10 Oktyabr 2024 08:50
1822
Mədəniyyət
A- A+
Şərqlə Qərbi qovuşduran alim

Şərqlə Qərbi qovuşduran alim


İstənilən sahədə ilklərdən olmaq böyük mənəvi-tarixi dəyər daşıyır. Bu dəyəri yaradıb ardıcıllarına ötürənlər gələcəyə doğru cığır açanlardır. Yolun davamı onların uğurundan, yaratdıqları örnəklərdən, öz fəaliyyətləri ilə formalaşdırdıqları ilkin ənənələrdən çox asılıdır. Belələri gələcək nailiyyətlər üçün möhkəm təməllər inşa edirlər. Onun da taleyinə bütün qəlbi, ruhu ilə bağlı olduğu elmi fəaliyyət istiqamətinin ilklərindən olmaq qisməti yazılmışdı.

Uzun illər şərqşünaslıq sahəsində ciddi araşdırmalar aparan, özünəməxsus tədqiqatçılıq məharəti, bir də qələminin qüdrəti ilə məşhurluq qazanan filologiya elmləri doktoru, professor Aida İmanquliyeva görkəmli alim, müəllim, tərcüməçi, ictimai xadim kimi milli elm tarixinə sanballı möhürünü vurmuş şəxsiyyətlərdəndir. Sağlığında sahib olduğu yüksək vəzifələri, elmi titulları, ictimai həyatdakı fəallığı onu həmişə ucaltmış, ümdə insani keyfiyyətləri ilə vəhdət təşkil etmiş, böyük alimi çoxlarının sevimlisinə çevirmişdir. Gözəllik, dərin zəka, mehribanlıq, qayğıkeşlik, yüksək mənəvi dəyərlər - bütün bunlar Aida xanıma xas keyfiyyətlərin toplumunu təşkil etmişdir.


Azərbaycanın ilk qadın ərəbşünas alimi


Jurnalist ailəsində doğulub-böyümüşdü, dünyanı tanımağa başladığı anlardan ilk uşaqlıq dostları, həmsöhbətləri sırasında evlərindəki böyük kitabxanadakı ən qədim, gözəl nəşrlər də vardı. Atası milli mətbuat tariximizin görkəmli simalarından olan Nəsir Əsədulla oğlu İmanquliyev idi - sovet Azərbaycanının ən nüfuzlu mətbuat orqanlarından  "Bakı", "Baku" axşam qəzetlərinin yaradıcısı və 32 il baş redaktoru olmuş mətbuat patriarxıydı. 

Atasına, onun sənətinə sevgi və marağından irəli gələrək humanitar elmlərə həvəsi uşaqlıqdan böyük idi. Orta məktəbin son siniflərinə doğru, bəlkə, çoxları onun da jurnalistika sənətini seçəcəyini düşünürdü. Olsun ki, nə vaxtsa o özü də bunu qət etmişdi. Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirdiyindən həmin dövrün qaydalarına görə hər hansı ali məktəbin istənilən ixtisasının qapıları bu istedadlı gənc qızın üzünə açıq idi. Orta məktəbdən məzun olduğu dövrdə baş verən maraqlı bir yeniliksə həyat yolunda lazımi təshihlərini edərək əbədi seçimini müəyyənləşdirdi. 

Həmin vaxt Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində ərəb bölməsi yenicə açılmışdı. Aida xanım İmanquliyeva bu bölmənin ilk tələbələrindən, ilk məzunlarından oldu. Aradan bir neçə il də keçəcək, bu ilkinlik ömrün başqa məqamlarında da onun qismətinə yazılacaqdı. Aida xanım Azərbaycanda ərəb ədəbiyyatşünaslıq məktəbinin ilk yaradıcılarından olacaqdı. Eyni zamanda Azərbaycan tarixində ilk qadın ərəbşünas alim kimi tanınacaqdı.

Aida İmanquliyeva ADU-nun Şərqşünaslıq fakültəsində 1957-1962-ci illərdə təhsil almışdı. O zaman bu fakültənin məzunlarına müxtəlif Şərq ölkələrində tərcüməçi kimi çalışmaq daha cəlbedici görünürdü. Keçmiş SSRİ-nin yaxın münasibətlərdə olduğu ölkələrlə birgə həyata keçirilən layihələrdə çalışmaq üçün ərəb dilini mükəmməl bilən mütərcimlərə böyük ehtiyac vardı. Bu fakültə belə kadrların hazırlanması sahəsində ən peşəkar mərkəzlərdən sayılırdı. Ona görə fakültənin məzunlarını asanlıqla xarici ölkələrə çalışmağa göndərirdilər. Aida xanımsa elm sahəsini seçdi. Məzunu olduğu ADU-nun Şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına qəbul olundu. Yüksək elmi potensialını, perspektivlərini nəzərə alaraq onu Moskvaya - SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumağa, tədqiqatlar aparmağa göndərdilər. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görüldü. 

