Qusar kəndlisi xoş niyyətlərlə baharı gözləyir
Yanvar ayıdır. Ölkənin aran bölgələrində uşaq-böyük qar gözləsə də, qusarlıların bu sarıdan intizarı yoxdur. Rayonun ərazisinin böyük hissəsi çoxdan ağ örpək altındadır.
Qar bir sıra yerlərdə, xüsusən yüksək dağlıq ərazilərdə gediş-gəliş üçün müəyyən çətinlik yaratsa da, kənd adamları bundan rahatsız deyillər. Əksinə, sevinirlər. Çünki çörəyi torpaqdan çıxan Qusar kəndlisi uzun illərin təcrübəsindən yaxşı bilir ki, qar bar-bərəkətdir.
Bütün rayonlar kimi, Qusarın da iqtisadiyyatında kənd təsərrüfatı önəmli rol oynayır. Bu səbəbdən rayonda həyata keçirilən iqtisadi yeniliklər çərçivəsində aqrar sahəyə xüsusi diqqət ayrılır. Yeri gəlmişkən qeyd edək ki, payızlıq taxıl səpini başa çatıb. Bu ilin məhsulu üçün 19710 hektara payızlıq taxıl səpilib ki, onun da 10650 hektarı buğda, 9060 hektarı arpa sahələridir. Havaların qarlı-yağışlı keçməsi isə əkilmiş bitkilərin təbii becərilməsini təmin edən cəhət, gələcək bol məhsulun müjdəçisidir. Ağsaqqallardan, təcrübəli əkinçilərdən çox eşitmişik ki, yağış suyu ilə suvarılan torpaq daha bərəkətli olur. Bu həm də təsərrüfatçının məsrəfini azaldır.
Arpa-buğda əkinindən söz düşmüşkən, rayonda taxılçılığa meyil xeyli artıb. Bunu ona görə vurğulayırıq ki, son illər rayonda bağçılığın sürətli inkişafı, intensiv bağların salınması taxılçılığa marağı bir qədər azaltmışdı. Rayon ərazisində kütləvi şəkildə salınan intensiv və superintensiv bağlardan alınan gəlir fermerləri bu sahəyə daha çox cəlb etmişdi. Məsələn, 2016-cı ildə rayonda 28030 hektar payızlıq əkin sahəsi mövcud idisə, 2024-cü ilin məhsulu üçün cəmi 23121 hektara taxıl toxumu səpilmişdir. Lakin indi artıq taxılçılığın inkişafı da önə çəkilib.
Ümumiyyətlə, Qusarın məhsuldar dağ torpağı, dərdlərə dərman saf suyu, təmiz havası burada bir çox kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün əlverişli şərait yaradır. Başqa sözlə, bol və keyfiyyətli məhsul götürmək üçün əsas şərtlərin hamısı Qusarda var. Odur ki, rayonda nə əkilirsə, məhsuldarlığı yüksək olur. Nəticədə rayonun iqtisadi inkişafında kənd təsərrüfatının payı daha da artır. Bu isə həm də qusarlıların yerli bazarı daha çox ərzaq məhsulları ilə təmin etmələri, ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyinə daha çox töhfə vermələri deməkdir. Dövlətin hərtərəfli dəstəyi ilə rayonda aqrar sahə ildən-ilə inkişaf edir. Qusarlılar isə bu inkişafın davamlı olması üçün səylərini əsirgəmirlər.
Qışın ömrü qısa olar, deyiblər. İndi Qusarda hər yan bəmbəyaz qar altında olsa da, kəndlilərin sahəyə çıxıb yeni ilin, yeni mövsümün məhsulunu becərməyə başlayacağı günə də çox qalmayıb. Hər halda kəndli belə düşünür. Odur ki, xoş arzu-niyyətlə baharı gözləyir.
Akif ƏLİYEV,
"Azərbaycan"