“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Salyanda görülən işlərlə yerində tanışlıq olub.
RİH başçısı Rüstəm Xəlilov, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev rayonun iri fermer - “Şirvan Poultry Kompany”, "İlkin-N" və "SN KFT"-MMC-lərin təsərrüfatlarına baş çəkərək onların fəaliyyəti, istehsal prosesləri, tətbiq edilən texnologiyalar, mövcud infrastruktur və inkişaf perspektivləri ilə maraqlanıblar. Baxış zamanı istehsalın artırılması, emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və mövcud resurslardan səmərəli istifadə istiqamətində görülən işlər nəzərdən keçirilib, müəssisələrin fəaliyyəti ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Baxışdan sonra rayon icra hakimiyyətinin inzibati binasında dövlət proqramının icrası ilə bağlı yaradılmış qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib. Çıxış edən RİH-in başçısı Rüstəm Xəlilov ölkəmizdə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Salyanın kənd təsərrüfatı sahəsində zəngin potensialı mövcuddur və bu imkanlardan məqsədyönlü istifadə olunması rayonun iqtisadi inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yerli istehsalın genişləndirilməsinə mühüm töhfə verə bilər. O, aqrar sahədə innovativ yanaşmaların tətbiqinin, müasir texnologiyalardan istifadənin genişləndirilməsinin, fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının, habelə istehsal və emal proseslərinin müasir tələblərə uyğun təşkilinin vacibliyini diqqətə çatdırıb.
Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov isə çıxışında dövlət proqramının məqsəd və əsas istiqamətləri barədə məlumat verib. O, aqrar sahədə müasir texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsinin, kənd təsərrüfatı məhsullarının istehsal həcminin və məhsuldarlığının artırılmasının, su və torpaq ehtiyatlarından səmərəli istifadənin, fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, həmçinin istehsal və emal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsinin proqramın icrasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüş çərçivəsində dövlət proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr, rayonun aqrar sektorunda mövcud vəziyyət, inkişaf imkanları, fermer və sahibkarların qarşılaşdıqları çətinliklər, eləcə də kənd təsərrüfatı sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında geniş müzakirələr aparılıb. Fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib, səsləndirilən problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahatlar verilib, məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.
Görüşün sonunda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini, aqrar sahədə həyata keçirilən təşviq və inkişaf tədbirlərini yüksək qiymətləndirərək yaradılmış imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və dövlət proqramında müəyyən edilmiş məqsəd və hədəflərin reallaşdırılması istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.
Seyran CAVADOV,
“Azərbaycan”