22 Avqust 2024 08:20
114
SİYASƏT
A- A+

Azərbaycan-Rusiya müttəfiqliyi daha da möhkəmlənir

 

"Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə təkan olacaq. Dövlət başçılarının verdiyi mesajlardan da aydın oldu ki, səfərin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir". 
Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat qeyd edib ki, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, Bakıda qəbul edilən sənədlər münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasət sayəsində qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə nail olub. Rusiya da dünyanın və regionun ən böyük ölkələrindən biri, eyni zamanda BMT TŞ-nin 5 daimi üzvündən biri kimi dünya nizamında öz yerini qoruyub saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqlu və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında inkişaf etməkdədir. Azərbaycanla Rusiya arasında yaxın dostluq münasibətləri, dövlətlərarası dialoq yüksək səviyyədədir. Təsadüfi deyil ki, 2023-cü ildə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollara yüksəlib. 2024-cü ildə daha yüksək nəticə gözlənilir. Dövlət başçıları iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdilər. Bir daha bəyan olundu ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Ən iri investor kimi Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiya qoyulub. 
"Tərəflər həmçinin böyük əhəmiyyətə malik olan "Şimal-Cənub" layihəsinin reallaşdırılması üzrə birgə planlarını da bəyan etdilər. Belə ki, bu layihə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutdan qarşılıqlı fayda, maraq kontekstində istifadə etməyə imkan verəcək. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması əsas hədəflərdən biridir. Moskva və Bakı ilə yanaşı, bu dəhlizin digər iştirakçıları da birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər", - deyə o əlavə edib.
Dövlət başçılarının həmçinin regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdiyini xatırladan K.Nurullayeva vurğulayıb ki, ötən ilin sentyabrında  Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarından sonra regionda tamamilə yeni reallıqlar formalaşıb. Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülh üçün yeni imkanlar yaranıb və bölgə dövlətləri bu fürsəti əldən vermək istəmirlər. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Kreml isə hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir. Bu baxımdan Rusiya Prezidenti ölkəsinin gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcəyini bəyan etdi. 
Deputatın fikrincə, Moskva, eyni zamanda Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, trans-sərhəd marşrutların açılmasına, humanitar təmasların yaradılmasına da kömək etməyə hazırdır: "Bakıda aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan müstəqil siyasət yürüdərək, öz milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirir. Rəsmi Bakı həm Qərb, həm də Rusiya, eyni zamanda İran və digər ölkələrlə yaxşı əlaqələr qurmağı bacarıb. Bir sözlə, Prezident İlham Əliyevin beynəlxalq arenada  yürütdüyü siyasət, məharətli diplomatiya həm də Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan qarşısında duran tarixi vəzifələrin həllinə nail olub, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ən vacib məsələ isə bundan ibarətdir ki, mövcud mürəkkəb geosiyasi şərait fonunda Azərbaycan Qərblə Rusiya arasında münaqişə meydanına çevrilməyib".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video