Aida xanım İmanquliyeva Bakıya qayıtdıqdan sonra onun elmi taleyi Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə bağlandı. 1966-cı ildə burada kiçik elmi işçi kimi fəaliyyətə başladı. İstedadı, zəhmətsevərliyi sayəsində bir neçə il ərzində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə yüksəldi. 1989-cu ildə isə Tbilisi şəhərində doktorluq dissertasiyasını uğurla müdafiə etdi və çox keçmədən professor adına layiq görüldü.


Şərqlə Qərbin vəhdəti


Professor Aida İmanquliyeva çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı milli kökə bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə doğru irəliləməsi kimi nəcib niyyətlər özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıtmışdır. Bununla da Aida xanım ərəb və Azərbaycan ədəbiyyatları arasında sağlam körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışmışdır.

O, uzunmüddətli elmi axtarışlarının nəticəsi olan üç fundamental monoqrafiyanı ərsəyə gətirmişdi. Bunlar "Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri" adlı monoqrafiyalardır. Bundan başqa, Aida xanım bir çox elmi tədqiqatlarının nəticələrini də Azərbaycanda və müxtəlif xarici ölkələrdə çapdan çıxmış 70-dən çox məqaləsində təqdim etmişdi. 

Görkəmli alim öz sahəsinin ölkə hüdudlarından kənarda da tanınan təmsilçisi kimi Şərq filologiyası sahəsində yazılmış əksər elmi əsərlərin redaktoru idi. Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasına sədrlik edirdi. Keçmiş SSRİ-də fəaliyyət göstərən Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətində, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasında təmsil olunurdu. Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Hamburqda, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda dəfələrlə maraqlı məruzələri ilə şərqşünaslıq elmimizi layiqincə təmsil etmiş, xarici ölkələrdə onun tədqiqatlarından faydalanmışdılar. 

Elmi araşdırmaları ilə yanaşı, Aida xanım pedaqoji fəaliyyət də göstərirdi. ADU-nun Şərqşünaslıq fakültəsinin müəllimi kimi həmin təhsil mərkəzində ərəbşünas kadrların hazırlanması ilə məşğul olurdu. Vaxtilə bu böyük alim-pedaqoqun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri Aida xanımı indi də çox böyük ehtiramla xatırlayırlar. 

Aida xanım İmanquliyevanın araşdırmaları, əsasən, Əmin Ər Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığı ilə bağlıdır. Ərəb ədəbiyyatının yeni mərhələyə gəlib çatmasında onların hər birinin çox böyük xidmətləri var. Aida xanım bu yaradıcı şəxsiyyətlərlə bağlı nəinki Azərbaycanda, ümumən keçmiş ittifaq məkanında geniş tədqiqatlar aparan ilk alimlərdən idi. Onun əsərlərində bu şəxsiyyətlərin yaradıcılığı işığında ümumən Qərb və Şərq mədəni əlaqələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş şəkildə tədqiq edilmişdi. Bu baxımdan, Aida xanımın elmi tədqiqatları, nəşr olunmuş kitabları, müxtəlif elmi mənbələrdə işıq üzü görmüş məqalələri çox böyük dəyər daşıyır. Həmin əsərləri ilə görkəmli alim təkcə şərqşünaslıq elminə deyil, həmçinin Şərq və Qərb arasında elmi-mədəni əlaqələrin qurulmasına, ortaq mənəvi dəyərlərin aşkar edilməsinə əhəmiyyətli töhfələr vermişdir. 


O, məhcər ədəbiyyatının görkəmli tədqiqatçısı idi


Aida xanım ərəb məhcər ədəbiyyatı ilə məşğul olurdu. Tədqiqatlarında məhcər ədəbiyyatının əsas xüsusiyyətlərini, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətlərini, Qərb və rus ədəbiyyatı ilə əlaqələrini, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yenilikləri üzə çıxarırdı. Məhcər ədəbiyyatının müasir ərəb ədəbiyyatı üçün açdığı imkanların və digər aktual məsələlərin elmi təsvirini verirdi. 

Alimin 1975-ci ildə Moskvada nəşr olunmuş ilk monoqrafiyası da Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, "Qələmlər Birliyi"nin yaranması yeni ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Mazi... kimi görkəmli ədibləri öz sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv bir mərhələ təşkil etmiş, xeyli dərəcədə onun sonrakı inkişafını müəyyənləşdirmişdir.   

