi və ağacəkmə layihələrinin artırılması vacibdir. Bundan əlavə, qida israfının qarşısını almaqla istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Sıfır emissiya hədəfi qlobal istiləşmənin səbəb olduğu ekstremal iqlim hadisələrini azaltmaq və ətraf mühit çirkliliyini minimuma endirmək üçün vacibdir. Bu hədəfə çatmaq kənd təsərrüfatında məhsuldarlığı artırmağa kömək edər, dəniz ekosistemlərini qoruyar və hava çirkliliyini azaldar. Nəticədə insan sağlamlığına və təbiətə ciddi təhlükələr yaradan təsirlər minimuma enər.
2008-ci ildən etibarən hər il sentyabrın 21-də dünyanın fərqli ölkələrində "Planetə ildə bir gün tətil haqqı vermək" şüarı ilə dünya "Sıfır Emissiya Günü" qeyd edilir. Azərbaycanın da əsas məramı sıfır emissiya hədəfinə çatmaqdır. Bu, fərdlərin, vətəndaş cəmiyyətinin, özəl sektorun və dövlətin eyni məqsəd üçün birgə işləməsini tələb edir.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"