30 Sentyabr 2023 09:40
654
İQTİSADİYYAT
A- A+

Şərqi Zəngəzur Böyük qayıdışa hazırlaşır

 

Prezidentin regiona növbəti səfəri bu möhtəşəm dönüşü daha da yaxınlaşdırdı

 

Qarabağın və Şərqi Zəngəzurun yaşayış məntəqələrinin bərpası və yenidən qurulması getdikcə daha geniş vüsət alır. Prezident İlham Əliyev bu bölgələrə hər səfərində yeni yaşayış evlərinin, infrastruktur obyektlərinin açılışını edir, növbəti tikililərin təməlini qoyur. Dövlət başçısı bu il sentyabın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı da ənənəsinə sadiq qaldı.
Prezidentin sentyabrın 20-də xalqa müraciətində dediyi kimi: "Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu bizim əlimizdədir". 
Bəli, Azərbaycan öz əzəli-əbədi doğma torpaqlarında - Qarabağda və Şərqi Zəngəzurda heç kimin köməyi olmadan, öz gücü-qüvvəsi ilə, öz əlləri ilə, Prezidentimizin dediyi kimi, cənnət yaradır. Bu yerlərdə işğaldan əvvəlkindən də gözəl, abad kəndlərimiz, şəhərlərimiz olacaq! Cəmi üç il ərzində həyata keçirilən işləri dostumuz da, düşmənimiz də görür. Bütün dünya görür! 
Sentyabrın 28-də Prezidentin Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın da möhtəşəm olacağı əvvəlcədən bəllidir. Bu bina baş plana əsasən, işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə ediləcək.
Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq. Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.
İşğaldan azad edilmiş ərazilərimizdə bütün inzibati və yaşayış binaları müasir üslubda, rahat iş və məişət şəraitinin şərtləri nəzərə alınmaqla tikilir. Prezident İlham Əliyevin Cəbrayıl Yaşayış Kompleksində tikinti işləri ilə tanış olduğu binalarda da sakinlər üçün hər cür şərait yaradılacaq. Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
İşğaldan qurtulmuş digər bölgələrimiz kimi Cəbrayıl və Zəngilan da getdikcə daha çox nura boyanır. Prezidentin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlayan "Azərişıq" ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub. Mərkəz 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasından qidalanır. Qeyd edək ki, 35/0,4 kilovoltluq "Cəbrayıl şəhər" yarımstansiyası qovşaq yarımstansiyası kimi 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.
İşğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçən ilin payızından "AzərEnerji" ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə su-elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə də başlanmışdı. Artıq "Sarıqışlaq", "Şayıflı" və "Zəngilan" SES-lərdə işlər yekunlaşmaqdadır, "Cahangirbəyli" SES-də isə işlər tamamlanıb. Bu stansiyaların hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavatdır. Xatırladaq ki, dövlətimizin başçısı cari ilin mayında tikintiyə baxış keçirmişdi. Bu silsilə işğaldan azad olunmuş ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək istər ölkəmizdə, istərsə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.
Zəngilan rayonunda dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub. Bu, Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşən bir kənddir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Təbii ki, kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Daha bir vacib şərt odur ki, əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.
Açılışı olan Zəngilan Konqres Mərkəzi Kompleksi isə burada müasir standartlara uyğun şəraitdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verir.
Prezidentin təməlini qoyduğu daha bir yaşayış məntəqəsi Zəngilan rayonunun Zəngilan kəndi oldu.
Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazisi 111,3 hektardır. Burada da sakinlərin rahatlığı və məşğulluğu üçün hər cür şərait yaradılacaq.
Dövlətimizin başçısı bu səfəri zamanı Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlini qoyub, Heydər Əliyev Fondu tərəfindən inşa edilən məsciddə görülən işlərlə tanış olub. Deməli, tezliklə bu yerlərdən də Azan səsi, körpə gülüşləri, toy-nişan sədaları gələcək.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video