22 Avqust 2024 08:25
91
CƏMİYYƏT
A- A+

Sərbəst, demokratik və şəffaf

 

Lənkəranın seçki məntəqələrində bunun üçün bütün şərait yaradılıb

 

Hər ötən gün bizi sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə yaxınlaşdırır. Lənkəranda da bu mühüm siyasi kampaniyaya ciddi hazırlaşırlar. Buna şahid olmaq üçün şəhərdəki bir neçə məntəqəyə baş çəkdik.
77 saylı Lənkəran şəhər seçki dairəsinin 2 saylı seçki məntəqəsi Asif Məhərrəmov adına şəhər 7 nömrəli tam orta məktəbin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də səsvermə gününə hazırlıq işləri başa çatmaq üzrədir. Məntəqə seçki komissiyasının sədri Allahverən Babayevin sözlərinə görə, dəqiqləşdirilmiş son siyahıya əsasən, məntəqədə 28 nəfər ilk dəfə səs verəcək. Ümumiyyətlə, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçici siyahıları hazırdır, istənilən seçici gəlib adının siyahıda olub-olmaması ilə maraqlana bilər: "Adları seçici siyahısında olmayan şəxslər isə səsvermə günü şəxsiyyət vəsiqəsini təqdim etməklə səs vermək hüququ qazanacaqlar. Məntəqəmiz lazım olan bütün texniki avadanlıqlarla, təbliğat-təşviqat materialları ilə də təchiz olunub. Əvvəlki seçkilərdə olduğu kimi, şəffaflığın təmin edilməsi üçün gözlə görünməyən mürəkkəbdən istifadə olunacaq. Tam əminliklə deyə bilərəm ki, növbədənkənar parlament seçkilərinin şəffaf, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi təmin olunacaq", - deyə A.Babayev bildirdi. 
76 saylı Lənkəran-Masallı seçki dairəsinin Xarxatan  kənd tam orta məktəbinin binasında yerləşən 29 saylı seçki məntəqəsi də seçkilərə hazırlığın son mərhələsindədir. Məntəqə seçki komissiyasının sədri Faiq Babayev: 
- Məntəqəmiz səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub. Seçici siyahıları, təbliğat və təşviqat xarakterli plakatlar seçki məntəqəsinin girişində, təyin olunmuş yerlərdə asılıb. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizədin öz seçiciləri ilə görüşməsi üçün bərabər şərait yaradılıb. Söz düşmüşkən bildirim ki, deputat mandatı uğrunda mübarizə çox gərgin olacaq. Əslində bu, həm də ölkəmizdə seçkilərin  demokratik, şəffaf, azad və ədalətli keçirilməsinə yaradılan şəraitin  göstəricisidir.  
78 saylı Lənkəran kənd seçki dairəsi Girdəni kəndində yerləşir. Dairə üzrə 53 seçki məntəqəsi fəaliyyət göstərir. Dairə Seçki Komissiyasının sədri Əlövsət Rufiyevin məlumatına görə, avqustun 13-dən 16-na qədər məntəqə seçki komissiyalarının üzvləri üçün Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirici treninqlər keçirilib. "DSK-ya müraciət edən 14 nəfərdən 7-nin namizədliyi qeydə alınıb. Onlar xüsusi ayrılmış yerlərdə maneəsiz olaraq seçiciləri ilə görüşlər keçirmək imkanı qazanıblar", - deyə Ə.Rufiyev bildirdi. 
Ə.Rufiyevdən onu da öyrəndik ki, dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki avadanlıqlarla təchiz olunub. Seçici siyahıları hamının tanış ola biləcəyi yerlərdən asılıb. Seçki məntəqələrində seçkilərə hazırlıq işləri qanunvericiliyin tələblərinə uyğun aparılır. Məntəqələr işıq, qaz, rabitə, internet və tibbi xidmətlə təmin edilib.
Baş çəkdiyimiz digər seçki məntəqələrində də səsvermə gününə hazırlıq işlərinin seçki qanunvericiliyinin tələblərinə uyğun aparıldığının şahidi olduq. Gördüklərimiz onu deməyə əsas verir ki, sentyabrın 1-də Lənkəranda seçicilərin öz iradələrini sərbəst, demokratik və şəffaf şəkildə bildirmələri üçün hər cür şərait yaradılıb.
    
Seyran CAVADOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video