Aida xanım İmanquliyeva Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda Poltavada təhsil almış Mixail Nüaymənin bədii yaradıcılığında L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi məqalələrində isə V.Belinskinin təsiri müşahidə olunur. Görkəmli ərəbşünas alim romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.X.Cübran, Əmin ər-Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən isə Şərq və Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq bəşəriyyətin məhz bu vəhdətə doğru inkişaf əzmini təsbit etmişdir. Öz tədqiqatlarında poetik ruhla fəlsəfi düşüncənin, romantizmlə realizmin ittifaqından çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin müqayisəli təhlilini aparmışdır. Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri barədə mülahizə və fikirləri bu gün də görkəmli şərqşünaslar tərəfindən bəyənilir və qəbul edilir. Şərqşünaslıq sahəsində dövrünün dünyaşöhrətli alimləri Ziya Bünyadovun, İosif Bradinskinin, Anna Dolininanın, Valeriya Kripçenkonun, Rüstəm Əliyevin Aida xanımın elmi fəaliyyətinə verdikləri yüksək qiymət onun elmin nə qədər uca zirvəsində qərar tutduğunu göstərir. 

Görkəmli elm xadimlərinin fikirlərində xüsusi qeyd olunur ki, ərəb məhcər ədəbiyyatının təmsilçilərinin həyat və yaradıcılığına həsr olunan tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını bu gün də qoruyub saxlayır. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı araşdırıcısı kimi bu gün də həmin elmi istiqamətin tədqiqatçılarının əsas istinad mənbəyidir.

O, həm də gözəl tərcüməçi idi. Ərəb ədəbiyyatından bəzi nümunələri - Mixail Nüaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.

Elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezinin təşkil etməsi, Şərqin neçə-neçə yazarının əsərlərini dilimizə müvəffəqiyyətlə tərcümə etməsi, bir ictimai xadim, elm təşkilatçısı kimi onun geniş dünyagörüşünü, fəaliyyətinin çoxşaxəliliyini, ən mühümü isə məşğul olduğu işə tükənməz sevgisini əks etdirir. 

Aida xanımın alimliyini onun bənzərsiz mənəvi keyfiyyətləri, insanlara və dünyaya, həyata sonsuz sevgisi tamamlayırdı. Həm zahiri, həm daxili gözəlliklər, mehriban tərz, həssaslıq, yüksək mənəvi dəyərlər onun simasında cəmləşmişdi. O, bu keyfiyyətləri böyüdüyü ailə ocağından - atası Nəsir müəllimdən, anası Gövhər xanımdan əxz etmişdi.  O, universitet auditoriyasında dərs keçdiyi tələbələrə, elmi rəhbər kimi yetişdirdiyi gənc alimlərə biliklər ötürməklə, ərəbşünaslıq elminin incəliklərini öyrətməklə yanaşı, həm də bu ali dəyərləri aşılayırdı. Azərbaycanda keçmiş ittifaq məkanında öz sahəsinin ən parlaq təmsilçilərindən biri kimi tanınan Aida xanım şəxsiyyət olaraq da onu tanıyan kəslər üçün əsl insanlıq mücəssiməsi idi. Onu ideal qadın obrazında görürdülər. Onu tanıyan insanların düşüncələrinə görə, həm alimliyin, həm insanlığın, həm də qadın adının zirvəsində qərar tutan hər bir xanım məhz Aida xanım İmanquliyeva kimi olmalı idi.  

 

Sevgi dolu incə, səxavətli qəlb

    

Aida xanım böyük alim, hər dərsi maraqla dinlənilən unudulmaz müəllim, bacarıqlı elm təşkilatçısı olmaqla yanaşı, eyni zamanda Azərbaycan üçün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz xanım Paşayevanı dünyaya gətirərək böyütmüş fədakar ana idi. Azərbaycanın böyük ziyalılarından biri, ölkəmizdə ilk Milli Aviasiya Akademiyasının yaradıcısı, akademik Arif Paşayevin vəfalı ömür-gün yoldaşı idi. Aida xanım İmanquliyevanın malik olduğu ali keyfiyyətlər, təlqin etdiyi ali dəyərlər bu gün Mehriban xanım Əliyevanın Azərbaycan və ümumilikdə bəşəriyyət üçün gördüyü nəcib işlərdə, işıqlı əməllərdə öz ifadəsini tapır. "Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi" - Mehriban xanım onu yetirmiş ananı belə xatırlayır - "O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam dünyaşöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi".

Aida xanım kimi insanlar haqqında düşündükcə bir daha əmin olursan ki, həyatda yaxşılıqlar, ülvi arzular heç zaman itmir, qəlbində, əməllərində bu yaxşılıqları böyüdənlərin, o arzuları yaşadanların davamçılarına ötürülür və zaman-zaman onların xoş niyyətləri gerçəkliyə çevrilir. Əfsuslar olsun ki, həyat Aida xanıma uzun yaşamağa macal vermədi. Alim üçün də, müəllim üçün də, insan üçün də ömrün ən gözəl çağlarından sayılan yaşda - cəmi 53 yaşında bizi tərk etdi. Amma Aida xanımın arzuları, dəyərləri bu gün Azərbaycana töhfə verən hər kəsin, o cümlədən bir Ana kimi onun yetirdiyi övladların əməllərində yaşayır və bu, görkəmli alimin, Azərbaycan qadınının da xatirəsini yaşadır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!