11 Iyun 2024 10:05
732
Mədəniyyət
A- A+

Rənglər aləminin həbibi

 

Çoxəsrlik Azərbaycan rəngkarlığının fundamental ənənələrindən, fırça ustalarımızın möhtəşəm əsərlərindən ruhlanan, bu istiqamətdə ilk kövrək qədəmlərini atan gənclərimizdən biri də Mədinə Həbibdir. 
O, ömrünün yeniyetməlik dövrünü - 16-cı ilini yaşamasına baxmayaraq, artıq sənətindən doğan seyrçi məhəbbəti qazanıb. 
Hələ 6 yaşından boyaya, rəsmə böyük həvəs göstərən Mədinə müxtəlif kitab və jurnallarda, televiziya ekranlarında, canlı təbiətdə görüb ilhamlandığı təsvirləri canlandırmağa başlayır. Bu kiçik qızın istedadını və rəssamlığa olan sevgisini görən valideynləri onu incəsənət sahəsinə yönləndirməyi qərara alırlar. Təbii ki, baxışları formalaşdırmaq, istedadı cilalamaq üçün hər işin  peşəkarı ilə məsləhətləşmək, ustaddan dərs almaq lazımdır. Anası Səbinə xanım Mədinəni vaxt itirmədən Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Esmiralda"- Uşaq və Yeniyetmə Rəsm Studiyasının rəhbəri, dizayn ixtisaslı rəssam və pedaqoq Esmiralda Tağızadənin yanına gətirir. Həmin tarixdən etibarən bu yaradıcılıq studiyasında o, incəsənətin sirlərinə yiyələnir. Müxtəlif materiallar üzərində bir-birindən fərqli texnikalarda rəsmlər çəkir. Kətan üzərində yağlı boya, akril, kağız üzərində sulu boya, quaş, rəngli karandaş, pastel, tuş, qara qələmlə  müxtəlif mövzulu əsərlər ərsəyə gətirir, bir-birindən rəngarəng əsərləri ilə öz dəst-xətini formalaşdırır. Rəssamlığın həm qrafika, həm də rəngkarlıq sahələrinə meyil göstərən gənc istedad 2016-cı ildən etibarən intensiv olaraq respublika və beynəlxalq rəsm müsabiqələrində iştirak etməyə başlayır.            
Xalq rəssamı Arif Hüseynov Mədinə Həbib haqqında nikbin fikirdədir:  "Bir dəfə Xətai Sənət Mərkəzində keçirilən rəsm müsabiqəsinə dəvət almışdım. "Esmiralda Art Studio"nun tələbələrindən ibarət sənət yarışması və sərgi idi. Komissiya üzvü olduğum tədbirdə Mədinə Həbibin rəsm əsərlərini görüb, necə deyərlər, bir rəssam kimi onu kəşf etdim. Bu sahəyə həvəsini daha da artırmaq, gələcəkdə uğurlar əldə etməsi üçün müəyyən dəstək göstərməyə qərar verdim. Mədinəni gənc sənətşünas Ziyarət Cabarova-Qəhrəmanova ilə tanış etdim. Onu birlikdə imza atdığımız "Gənc İstedadlar" layihəsində görməyi qərara aldıq. İstedadı ilə yaşıdlarından seçilən, hələ uşaqlıq yaşlarından bir-birindən rəngarəng, müxtəlif texnikalarda əsərlər çəkməyə başlayan Mədinənin əsərlərindən ibarət sərgi də təşkil olundu. Müxtəlif geyim eskizləri, mənzərələr, obrazlar canlandıran Mədinə Həbibin əsərləri hər kəs tərəfindən böyük maraqla qarşılandı. Hazırda respublikamızda və ölkə xaricində vətənimizi öz rəsmləri ilə təmsil edən gənc rəssamın uğurlarının davamlı olacağına inanırıq".
Həbib Mədinə Rüfət qızı 25 dekabr 2008-ci il tarixində Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Yeddinci sinfə qədər Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə təhsil alıb. Sonra - 2020-ci ildə Telman Abbasov adına 225 saylı tam orta məktəbdə təhsilini davam etdirib. Davamlı olaraq sərgi və yaradıcılıq festivallarında çıxış edərək müxtəlif diplom və sertifikatlara layiq görülüb. "Misir-Azərbaycan uşaqların gözü ilə", "Naxışın sirləri", "Həmrəylik" (2018), "Azərbaycan-Odlar Yurdu", 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş (2019), "Rəngli xəyallar", "Doğma diyar Azərbaycan" (2020), "Xonçalı Novruz" (2022), "Zəfər-44", "Rəngli dünya" (2023) adlı müxtəlif mövzulu sərgi və müsabiqələr bu qəbildəndir. O, "Saf rənglər" IV və V beynəlxalq rəssamlıq festivalları (2016-2018), Nyu Yorkun Bruklin şəhərində keçirilən festivala uğurla qatılmış, "Təhlükəsiz dünya gələcəyi, nəqliyyat vasitələri" nominasiyası üzrə 1-ci yerə, 2020-ci ildə keçirilən "Zərərli vərdişlərə yox de, sağlam həyat tərzi seç!" rəsm müsabiqəsində 2-ci yerə, 2022-ci ildə "Gold time" beynəlxalq rəsm festivalında qrafika nominasiyası üzrə dünya üzrə 2-ci yerə layiq görülüb. Mədinə Həbib 2020-ci ildə İnsan Resursları Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Öyrətdiyinlə seçil" rəsm müsabiqəsinin qalibi olub.
İstedad və bacarıqları saymaqla bitməyən, çoxşaxəli yaradıcılıq yoluna uğurla qədəm qoyan Mədinə Həbib rəssamlıqdan əlavə, idmanla da məşğul olur. O, Azərbaycan Respublikası "Vin Çun" döyüş sənəti federasiyasının üzvüdür. Federasiyada Əməkdar məşqçi Asif Sayadovun rəhbərliyi altında peşəkar dərslər alır. Dəfələrlə respublika üzrə çempionatlarda iştirak edərək yüksək yerlər tutub.

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video