21 Avqust 2024 12:01
197
İQTİSADİYYAT
A- A+

Rusiyalı ekspert: “Şimal-Cənub” dəhlizi Azərbaycan və Rusiyanın əsas magistral layihəsidir -  MÜSAHİBƏ

 

Bakı bir sıra fundamental səbəblərə görə bir çox ölkələr üçün həmişə böyük əhəmiyyət kəsb edib. Azərbaycan əsas enerji oyunçusudur, bundan başqa, coğrafi mövqeyinə görə ölkəmiz nəqliyyat və logistika baxımından, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mühüm tərəfdaşdır.

Azərbaycana rəsmi səfərə gələn Rusiya Prezidenti Vladimir Putinin avqustun 19-da Prezident İlham Əliyevlə danışıqları baş tutub. Görüşdə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, aktual beynəlxalq və regional problemlər müzakirə olunub. Bu səfər böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycan və Rusiya liderləri tərəfindən aparılan danışıqlar iki ölkə arasında əməkdaşlıq və Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri həll etmək imkanı verir. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daha da möhkəmlənməsinə mühüm töhfə sayıla bilər.

Jurnalist T.Məmmədova AZƏRTAC üçün mövzu ilə bağlı rusiyalı iqtisadi ekspert, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (İMEMO RAS) Mərkəzi Asiya sektorunun rəhbəri, tarix elmləri namizədi Stanislav Pritçinlə müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

- Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- İstənilən sammit görüşü, xüsusən də dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı üçün həmişə müəyyən təkan olur, çünki müzakirə olunacaq müxtəlif layihələr razılaşdırılır. Bu, ölkələrimiz arasında bağlanmış müqavilələrə, ilk növbədə, 2022-ci ilin fevralında imzalanmış Strateji Əməkdaşlıq haqqında Sazişə sadiq olduğumuzu göstərən ikitərəfli münasibətlərimizin növbəti mərhələsidir. Və bu aspektdə əlaqələrimiz fəal şəkildə inkişaf edir. Səfərin ən yüksək statusu bu gün inkişafının pik nöqtəsində olan Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini aydın şəkildə əks etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin üçdə ikisi Rusiyanın payına düşür. Ölkələr arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord səviyyəyə – 4,5 milyard dollara çatıb və bu rəqəmin bu il yenilənməsi gözlənilir. Bu ilin yanvar-may aylarının yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 73 faizi keçib, ötən il isə onların payı 57,8 faizə çatıb.

- Bütün Cənubi Qafqaz regionunun sabitliyi və təhlükəsizliyi daha çox Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Ölkələrimiz bu regionun təhlükəsizliyinə necə kömək edə bilər?

- Buradakı mənzərə əslində kifayət qədər genişdir. Rusiya və Azərbaycan beştərəfli dialoqumuz çərçivəsində, o cümlədən Cənubi Qafqazda təhlükəsizlik sisteminin necə olması ilə bağlı Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə mümkün qədər yaxın baxışa və ümumi yanaşmalara malikdir. Təbii ki, bu, ilk növbədə açıq sərhədlər və nəqliyyat, ticarət vasitəsilə iqtisadi əlaqələrin inkişafıdır. Bu da İkinci Qarabağ müharibəsindən sonra verdiyimiz üçtərəfli bəyanatda öz əksini tapıb. Daha geniş kontekstdə danışsaq, həm Rusiya, həm də Azərbaycan Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Türkiyənin daxil olduğu “3+3” formatını maksimum dəstəkləyir. Təəssüf ki, hələlik bu format yalnız layihə olaraq qalır, çünki həmişə regional əməkdaşlıqda maraqlı olmayan oyunçular var.

Bundan əlavə, Ermənistan-Azərbaycan ziddiyyətlərinin həllinə Rusiya və Azərbaycanın yaxın və oxşar yanaşmalarının olduğunun şahidi oluruq. Burada təəssüf ki, ABŞ və Fransanın timsalında regiondankənar oyunçular meydana çıxır ki, onlar üçün rəsmi Bakı ilə İrəvan arasında ziddiyyətlərin davam etməsi regionda təsir imkanları yaradır və bu, təbii ki, dağıdıcı amildir. Buna qarşı Rusiya və Azərbaycan birgə işləməyə hazırdır.

- Azərbaycan və Rusiya Prezidentləri Xəzər dənizində ekoloji vəziyyəti müzakirə ediblər. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün tərəflər həm ikitərəfli, həm də beştərəfli formatda hansı yolları müəyyən edə bilər?

- Rusiya və Azərbaycanın ekoloji problemlərin həllinə həmişə oxşar baxışları olub. Bundan əlavə, biz Xəzər dənizinin beynəlxalq statusu haqqında Konvensiya çərçivəsində Bioloji Müxtəlifliyin Mühafizəsi haqqında Protokolu imzaladıq. Xəzər dənizi Xəzər regionunun ümumi ekoloji obyektidir və onun hissələrindən birində böhran hər bir dövlətin şəxsi planlarına və onun inkişaf perspektivlərinə təsir edəcək. Neft əməliyyatlarına və Xəzər dənizindəki ümumi vəziyyətə səmərəli ekoloji nəzarət yalnız Xəzəryanı dövlətlərin birgə nəzarəti ilə mümkündür. Belə nəzarət Xəzəryanı dövlətlər tərəfindən yaradılmış və müvafiq səlahiyyətlərə, xüsusən də birgə ekoloji proqramların işlənib hazırlanması və həyata keçirilməsi hüququna malik dövlətlərarası ekoloji qurum vasitəsilə həyata keçirilə bilər.

