Özünəməxsus yaradıcılıq üslubu ilə Azərbaycan kino sənətində iz qoymuş aktyor Həsənağa Salayev 1921-ci ildə Bakıda qulluqçu ailəsində dünyaya gəlib. Yeddi yaşında 6-cı Şura məktəbində təhsil almağa başlayıb. 1937-ci ildə həmin məktəbin doqquzuncu sinfini yüksək qiymətlərlə başa vurub. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul ediləndə hələ tələbə idi. Təhsilini başa vurduğu günlərdə, 1941-ci ildə müharibəyə yollanıb. Ona çox doğma olan teatra bir də 1946-cı ildə dönüb.
Gənc, istedadlı və yaraşıqlı aktyora həm teatrın repertuarında olan, həm də yeni tamaşalarda maraqlı rollar tapşırılıb. Çox keçməyib ki, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi tanınıb. Həsənağa Salayev müxtəlif illərdə "Xanlar"da Mamulya, "Fərhad və Şirin"də Fərhad, "Vaqif"də Eldar, Qacar və Vaqif, "Qatır Məmməd"də Əziz, "Şərqin səhəri"ində Mustafa, "Otello"da Montano, "Antoni və Kleopatra"da Sezar, "Qış nağılı"ında Florizel və Leont, "Türkiyədə"də Hüseyn Həlim, "Həyat"da Abbas, "Cavanşir"də Qartal və Söhrab, "Alov"da Əmin Bəxtiyarov, "Sevilya ulduzu"nda Tavera, "Sənsiz"də Fərhad, "Qaçaq Nəbi"də Vəli, "Solğun çiçəklər"də Bəhram, "Od gəlini"ndə Qorxmaz, "Almaz"da İbad, "Oqtay Eloğlu"da Oqtay, "Daş qartal"da Maksim, "Hind gözəli"ndə Çarudatta, "Hacı Qara"da Heydər bəy, "Şeytanın şagirdi"ndə Riçard Daycen, "İkinci səs"də Rəşad, "Şöhrət və ya unudulan adam"da Doktor, "Orlean qızı" Dünua, "Səyavuş"da Keykavus rollarını uğurla ifa edib.
Aktyorluq məharətinə kinorejissorlar da laqeyd qalmayıblar. Onu çəkdikləri filmlərə dəvət ediblər. Kino sənətində ilk addımlarını 1947-ci ildə rejissor Yefim Dziqanın ekranlaşdırdığı, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Fətəli xan" filmində yaralı əsgər rolu ilə atıb. Sonralar "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Həsənağa Salayev həm də Azərbaycanda dublyajın formalaşmasında böyük əməyi olan sənətkarlardan biri idi. O, filmlərdə, radio tamaşalarında səsləndirdiyi hər bir obrazın daxili aləmini tamaşaçıya çatdıra bilirdi.
Aktyorluq sənətində uğurlarına görə, o, 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
"Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında məharətlə əks etdirən aktyor" adlandırılan Həsənağa Salayev öz sevimli sənətini hər zaman uca tuturdu. Tamaşaçıların diqqətini bircə sözü, ya da hərəkəti ilə cəlb edə bilirdi, diqqət mərkəzində olmağı bacarırdı. Aktyor ona həvalə olunan hər bir rola çox ciddi yanaşırdı.
Unudulmaz rolların ustası olan aktyoru peşəkarlığının zirvəsində ikən - 1975-ci ildə keçirdiyi infarkt tədricən səhnədən uzaqlaşdırdı. 1976-cı ildə, əlli dörd yaşında iflic xəstəliyinə düçar oldu. Yataq xəstəsi olan sənətkara baş çəkməyə gələnlərin sayı getdikcə azaldı. Aktyor bir zamanlar səhnədə əzəmətli görünüşü, məğrur səsi ilə ifa etdiyi "Unudulan adam" tamaşasındakı qəhrəmana çevrildi. O, 1981-ci il oktyabrın 2-də dünyasını dəyişdi. Amma adı sevənlərinin qəlbində əbədi yer tutdu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"