22 Avqust 2024 18:58
120
İQTİSADİYYAT
A- A+

Şamaxıda “4-cü sənaye inqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” adlı tədbir keçirilib

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda “29 iqlim söhbəti: COP29-a gedən yol” tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iqlim böhranına qarşı mübarizədə texnologiyanın transformativ potensialını araşdırmaq üçün müxtəlif maraqlı tərəfləri bir araya gətirib.

Tədbirdə BMT Azərbaycanın Rezident-Əlaqələndiricisinin Ofisi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyi (UNFCCC), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Əhali Fondu (UNFPA), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), BMT-nin İnkişaf Proqramı (UNDP), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı iştirakçıları salamlayaraq tədbir üçün Şamaxı rayonunun seçilməsinə görə təşəkkür edib. O, rayonda 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində qurum tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər və layihələr barədə məlumat verib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının Katibliyinin İqlim dəyişikliyi üzrə idarəçisi (UNFCCC) Niklas Svenningsen açılış nitqində texnologiyanın COP29 və ondan sonrakı məqsədlərə nail olunmasında həlledici rolunu vurğulayıb.

“İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bizə lazım olan əlverişli texnologiyalar artıq mövcuddur, lakin onları tətbiq etmək üçün siyasi iradəyə ehtiyacımız var. COP29 bu iradənin gücləndirilməsinə töhfə verəcək”, - deyə N.Svenningsen qeyd edib.

Sonra “Dördüncü Sənaye İnqilabı texnologiyalarının iqlim dəyişikliyinə qarşı mübarizədə rolu”, “Əhalinin ehtiyaclarına cavab verən demoqrafik tədqiqat texnologiyaları” və “Dayanıqlı səhiyyə sistemləri və texnologiyanın sağlamlıqda rolu” mövzularında təqdimatlar edilib.

Tədbirin sonunda “Dayanıqlı inkişaf üçün texnologiyaların inteqrasiyası” mövzusunda panel sessiyası təşkil olunub. Paneldə 4-cü Sənaye İnqilabı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu ilə bağlı spikerlər öz fikirlərini bölüşüblər. Tədbirin keçirilməsində əsas məqsəd dövlət məmurları, BMT əməkdaşları, texnologiya mütəxəssisləri, ətraf mühit sahəsində işləyən elm adamları və digər əsas maraqlı tərəflər arasında işgüzar əlaqələri genişləndirmək olub. Bu baxımdan, müzakirələr texnoloji həllərin milli və regional iqlim fəaliyyət planlarına inteqrasiyası üçün əməli strategiyaların araşdırılmasına yönəlib və nəticədə COP29-un daha geniş hədəflərinə töhfə verib.

“29 iqlim söhbəti: COP29-a gedən yol” tədbirlər silsiləsi Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, Azərbaycanda iqlim fəaliyyəti ilə bağlı genişmiqyaslı dialoqu təşviq etmək üçün BMT-nin həyata keçirdiyi bir təşəbbüsdür. Bu tədbirlər müxtəlif sektorlar arasında innovasiyanı, əməkdaşlığı və qlobal iqlim böhranına qarşı mübarizədə birgə məsuliyyəti və fəaliyyəti təşviq etməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video