- Rusiya şirkətləri Azərbaycan bazarında özlərini kifayət qədər rahat hiss edirlər. Bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə danışıqlar zamanı deyib. Azərbaycan iqtisadiyyatının hansı sahələri rusiyalı investorları cəlb edir?

- Bakıda fəaliyyət göstərən Rusiya şirkətləri və Rusiyada fəaliyyət göstərən Azərbaycan şirkətləri aqroekspressdir, yəni qarşılıqlı əlaqəyə və Azərbaycan mallarının Rusiya bazarına çatdırılmasına imkan verəcək ən etibarlı və sürətli infrastrukturdur. Rusiya Azərbaycanın qeyri-neft ixracının əsas və ən böyük alıcısıdır. Bundan əlavə, Azərbaycan-Rusiya investisiya əməkdaşlığı çox uğurla inkişaf edir: Azərbaycanda Rusiya kapitallı 1,3 minə yaxın şirkət qeydiyyatdan keçib və Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının ümumi həcmi 8,7 milyard dolları ötüb. Rusiya investorları Azərbaycan iqtisadiyyatının bank sektoru, neft-kimya, yük maşınlarının istehsalı, şərabçılıq, qida sənayesi kimi sahələrini fəal şəkildə araşdırırlar. Eyni zamanda, azərbaycanlı investorlar arasında Rusiya iqtisadiyyatının müxtəlif sahələrində, ilk növbədə, xidmət sektorunda, turizmdə, kənd təsərrüfatı məhsullarının emalı və digər sahələrində fəaliyyətə maraq var. Səfər zamanı Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Rusiya şirkətlərinin Azərbaycan bazarına daxil olması və Azərbaycan biznesinin Rusiyaya cəlb edilməsinə investisiya dəstəyi haqqında saziş bağlanıb. Saziş bu mühüm sahədə əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi baza yaradır.

- Rusiya və Azərbaycan Xəzər şelfində birgə həyata keçirmək üçün potensial olaraq yeni layihəni nəzərdən keçirir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. Layihə haqqında nə deyə bilərsiniz?

- Bu, Azərbaycanın və Rusiya şirkətlərinin, ilk növbədə, “Lukoyl”un şelfdə işləmək təcrübəsini nəzərə alaraq kifayət qədər perspektivli istiqamətdir. Hesab edirəm ki, bu istiqamət xüsusilə Azərbaycanda karbonsuz enerjinin inkişafı kontekstində əməkdaşlıq üçün çox vacib sahədir. Yəni, layihə azad edilmiş ərazilərdə kiçik atom elektrik stansiyalarının inkişafı kontekstində həyata keçirilə bilər.

- “Şimal-Cənub” layihəsi rəsmi Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər üçün müstəsna əhəmiyyət kəsb edir. Bu marşrut üzrə potensialın artırılması üçün hər iki ölkə hansı tədbirləri görməlidir? Layihənin üstünlüyü nədir?

- Azərbaycan və Rusiyanın regionda kommunikasiyaların inkişafında maraqlı olmasından danışarkən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusunu nəzərdən qaçırmaq olmaz. Bu dəhliz sayəsində Hindistan və Çin öz yüklərini Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya daşıya biləcəklər. Layihənin əsas üstünlüyü yükdaşıma vaxtının yarıdan çox azaldılmasıdır. Dünyada mövcud vəziyyət fonunda əsas mərkəzi Azərbaycan olan nəqliyyat marşrutlarının əhəmiyyətini qiymətləndirmək çətindir. Azərbaycan bu istiqamətdə bir sıra mühüm addımlar ataraq “Şimal-Cənub” marşrutunun təşviqində mühüm rol oynayır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb. “Şimal-Cənub” dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün razılaşmaları yerinə yetiriblər və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmaq və ondan istifadə etmək imkanıdır.

- Hər iki lider “Bakı Ağ Şəhər”də də oldular. Bildiyiniz kimi, əvvəlcə bu ərazi “Qara şəhər” adlanıb. Bakıda belə bir infrastrukturun yaranmasını necə qiymətləndirirsiniz?

- Bakıda şəhər infrastrukturunun inkişafına gəlincə, burada təbii ki, ciddi irəliləyiş var. Postsovet məkanının paytaxtları arasında Bakı ən dinamik inkişaf edən, ekoloji yönümlü, klaster inkişafı ilə seçilən şəhərlərdən biridir. Və keçmiş “Qara şəhər” bu gün bütün parklar sistemini təmsil edir. Məhz buna görə də Prezident Putin Azərbaycan paytaxtında baş verən dəyişikliklərin sürətindən heyran olub. Həqiqətən də Cənubi Qafqazda Bakı turistlər baxımından, şəhərsalma siyasəti baxımından incidir. Prezident İlham Əliyev rusiyalı həmkarını paytaxtın şərq hissəsinin bərpasına və inkişafına yönəlmiş “Bakı Ağ Şəhər” layihəsi ilə tanış edib. Bir neçə il əvvəl Azərbaycan rəhbərliyi məhz bu yerdə Ağ şəhər yaşayış kompleksinin tikintisinə başlamaqla “Qara şəhər”i “Ağ şəhər”ə çevirməyi qarşısına məqsəd qoymuşdu. Nəticədə biz ölkə rəhbərliyinin “qara”nı “ağ”a çevirə bildiyinin şahidi olduq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video